Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Ы” əməliyyatı və Azad Rəhimovun başqa macəraları…

“Ы” əməliyyatı və Azad Rəhimovun başqa macəraları…

Azərbaycanın “Qarabağ” futbol klubu bu gün Bakıda Çempionlar Liqası turniri çərçivəsində növbəti oyununa çıxır. Lakin “Qarabağ”ın rəqibi bu gün təkcə Şotlandiyanın məşhur “Seltik” klubu yox, həm də… futbol meydançası olacaq. Özü də doğma meydanı…

Bəs nə baş verir, daha doğrusu, verib?

Baş verən hadisənin mahiyyəti isə heyrət doğurur. Belə ki, bu məsul oyuna cəmi üç gün qalmış matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün meydanın ortasında Susuzluqdan yanıb sıradan çıxdığını aşkar ediblər. Özü də qəfildən. Və bundan sonra meydanın ot örtüyünü tələsik dəyişməyə başlayıblar.

Səbəb nədir? Qızmar istilərmi? Bəli, prinsipcə mümkündür. Amma bu da var ki, digər stadionlarda (məsələn, bu yaxınlarda daha bir məsul oyunun keçirildiyi “Bekcell Arena”da) qazon normal vəziyyətdədir.

Bundan sonra Respublika stadionuna traktor gətirib köhnə ot örtüyünü qazıb çıxarmağa, onu yenisi ilə əvəzləməyə başlayırlar. Belə görünə bilər ki, bu “Ы” əməliyyatı ilk baxışda o qədər də pis qurtarmayıb. Bu gün yayılan şəkillərə əsasən orada oynamaq olar (hərçənd həmin fotolardan da görünür ki, bəzi yerlərdə qazon o qədər də yaxşı deyil). İndiki bərk istiləri nəzərə alanda nəticə daha pis də ola bilərdi. Belə istilər yaşıllaşdırma tədbirlərinə hər halda mane olur.

Yaxşı, bəs əslində nə baş verir? Stadionun direktoru, habelə stadionun tabe olduğu Gənclər və İdman Nazirliyi əvvəllər hara baxırdılar, bu problemi niyə görmürdülər?

Həmin bu direktor sensasion bəyanatla çıxış edərək bildirdi ki, hər şey o qədər də sadə deyil. Burada nə möhkəm istilərin, nə də stadiona məsul şəxslərin günahı yox imiş. Sən demə, bütün bu baş verənlərin arxasında hansısa gizli pərdəarxası intriqalar dayanırmış. Az qala tam bir detetktiv!

Arif Rəhimov

Məsələ bunda imiş ki, stadionun ot örtüyünə görə məsuliyyəti “Football & Sports Management” (FSM) adlı şotland şirkəti daşıyırmış. Bu şirkət də gənclər və idman naziri Azad Rəhimovun Londonda yaşayan oğlu Arif Rəhimovla bağlı imiş. Nazir oğlu bu şirkətlə şəxsən özü müqavilə bağlayıbmış!

Əlbəttə, Respublika stadionunun ot örtüyünün vəziyyətini Londondan baxmaqla dəqiqliyi ilə görə bilməzsən. Problem də bundadır. Yaxşı, bəs onda Arif Rəhimovun nazir atası hara baxırmış? Stadionun direktoru Akif İsmayılov hara baxırmış?

Bu sualların fonunda jurnalist cameəsinin sensasiya sayılacaq versiyası səsləndi: “Bəlkə hər şey qəsdən belə edilib?!”

Bu versiyanı səsləndirənlərin arqumentləri də var. Axı şotland şirkəti stadionun ot örtüyünü “Qarabağ”ın şotland klubu ilə oyunundan cəmisi bir neçə gün əvvəl dəyişməyə başlayıb. Bu, doğrudanmı təsadüfdür?!

Doğrudur, “Qarabağ”ın baş məşqçisi deyib ki, nədirsə – odur, qane olmalıdırlar. “Seltik”in baş məşqçisi də bildirib ki, onun komandası da bərabər şərtlər daxilində, yəni eyni meydançada oynayacaq.

Amma bu bəyanatlar hadisə ətrafındakı intriqanı öldürmür. Əksinə, onu hətta gücləndirən məqamlar da var. Məsələ burasındadır ki, “Qarabağ” Şotlandiyada keçirilən birinci oyunda “Seltik”ə inanılmaz dərəcədə ciddi, hətta fədakarcasına müqavimət göstərdi. Qapısından yalnız bir qol buraxdı. İndi isə “Qarabağ”ın öz meydanında qələbə qazanmaq perspektiv və şansları var. Lakin burada bir incə məqam da var. “Qarabağ” ilk oyunu uduzduğu üçün bugünkü qarşılaşmada hücum futbolu oynamalı, yalnız irəli getməlidir. Futboldan baş çıxaranlar da yaxşı bilir ki, keyfiyyətsiz ot örtüyü olan meydançada hücum futbolu oynamaq daha çətindir, nəinki müdafiə olunmaq.

Bu mənada komandamıza çox çətindir.

Bizə – həm virtualaz.org saytına, həm də bütövlükdə azərbaycanlı azarkeşlərə isə yalnız o qalır ki, doğma komandamıza qələbə arzulayaq. Həm dünyaca məşhur Britaniya futbol klubu, həm də öz futbol meydançamız üzərində qələbə… Başqa çıxış yolumuz qalmayıb.

Virtualaz.org

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın