Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Ərdoğan dünya liderlərini niyə danladı: Türkiyə yeni superdövlətə çevrilməyə çalışır

Ərdoğan dünya liderlərini niyə danladı: Türkiyə yeni superdövlətə çevrilməyə çalışır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin Baş Assambleyasındakı son çıxışı beynəlxalq siyasət məkanında kifayət qədər ciddi çalxantı yaradıb. Hazırda bu çıxış həm ümumilikdə və həm də Türkiyə liderinin ayrı-ayrı mesajları qismində ciddi şəkildə müzakirə edilməkdədir.

Onu da qeyd edək ki, R.T.Ərdoğanın mesajlarından məmnun qalan siyasi dairələr kifayət qədərdir. Amma bununla yanaşı, həmin çıxışın məzmunundan qıcıqlananlar da olmamış deyil.

Əslində, bu, qətiyyən gözlənilməz deyil. Çünki R.T.Ərdoğanın mesajlarından həm məmnun qalanlar, həm də qıcıqlananlar üçün kifayət qədər səbəblər var.

Məsələ ondadır ki, Türkiyə prezidenti çıxışına diplomatik don geyindirməyə qətiyyən ehtiyac duymayıb. Nə demək istəyirdisə, elə açıq məzmunla söyləyib. Kimin sevinəcəyinə, kimin isə qəzəblənəcəyinə heç əhəmiyyət belə, verməyib.

Əslində, R.T.Ərdoğan bəlkə də ən doğru çıxış üslubunu seçmişdi. Çünki onun söylədiklərini demək olar ki, dünyada hər kəs bilirdi. Sadəcə, heç kəs cəsarət edib, dilə gətirmirdi. Dilə gətirənlərsə, ən yaxşı halda diplomatik eyhamlarla kifayətlənməyə üstünlük verirdilər.

Картинки по запросу bmt baş assambleyası

Ancaq R.T.Ərdoğan açıq məzmunla dedi ki, BMT-nin mövcud fəaliyyət mexanizmləri artıq çox köhnəlib, dünya üçün faydalı deyil, əksinə, əksər hallarda zərərlidir. Örnək olaraq da BMT-nin Təhlükəsizlik Şurasını önə çəkdi. Bu önəmli qurumu dünyada sülhün və əminamanlığın bərqərar olması qarşısında “təhlükə şurası” kimi xarakterizə etdi.

Xüsusilə də, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvün girovuna çevrilməsinə diqqət çəkdi. Haqlı olaraq, bu mexanizmin dünyada ədalətsizliyə və 5 özəl imtiyazlı dövlətin maraqlarına boyun əydirilməsinə yol açdığını vurğuladı. Və dünyanın bu 5 dövlətdən daha böyük olduğunu qabartdı. Çıxış yolunu qərarların BMT-yə üzv olan bütün dövlətlər tərəfindən konsensus əsasında qəbul edilməsində gördüyünü qeyd etdi.

Maraqlıdır ki, buradan da birbaşa Fələstin böhranına keçid edərək, İsrailə yükləndi. Rəsmi Təl-Əvivi BMT-nin qətnamələrinə əhəmiyyət verməməkdə suçladı.

Картинки по запросу bmt baş assambleyası ərdoğan

Sonrasa, heç kimin gözləmədiyi bir davranışla hər kəsi şoka saldı. İsrailin 4 versiyada xəritəsini açaraq, nümayiş etdirdi. Yaradılarkən bu dövətin ərazisinin nə qədər olduğunu, daha sonrakı mərhələlərdə Fələstin torpaqlarının işğalı hesabına hansı səviyyəyə qədər böyüdüldüyünü izah etdi.

Davamında Türkiyə lideri İsrailin əsas hədəfinin Fələstinin geri qalan ərazilərini də ələ keçirərək, onu yer üzündən silmək olduğunu vurğuladı. Və bütün bu beynəlxalq hüquq pozuntularının əsas günahkarının Fələstinin hüquqlarını müdafiə etməkdən yayınan BMT-də olduğunu dedi: “Əgər, hüququ pozulanı belə müdafiə edəcəksə, onda belə BMT heç kimə lazım deyil”.

Sözün qısası, Türkiyə prezidenti BMT-ni və onun bütün üzvlərini açıq mətnlə danladı. Səs tonu və seçdiyi ifadələrsə, aşağılayıcı keyfiyyətdəydi.

Hətta belə cəsarətin dünyada, xüsusilə də müəllifinin ölkəsində hansı nəticələrə yol aça biləcəyini proqnozlaşdırmaq qabiliyyətində olanlar Türkiyə liderinin mümkün olandan daha da irəli getdiyini düşünə bilərlər. Və bu halda, tamamilə haqlı olarlar.

Məsələ ondadır ki, BMT-də analoji sərt çıxış örnəklərinə qətiyyən tez-tez rast gəlinmir. Adətən, öz narazılığını çıxışlarında biruzə verən dövlət liderləri öz mesajlarını, ittihamlarını müəyyən çərçivədə məhdudlaşdırırlar. Yəni, nə şişi yandırırlar, nə də kababı…

Amma R.T.Ərdoğan deyəsən, bu cəsarətli çıxışıyla “həm şişi, həm də kababı yandırdı”. Və böyük ehtimalla “yanmış kababın qoxusu” yaxın gələcəkdə Türkiyə sərhədləri içərisində hiss oluna bilər.

Ola bilsin ki, R.T.Ərdoğan vaxtilə müəlliflik etdiyi “one minute” olayının nəticələrindən xüsusi ilham alaraq, artıq bütün dünyanı danlaya biləcəyi qənaətinə gəlib. Amma bunun nə qədər təhlükəli davranış olduğunu təxmin eləmək o qədər də çətin deyil. Bə heç şübhəsiz ki, bunu özü də bilir.

Sadəcə, ehtimal etmək olar ki, indiki situasiyada onu belə bir siyasi riskə daha ciddi səbəblər sövq edib. Və bu riskin ona növbəti prezident seçkilərində uğur gətirib-gətirməyəcəyi ilə bağlı isə hələlik qəti fikir söyləmək çox çətindir.

Картинки по запросу gezi olayları

Yalnız onu qeyd etmək olar ki, vaxtilə buna bənzər cəsarəti SSRİ-nin dövlət lideri Nikita Xruşşov göstərmişdi. O da BMT-də çıxış edərkən üzv ölkələri qınamışdı və dövlət liderlərini sərt, həm də təhqiramiz ifadələrlə danlamışdı. Çıxışının sonundasa, ayaqqabısını çıxardıb, tribunaya vuraraq, “Biz sizin hamınızı məzara qoyarıq” deməklə, bütün dünyanı hədələmişdi.

Nəticəsi N.Xruşşov üçün olduqca acınacaqlı oldu. Gözlənilmədən, səhnəarxası mexanizmlər işə salınmışdı və həmin çıxışdan bir müddət sonra N.Xruşşovu səssiz-səmirsiz devirmişdilər.

Türkiyəyə qarşı da müəyyən təzyiqlərin olacağı, maliyyə-iqtisadi və sosial-ictimai əməliyyatlara start veriləcəyi qətiyyən şübhə doğurmur. “One minute” qalmaqalından sonra yaşananları, kənardan idarə olunduğu artıq şübhə doğurmayan “Gəzi olayları”nı xatırlayanda belə düşünməyə əsaslar yaranır.

Ancaq Türkiyə liderinin davranışları onun heç nədən narahat olmadığını sezdirir. Hətta onun özündən əmin olduğu da müşahidə edilir. R.T.Ərdoğan Türkiyənin yeni missiyasını, dünyada və regionda yeni güc mərkəzi olaraq, siyasi iradəsini bütün dünyaya qəbul etdirmək niyyətində tamamilə ciddidir. Və bu niyyətin qarşısında ola biləcək bütün riskləri gözə aldığını açıq-aşkar sezdirir.

Eyni zamanda, R.T.Ərdoğan Türkiyənin yaxın gələcəkdə dünyanın superdövlətlərindən birinə çevrilməsi istiqamətində qəti addımlar atmağı planlaşdırdığının mesajını da verib. Belə ki, o, nüvə silahı ilə bağlı dünyada “ədalətsiz və yazılmamış qanun”un hökm sürdüyünü bəyanlayıb. Onun fikrincə, hər hansı beynəlxalq böhranın həlli zamanı ədalət tələb edənlərə qarşı nüvə silahı təhdid vasitəsi kimi istifadə edilir. Və bu, yolverilməzdir. R.T.Ərdoğan hesab edir ki, bu ədalətsiz durumdan çıxış yolu isə ya nüvə silahının hamı üçün qadağan edilməsi, ya da hər bir dövlətə bu silaha sahiblənmək haqqının tanınmasıdır.

Картинки по запросу nüvə silahı

Bu isə Türkiyənin nüvə silahına sahiblənmək ideyasına biganə olmadığı kimi də yozula bilər. Üstəlik, Türkiyənin artıq bu ideyanı reallaşdırması üçün müəyyən imkanlar qazanmaq üzrə olduğu da bir reallıqdır. Hər halda, Rusiyanın yardımı ilə Türkiyədə AES-in tikintisinə başlanması rəsmi Ankaraya belə bir imkan aça bilər.

Məsələ ondadır ki, AES-in tikintisinin başa çatmasından sonra Türkiyə və Rusiya arasında nüvə texnologiyası ətrafında daha sıx əməkdaşlıq qaçılmazdır. Və bu, nüvə silahının yaradılmasına qədər inkişaf edə bilər.

Onu da nəzərə almaq lazımdır ki, Türkiyə-Rusiya münasibətləri son illərdə ən yüksək səviyyəyə çatıb. Hətta bu münasibətlərin inkişaf tempi ABŞ və Qərbi ciddi şəkildə narahat etməkdədir. Çünki Rusiya ilə eyni siyasi qütbdə yer alacaq Türkiyənin gücünün dünyada qüvvələr nisbətinin dəyişməsinə yol aça biləcəyini ABŞ və Qərb çox gözəl anlayır.

Bütün bunları nəzərə aldıqda, R.T.Ərdoğanın öz mesajları ilə bəzi beynəlxalq siyasi iradə mərkəzlərini çıxılmaz vəziyyətə salaraq, seçim qarşısında qoyduğu qətiyyən şübhə doğurmur. ABŞ və Qərbin bu mesajlardan hansı nəticələri çıxaracağı isə yəqin ki, yaxın gələcəkdə aydınlaşmağa başlayacaq. Musavat.com

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …