Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Əli İnsanovun qorxusu – Azərbaycanda ifrat millətçilik…

Əli İnsanovun qorxusu – Azərbaycanda ifrat millətçilik…

“Azərbaycanda bu gün 60-a yaxın siyasi partiya fəaliyyət göstərir. Bu, yaxşı göstərici deyil”. Bunu Haqq Ədalət Partiyasının sədri Əli İnsanov parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib. O bildirib ki, hər partiyanın öz həqiqəti var: “Lakin həqiqət birdir. Yəni Azərbaycanda aktiv siyasətlə məşğul olan şəxslər 60 yerə parçalanıb. Bu siyasi plüralizm deyil. Elə bunun nəticəsidir ki, milli birliyə nail ola bilmirik. Cəmiyyətimizdə radikallıq, qaragüruhçuluq meylləri var. Daha dəhşətli isə ifrat millətçiliyə, dini fanatizmə meylli insanlar var. Fanatizmdən hər zaman faşizm qoxusu gəlir. Deyilənlərin siyasi partiyalara sızmasının qarşısını almaq lazım gəlir. Buna görə də qəbul olunacaq qanun sərt olmalıdır. Qanun sərt olmasa, belə zərərli, təhlükəli meyllərin siyasi partiyalara sızmasının qarşısını almaq mümkün deyil”.

“Şekspir deyirdi ki, dünya səhnədir, biz insanlar isə bu səhnədə oynayan aktyorlar. Mən çox istərdim ki, həm iqtidarda, həm də müxalifətdə olan bütün siyasətçilərimiz öz rollarını elə oynasınlar ki, bu ancaq Azərbaycanın xeyrinə olsun”, – Ə.İnsanov qeyd edib.

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı: “Azərbaycanda nə ifrat millətçilik, nə də dindarlıq var”

AĞ Partiya başqanı Tural Abbaslı bu fikirlərlə razı deyil: “Əli İnsanovun dinləmələrdə çıxışını mən də izlədim. Düşünürəm ki, bu məsələ bir az şişirdilmiş formada təqdim olunub. Azərbaycanda nə ifrat millətçilik, nə də dindarlıq var. İfrat millətçilik olan ölkədə digər millətlərin nümayəndələri sıxışdırılar, yaxud onlara hər hansı bir formada təzyiq olunar. Amma Azərbaycanda belə bir problem yoxdur. Kimsə kimdənsə hansı millətdən olmasını soruşmur. İfrat dini fanatizm anlayışı da yoxdur. Azərbaycan yeganə ölkələrdəndir ki, orada sünnilər və şiələr eyni məsciddə namaz qılırlar. Bir-birilərinə münasibətləri kifayət qədər normaldır. Amma İranın təhrik etdiyi, aldatdığı insanlar da var. Onlar nəsə etməyə çalışırlar. Amma onların da hüquq-mühafizə orqanları layiqli şəkildə cavablarını verirlər. Düşünürəm ki, Əli müəllimin Azərbaycanın siyasi reallıqlarından məlumatı az ola bilər. Uzun  müddət həbsxanada olduğu üçün ola bilsin ki, siyasi reallıqları dəqiq bilmir, öyrənməyə də vaxtı olmayıb. Amma istənilən halda, onun fikirləridir. Hörmətlə yanaşırıq. 60 partiyanın çox olduğunu qeyd edir. Qərarların sərtləşdirilməsini tələb edir. Səhv etmirəmsə, o zaman ən sonda qeydə alınanlardan biri də onun partiyası idi. Həmin vaxt yeni partiya yaratmağa gərək də yox idi. Digər partiyalardan birinə qoşula bilərdilər. İstənilən halda, ona qarşı xüsusi bir qərəzimiz də yoxdur. Dediyi onun şəxsi fikirləridir”.

Fuad Əliyev Dövlət Dumasının fraksiya liderlərinə məktub ünvanlayıb »  Avrasiya.Net

Fuad Əliyev: “Belə partiyalardan Azərbaycan siyasəti təmizlənməlidir”

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev isə diqqətçəkən fikirlər irəli sürdü: “”Siyasi Partiyalar Haqqında” yeni qanun layihəsinin keçirilən ictimai müzakirəsində iştirak edərək, çıxışımın sonunda bildirdim, qanun sərt formada qəbul olunmalıdır. Azərbaycanda normal fəaliyyət göstərən təxminən 18-20 partiya var. Yerdə qalanların böyük əksəriyyəti isə “bir sədri, bir möhürü olan partiyalar”dır. Nə seçkilərdə iştirak edirlər, nə də ki, mətbuatda dünyada, cəmiyyətdə gedən proseslərə fikir bildirirlər. Füzuliyə gedəndə birinci dəfədir ki, bu qədər partiya sədri gördüm. Soruşanda ki, partiya nə vaxt yaranıb, deyirdilər ki, 1993-95-ci illərdə. Demək olar ki, partiyalar 30 ilə yaxındır qeydiyyata alınıb, biz onları səfərə gedəndə gördük. Yaxud elə partiya sədrləri var ki, siyasətlə deyil, bizneslə məşğul olur. Bir yoxlama gələndə də partiya sədri olduğunu bildirir ki, gələnlər fəaliyyətini yoxlamasınlar. Bəzi partiya sədrləri isə dələduzluqla məşğuldur, ondan-bundan pul götürüb guya hakimiyyətə gələcəyini vəd edirlər. Bax belə partiyalardan Azərbaycan siyasəti təmizlənməlidir. Partiyaların cəmiyyətdə nüfuzu bərpa olunmalıdır. Siyasi partiyalar güclü, potensiallı olmalıdır və onlar hakimiyyətə hazır olduqlarını cəmiyyətə sübut etməlidirlər. Cəmiyyət siyasi partiyalara inanmalı, rişxəndlə yanaşmamalıdır. Hesab edirəm ki, bəzi düzəlişlər olunsa, yeni qanun Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların inkişafını təmin edəcək. Bu qanun da buna xidmət edir”.

Dövlət şəhid və qazi ailələri üçün heç nəyi əsirgəməməlidir” – Arzuxan  Əlizadə – Yenicag.Az

Arzuxan Əlizadə: “Onun dediklərini bölüşmürəm”

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə sabiq nazirin fikirlərini bölüşmür: “Əli İnsanov uzun müddət Yeni Azərbaycan Partiyasının təmsilçisi olaraq nazir postu tutub. Əslində nazir postu siyasi vəzifə olsa da, biz bilirik ki, Azərbaycan siyasi reallığında nazirlər geniş anlamda siyasi fəaliyyətlə məşğul deyillər. Təmsil olunduqları siyasi camiənin icraçısı vəzifəsini həyata keçiriblər. Əli İnsanov da uzun müddət səhiyyə sisteminə rəhbərlik edib. Əslində siyasi partiya rəhbəri olaraq, siyasi düşərgədə yeni sima hesab olunur. Çünki həbsdən azad olunduqdan sonra siyasi partiya qurmaq istiqamətində fəaliyyət göstərib. Rəhbəri olduğu siyasi partiya da yeni qeydə alınıb. Bu baxımdan Azərbaycan siyasi arenasında yeni yaranmış siyasi təşkilatın rəhbəri hesab olunur. Bu mənada Əli İnsanovdan qəbul ediləcək siyasi partiyalarla bağlı qanunla sərtləşdirmə formasında milli birliyə nail olunacağı barədə onun dediklərini bölüşmürəm. Konkret o fikirdəyəm ki, qanunları sərtləşdirməklə milli birliyə nail olmaq mümkün məsələ deyil. Buna digər amillərlə nail olmaq mümkündür. Təbii ki, bütün ölkədə fəaliyyət göstərən siyasi partiyalar, siyasi camiədə digər sferalarda təmsil olunan ictimai-siyasi təşkilat, şəxslər dövlət və milli maraqları hər şeydən üstün tutmalıdırlar. Biz bunu mütəmadi olaraq hədəfləmişik. Bu bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir. Konkret olaraq, qanunları sərtləşdirməklə milli birliyə nail olmaq, dövlətçiliyə xidmət etmək deyə bir anlam, hesab edirəm ki, mövcud deyil. Bu, tamamilə başqa meyarlarla müəyyən olunan, istiqamətləndirilən bir fəaliyyətdir. Bu baxımdan Əli İnsanovun fikirlərini heç bir halda bölüşmürəm”. Musavat.com

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …