Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Ərdoğanın Gürcüstan səfəri: Prezident Tiflisi Qarabağla bağlı nəyə razı salacaq?

Ərdoğanın Gürcüstan səfəri: Prezident Tiflisi Qarabağla bağlı nəyə razı salacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstana səfəri planlaşdırılır.
Bu barədə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan açıqlama verib. O qeyd edib ki, səfərin tarixi Gürcüstan tərəfi ilə razılaşdırılır. Səfərin gündəliyi hələ açıqlanmasa da, son dövrlər Türkiyənin Cənubi Qafqazda geosiyasi fəallığının artması fonunda Prezident Ərdoğanın Gürcüstana səfəri diqqəti cəlb edir. Bu xüsusilə də Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi dövründən etibarən regionda yaranmış yeni reallığın əsasını təşkil edir. Ona görə də Ərdoğanın səfəri zamanı Cənubi Qafqazla bağlı mühüm strateji məsələlərin müzakirə olunacağı gözlənilir.
Politoloq Natiq Mirinin Cebhe.info-ya açıqlamasına görə, R.T.Ərdoğanın Gürcüstana səfəri zamanı həm Qara dəniz, həm də Cənubi Qafqaz bölgəsi ilə bağlı bir sıra vacib proseslər müzakirə olunacaq. Danışıqlarda İkinci Qarabağ Müharibəsindən sonra yaranmış bir sıra strateji əhəmiyyətli məsələlər, o cümlədən Zəngəzur dəhlizinin açılması müzakirə olunacaq.
“Gürcüstan regionun strateji əhəmiyyət kəsb edən ölkələrindən biri və Avropanın Cənub Qafqaza giriş qapısıdır. Gürcüstan həm də Qara dəniz hövzəsinin sahil ölkəsidir. Bu baxımdan, hesab edirəm ki, Gürcüstan Qara dənizin digər sahilyanı ölkəsi olan Türkiyə üçün vacib əhəmiyyətə malikdir. Qara dənizdə hegemonluq uğrunda pərdəarxası ciddi mübarizə gedir. Bu rəqabət NATO ölkələri ilə Rusiya arasında baş verir. Qara dənizin ən güclü donanmasına malik olan Türkiyə də bu hegemonluğu Rusiyaya güzəştə getmək istəmir. Qeyd edilən səbəbdən Türkiyə üçün Gürcüstanın əhəmiyyəti artır. Eyni zamanda, Türkiyə Cənubi Qafqazda da öz mövcudluğunu gücləndirməklə məşğuldur. Son zamanlar Gürcüstan hakimiyyətində parçalanma və siyasi böhran müşahidə olunur. Ona görə də Gürcüstanın xarici siyasətində qeyri-müəyyənliklər özünü göstərir. Gürcüstanın Ermənistana tərəf meyillənməsi hiss olunur. Avropa Şurası Parlament Assambleyasının sessiyasında Ermənistanın qaldırdığı “hərbi əsirlər” məsələsinin səsverməyə çıxarılması zamanı Gürcüstandan olan deputatlar ermənilərin xeyrinə səs verdilər. Onlar da “Gürcü Arzusu” Partiyasını təmsil edən deputatlardır.
Bu isə bir çox suallar yaradır. Ona görə də Türkiyə Prezidenti Gürcüstana səfəri zamanı bir sıra sualların cavabını tələb edəcək. Bundan başqa, Cənubi Qafqazda Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlıq formatı mövcuddur. Bu, həm ticari-iqtisadi, həm də hərbi, təhlükəsizlik sahələrini əhatə edir. Bu səbəbdən Türkiyə Gürcüstanın əməkdaşlıq prinsiplərindən kənara çıxmasına razı olmaz. Cənab Ərdoğan üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün Gürcüstana səfərə ehtiyac duyub. Nəhayət, 44 günlük Vətən müharibəsindən sonra regionda “3+3” formatında əməkdaşlıq platforması razılaşdırılıb. Həmin formatda Gürcüstan da yer almalıdır. Lakin Gürcüstan Rusiya ilə əməkdaşlığa maraq göstərmədiyini bildirir. Düşünürəm ki, bu məsələ də ciddi müzakirə predmetinə çevriləcək. Rəsmi Tiflis hesab edir ki, Zəngəzur dəhlizinin açılmasından sonra Gürcüstanın geostrateji əhəmiyyəti azalacaq. Çox güman ki, bu kontekstdə Gürcüstan hakimiyyətini inandırmağa ehtiyac var. Düşünürəm ki, sözügedən məsələ də danışıqların gündəliyində yer alacaq”.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …