Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Ən yaxşı müdafiə hücumdur. Ermənilər başqa yol qoymur”

“Ən yaxşı müdafiə hücumdur. Ermənilər başqa yol qoymur”

“Biz ümid edirdik ki, Ermənistan müharibədən sonra Azərbaycanla Türkiyə qarşısında normal xarici siyasət yeritməyə başlayacaq. Üstəlik, Rusiyanın da Ermənistanı dəstəkləməyə çox meyilli olmadığını nəzərə almaq lazımdır. Ancaq baş verənlər rəsmi İrəvanın qarşıdurma yolunu seçdiyini göstərir”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın səsləndirdiyi fikirlər sadəcə fondur:

“Əsas məsələ isə daha dərindir. Fikrimcə, bundan sonra rəsmi Moskva ilə İrəvan arasındakı böhran daha da dərinləşəcək. Çünki Ermənistan Rusiya və Qərb arasında “ikili oynayır”. Bu, təxminən “iki od arasında qalmaq” deməkdir. Bu isə bizim qarşımızda yeni fürsətlər açır. Bir çox məsələlər, o cümlədən Zəngəzur dəhlizi ilə irəliləyişə nail olmaq üçün imkanlar yaranır. Hücum diplomatiyasına davam etməliyik. Ən yaxşı müdafiə məhz hücumdur. Ermənilər başqa yol qoymurlar”.

T.Zülfüqarov bildirib ki, brifinqin indiki məqamda keçirilməsi heç də təsadüfi deyil:

“Bilirsiniz ki, bir neçə gün sonra Soçidə üçtərəfli, gələn ay isə Brüsseldə ikitərəfli görüş keçiriləcək. Paşinyan indidən həmin müzakirələrə hazırlaşır. O, görüşlərdə səsləndirəcəyi fikirlər üçün indidən zəmin yaradır. Ancaq biz də öz işimizi görməli, hücum diplomatiyasından geri çəkilməməliyik”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …