Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ərəblər Azərbaycanın daşınmaz əmlak bazarında canlanma yarada bilər

Ərəblər Azərbaycanın daşınmaz əmlak bazarında canlanma yarada bilər

“Onlar əsasən Şəkidə və Qəbələdə evlər alırlar, orada torpaq alıb ev tikməklə məşğuldurlar”

Bu yay ölkəmizdə turistlərin sayının artdığı müşahidə edilir. Onların əksəriyyəti də İrandan və ərəb ölkələrindən gələn turistlərdir. Adətən istirahət məkanı olaraq Türkiyəni seçən ərəblər bu il orada baş verən hadisələr fonunda müsəlman ölkəsi olaraq Azərbaycanı seçiblər. Ərəb turistlər arasında apardığımız sorğudan məlum oldu ki, onlar ölkəmizin təbiətini çox sevirlər. 
Məlumata görə, artıq ərəblər  bölgələrdə daşınmaz əmlak bazarına da maraq göstərir və hətta mənzillər alırlar. Bu prosesə təkan verən başqa bir amil də baş verən iki devalvasiyadan sonra manatın ucuzlaşmasıdır. Valyutanın ucuz olması turist üçün hədsiz dərəcədə önəmlidir. Bu mənada mənzillərin də ucuz olduğunu nəzərə alsaq, Azərbaycanın daşınmaz əmlak bazarına ərəblərin cəlb olunması bu sahədə canlanma yarada bilər.
 
İqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ərəblərin ölkəmizə maraq göstərməsinin bir neçə səbəbi var: “Ərəb turistlərin ölkəmizə gəlməsində müşahidə olunan artım hökumətin viza rejimini sadələşdirməsindən sonra baş verdi. Digər bir səbəb isə odur ki, son iki devalvasiyadan sonra manatın ucuzlaşması və əcnəbi turistlərin gətirdikləri valyuta ilə daha çox manat əldə etmələridir. Lakin mənim fikrimcə, əsas səbəblər bunlar deyil. Əsas səbəb ərəblərin Azərbaycanda daha rahat hərəkət edə bilmələridir. Çünki ölkələrində çox ciddi qadağalar var. O qadağalardan qaçmaq üçün Azərbaycana üstünlük verirlər. Azərbaycan müsəlman ölkəsi olsa da, burada digər ölkələrdə kimi təhlükə hiss etmirlər.  Burada rahat geyinə bilirlər, rahat əylənə bilirlər. Əvvəllər daha çox Türkiyədə dincəlirdilər, lakin Türkiyədə yaranan problemlər, əvvəlcə terror olayları, sonra hərbi çevriliş cəhdi oraya gedən turistlərin də fikrini dəyişdi. Alternativ olaraq ərəblər daha çox Azərbaycana üstünlük verirlər”.
 
Ekspertin sözlərinə görə, ölkəmizə turistlərin gəlməsi iqtisadi baxımdan çox faydalıdır: “Turizmin inkişafı həm də xidmət sektorunun inkişafına və biznesin gəlirlərinin artmasına səbəb olacaq. Ancaq Azərbaycan turizmi o səviyyədə inkişaf etməyib ki, turistlərin sayı kəskin artsın. Sadəcə biz heç zaman ölkəmizdə ərəblərin kütləvi gəlişini görməmişik deyə, indi çox nəzərə çarpır. Lakin bu axın o səviyyədə deyil ki, iqtisadiyyatda hansısa ciddi dəyişikliklərə gətirib çıxarsın”.
Ərəblərin Azərbaycanda daşınmaz əmlak almasına gəlincə, N.Cəfərli bildirdi ki, bu barədə məlumatlar var, lakin proses kütləvi xarakter daşımır: “Məlumata görə, ərəblər əsasən Şəkidə və Qəbələdə evlər alırlar, orada torpaq alıb ev tikməklə məşğuldurlar. Lakin bununla bağlı əlimizdə dəqiq rəqəmlər yoxdur. Belə bir tendensiya varsa, müsbət haldır və ən azından bölgələrdə daşınmaz əmlak bazarına, əmək bazarına müsbət təsir edər və iş yerlərinin artmasına gətirib çıxarar.
Burada problem odur ki, bizim qanunvericilik xarici şəxslərə mülkiyyət hüququnun verilməsi ilə bağlı məhdudiyyət tətbiq edir. Digər tərəfdən, mülkiyyət hüququnun toxunulmazlığı ilə bağlı problemlər var. Ərəblər daha çox Türkiyəyə meyl edir. Türkiyədə daşınmaz əmlak həm də yatırımdır. İstanbulda hər il daşınmaz əmlakın qiyməti orta hesabla 8-12 faiz artır, investor bu il aldığı mənzili 3-4 il sonra daha baha qiymətə sata bilir. Yəni mənzil həm də yatırım obyekti kimi nəzərdə tutulur. Bizim bu sahədə Türkiyə ilə rəqabətə girə biləcəyimizi düşünmürəm. Ancaq ən azından kiçik partiyalarla olsa da, belə tendensiya olacaqsa, regionların inkişafına, orada iç yerlərinin yaranmasına müsbət təsir göstərəcək”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın