Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Ərdoğan: “Bir milyondan çox azərbaycanlı qətliamın nə olduğunu yaxşı bilir”

Ərdoğan: “Bir milyondan çox azərbaycanlı qətliamın nə olduğunu yaxşı bilir”

“25 ildir vətən həsrəti ilə evlərindən uzaqda yaşayan bir milyondan çox azərbaycanlı qardaşımız etnik təmizləmə, işğal və qətliamın nə demək olduğunu ən yaxşı bilənlərdəndir”

Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Müraciətdə deyilir:

-Cənab Prezident, hörmətli qonaqlar.

Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən konfransın uğurlu olmasını arzu edirəm.

Bütün dünyada münaqişələrin, gərginliyin, islamofobiyanın, ksenofobiyanın və mədəni irqçiliyin artdığı bir vaxtda təşkil olunan bu konfransın son dərəcə önəmli olduğunu düşünürəm. Populist siyasətçilərin və məsuliyyətsiz kütləvi informasiya vasitələrinin təşviqi ilə get-gedə daha çox yayılan nifrət atmosferi təkcə müsəlmanlara deyil, dili, dini və mədəniyyəti fərqli olan milyonlarla insana öz mənfi təsirini göstərir.

Hamısından daha vacibi odur ki, bu mənzərə bütün bəşəriyyətin sülh, əmin-amanlıq şəraitində, birlikdə yaşamaq iradəsinə də zərbə vurur. Bunun son acı nümunələrini Arakanda gördüyümüz kimi, sırf inanclarına görə 650 min insan doğma yurdlarından didərgin düşdü və çoxu uşaq, qoca və qadın olan minlərlə Rohinca müsəlmanları vəhşicəsinə qətlə yetirildi.

Şübhəsiz ki, 25 ildir vətən həsrəti ilə evlərindən uzaqda yaşayan bir milyondan çox azərbaycanlı qardaşımız etnik təmizləmə, işğal və qətliamın nə demək olduğunu ən yaxşı bilənlərdəndir. Buna bənzər zülmlər bütün dünyanın gözü qarşısında Suriyadan Fələstinə qədər yaxın coğrafiyamızda yaşanmaqdadır.

Qlobal ədalət, təhlükəsizlik və sabitliyin təminatına cavabdeh olan qurum və dövlətlər isə təəssüflər olsun ki, bu prosesdə öz vəzifələrini yerinə yetirə bilmirlər. Daha dəhşətlisi ABŞ hökumətinin Qüdslə bağlı sonuncu bəyanatında olduğu kimi, BMT Təhlükəsizlik Şurasının qərarlarını saymayan, beynəlxalq hüquqa zidd olan, gərginlik və münaqişəni daha da artıran qərarlar verməsidir.

Bu mənfi gedişata qarşı məsuliyyətli insanlar olaraq öhdəmizə düşən vəzifə gələcəyimiz, övladlarımızın gələcəyi naminə addımlar atmaqdır. Ötən həftə İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə Zirvə toplantısı bu istiqamətdə atılmış tarixi addımdır.

İstər qəbul olunan qərarlar, istərsə də toplantıya göstərilən böyük maraq Amerika Birləşmiş Ştatları hakimiyyətinin İsrailin işğalçı siyasətini mükafatlandıran qərarına qarşı İslam ölkələri arasındakı həmrəyliyi açıq şəkildə ortaya qoydu.

Arzumuz ABŞ hökumətinin fanatiklərin çörəyinə yağ sürtən, müsəlmanlarla birlikdə xristianların da Qüds üzərindəki haqlarını yox sayan bu qərarını ən qısa vaxtda dəyişdirməsidir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə keçirilən bu konfransın digər mövzularla yanaşı, Qüds üçün də önəmli bir addım olacağını inanıram.

Konfransın keçirilməsində əməyi olan Azərbaycanın bütün dövlət rəsmilərini təbrik edir və 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edən əziz qardaşım Prezident İlham Əliyevə xüsusilə təşəkkür edirəm.

Bu fikirlərlə səmimi dəvətinizə görə təşəkkürümü bildirir, konfransda iştirak edən bütün qonaqlarımızı ürəkdən salamlayıram.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …