Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Əli İnsanova narkotik və üsyan ittihamı-yeni cinayət işi

Əli İnsanova narkotik və üsyan ittihamı-yeni cinayət işi

Sabiq nazir azadlığa buraxılmasına iki ay qalmış qanunsuz həkimlik fəaliyyətində və dustaqları itaətsizliyə çağırmaqda günahlandırıldı

Bu ilin oktyabrında 11 illik həbs cəzası başa çatmalı olan sabiq səhiyyə naziri Əli İnsanova yeni cinayət işi açılıb.  Mətbuata məlumat verən sabiq nazirin vəkili Toğrul Babayev Qaradağ rayon prokuroru Natiq Abdullayevin avqustun 23-ü gecəsi vəkillərə zəng edərək bu barədə xəbər verdiyini bildirib. 
 
“Əli İnsanovun hüquqları kobud şəkildə pozulur. Onun vəkilləri artıq 3 saatdan çoxdur ki, Qaradağ rayon prokuroru Natiq Abdullayevin keçirdiyi dindirmə prosesinə buraxılmır.  Biz dəfələrlə cəzaçəkmə müəssisəsinə buraxılmağımız və dindirmədə iştirakımızı tələb etmişik. Lakin hər dəfə deyirlər ki, tezliklə bizi ora buraxacaqlar, ancaq bu, hələ də olmayıb”,-deyə vəkil avqustun 24-də səhər bildirib.
 
Günorta saatlarında isə Ə.İnsanovun nələrdə ittiham edildiyi məlum olub. Virtualaz.org saytının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindəki etibarlı mənbədən əldə etdiyi məlumata görə, sabiq nazir qanunvericiliyə və Penitensiar Xidmətin daxili qaydalarına zidd olaraq, məhbuslara resept yazıb və qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olurmuş.
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Əli İnsanovun təyin etdiyi dərman vasitələrinin ekspertizasını aparıb və onların bəzilərinin tərkibində narkotik maddələr aşkarlanıb. Bununla əlaqədar olaraq, Penitensiar Xidmət daxili təhqiqata başlayıb. Araşdırma zamanı Əli İnsanov sabotaja əl atıb, dava salıb və məhbusları üsyana qaldırmaq cəhdi edib.
Image result for Ədliyyə Nazirliyi
Konkret maddələr açıqlanmasa da, iqtidaryönlü mətbuat orqanlarının yazdığı xəbərlərdən aydın olur ki, sabiq nazir yuxarıda qeyd olunan ittihamlarla təqsirləndiriləcək.
Uzun müddət 13 saylı cəzaçəkmə müəssisəsində Ə.İnsanovla birlikdə məhbus həyatı yaşayan Müsavat başqanının müavini Tofiq Yaqublu öz fajebook səhifəsində status paylaşıb. T. Yaqublunun yazdığına görə də Ə. İnsanov həbsxanada ona müraciət edən məhkumları səhv müalicə etməkdə təqsirləndirilir.
Baş Prokurorluğun mətbuat xidməti Əli İnsanova qarşı cinayət işinin açılması ilə bağlı xəbərlərə münasibət bildirməyib. “Hazırda tərəfimizdən müvafiq araşdırmalar aparılır. Yaxın zamanlarda bununla bağlı ictimaiyyətə məlumat veriləcək”, deyə Baş Prokurorluğun mətbuat xidmətindən “Turan”a bildiriblər.
Image result for Baş prokurorluq
Qeyd edək ki, ötən ay  Ə.İnsanova yeni cinayət işi açılacağı  barədə xəbər yayılmışdı. Lakin vəkil bunu təkzib etsə də, günlərlə mətbuat və sosial şəbəkələrin müzakirə mövzusu olmuşdu. İctimaiyyətin rəyini öyrənmək üçün belə bir xəbərin ortaya atıldığı deyilir və yaxın günlərdə bunun gerçəkləşəcəyi qeyd olunurdu. İndi də sabiq nazirə qarşı yeni ittihamların meydana çıxması ölkənin gündəminə oturub. Baxışlar müxtəlifdir. İttihamlarda siyasi çalarlar axtaranlar da var, bunun əksini deyənlər də. ğ
Image result for İqbal Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında irəli sürülən ittihamların doğruluğuna şübhə ilə yanaşdığını bildirib: “Həbsdən çıxmasına iki ay qalan bir şəxsin o deyilənləri yerinə yetirməsi absurddur. Bu baxımdan, onun Cinayət Məcəlləsinin konkret maddələri ilə ittiham olunmasını qəbul etmirəm. Sərt yanaşma olduğu qənaətindəyəm. Bunun nədən doğduğunu deyə bilmərəm. Əgər azadlığa çıxmasına az müddət qalan bir şəxs belə ağır maddələrlə ittiham olunursa, özü də həbsxanada qalmaq üçün bu edilirsə, demək, burada sifariş var”.
Image result for Mirvari Qəhrəmanlı


Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Ə.İnsanovun həkimlik fəaliyyətinə məhkəmə tərəfindən qadağa qoyulmadığını bildirdi: “Onun diplomu ləğv olunmayıb. Məhbus olmaq insanın peşəkarlığına, biliyinə qadağa qoymur. Həkim Hippokrat andı içib və istənilən şəraitdə xəstəyə kömək etməlidir. Əli İnsanov xəstə məhbuslara və hətta müəssisə işçilərinə tibbi yardım edibsə, bu böyük bir humanist addımdır. Əgər həbsdən azad olunmasına iki ay qalmış, beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi bir insana onun humanist addımına görə qurama cinayət işi qaldırılırsa, deməli, hakimiyyət bu şəxsdən çəkinir, özünə qarşı ciddi qüvvə hesab edir. Hazırda Əli İnsanovu siyasi məhbus hesab edən və onun azad olunmasına çalışan hüquq müdafiəçiləri prosesi diqqətlə izləyir. Bununla əlaqədar yaxın zamanlarda onun yenidən müdafiəsinə başlayacaqlar”.
Image result for Bəxtiyar Sadıqov
YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Ə.İnsanovun işində siyasi çalarların olduğunu deyənlərə sərt təpki göstərdi: “İttihamlarla tanış oldum. Anlamıram ki, bu insanlar iqtidar-müxalifətlə, yaxud vaxtilə iqtidarda təmsil olunmuş və sonradan hakimiyyətə qarşı olan şəxslərlə bağlı cinayət aktı baş verəndə niyə burada qərəz axtarırlar. O, qapalı müəssisədə cəzasını çəkir. Heç birimiz onun yanında deyilik. Buna görə deyə bilmərik ki, həqiqət nədir. Amma hüquq-mühafizə orqanları araşdırma aparıblar. Yəqin ki, dərmanlar ekspertizadan keçirilib. Çox güman ki, əldə konkret sənədlər var. Onun həkim olduğu məlumdur. Buna görə qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olması barədə ittihamı birmənalı inkar etmək düzgün deyil. Yəqin ki, şahidlər var. Əgər istintaq hərəkətləri aparıldığı zaman öz etirazını bildiribsə, azadlıqdan məhrum olunmuş insanları itaətsizliyə çağırıbsa, bunun hamısı sübut olunmalıdır. Tək istintaq yox, məhkəmə zamanı da. Ə.İnsanovla bağlı faktı bu cür yozmağa, iqtidarın ”qurduğu iş” kimi qələmə verməyə çalışanları səbirli olmağa çağırıram. Məhkəmədə bu iş araşdırılacaq. Nəsə bir kampaniya aparmağa gərək yoxdur. Ə.İnsanovu hər kəs tanıyır. Uzun müddət nazir olan şəxs kimi tanınmış insandır. Hüquq-mühafizə orqanlarının peşəkarlığına, ədalətinə inanıram. Kimlərsə bu hadisəni müxtəlif istiqamətə yozurlarsa, demək, niyyətləri başqadır. Hadisələrin sonunda veriləcək hüquqi qiyməti gözləmək lazımdır. Zamanında o, nazir olanda tabeliyində çoxsaylı işçilər var idi. Sonradan iqtidarın əleyhinə qeyri-qanuni əməllər törətdi. Onun zamanında kifayət qədər gücü, imkanları var idi. İnsanlar elə hesab edirdilər ki, o toxunulmazdır, ona heç kim heç nə edə bilməz. Amma dövlətimiz qanuna söykənərək, lazımi olanları etdi. Sonradan faktlar üzə çıxdı ki, hansı dövlətlər nələr ediblər, maliyyə haradan gəlib. Azərbaycanda sabitliyi pozmağa çalışan “arxalı qüvvələr” heç nə edə bilmədilərsə, bu gün Ə. İnsanov azadlığa çıxdıqdan sonra da heç nə edə bilməyəcək. Hakimiyyətin ondan çəkinməsi barədə fikirlər gülməli səslənir. Azərbaycan iqtidarı o qədər güclüdür ki, heç nədən çəkinmir”.
Image result for Məmməd Zeynalov
 
Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov daxili qanunlara görə bir məhbusun digər bir məhbusu müalicə etməsində cinayət əməlinin olmadığını söylədi: “İnsanov həkimdir. Əgər onun verdiyi müalicə nəticəsində ölüm hadisəsi baş veribsə, yaxud təhlükəli başqa nəsə yaranıbsa, hardasa cinayət hadisəsi sayıla bilər. Amma digər hallarda heç bir cinayət hadisəsi yoxdur.  Həkimlik təhsili olmayan bir şəxs belə iş görərsə, o zaman qanunsuz həkimlik etmiş sayılır. Amma bu şəxs həkimdir, ona görə cinayət hadisəsi bu yöndə ola bilməz. Dərmanı müalicə növü kimi yazan şəxsin günahı yoxdur. Tərkibində narkotik maddə aşkarlanıbsa, narkotik maddəni həbsxanaya keçirən şəxs günahkardır. Burada da İnsanovla bağlı cinayət tərkibi görmürəm. Burada qiyam da yoxdur. Müəssisədaxili qaydaları pozan çağırışlar kimi maddə var. Bu da nüfuzu olan, oğru aləminə daxil olan şəxslər tərəfindən daha çox edilir. İnsanov kriminal aləmə daxil deyil, sadəcə, bir həkimdir. Müəssisə daxilində Ədliyyə Nazirliyinə aid çoxsaylı qaydalar ola bilər. Bunu  bir məhbus pozursa, bu da cinayət hadisəsi sayıla bilməz. Qanun Milli Məclis tərəfindən qəbul ediləndir. Daxili qaydalar dedikdə bunlar qanun deyil. Yəni qanun burada pozulmur”.
Image result for Adil Qeybulla
Bir müddət məhbus həyatı yaşayan tibbi elmləri doktoru, professor Adil Qeybulla vaxtilə ona müraciət edən məhbus yoldaşlarını müalicə etdiyini söylədi: “Mətbuatdan məlumatı oxudum. Düşünürəm ki, rəsmiləşdirilmiş bir ittiham deyil. Sadəcə, ortaya atılıb. Həkimlər xalqın içərisində olur və harada olmalarından asılı olmayaraq, ətrafdan onlara müraciətlər edilir. Həkimlər həmişə xalqın xidmətçiləri olublar. Yəni istənilən yerdə fəaliyyət göstərə bilərlər. Həbsxanada da həkimlərə daim müraciətlər olur. Onlar da öz yardım və tövsiyələrini verirlər. Hesab edirəm ki, bu normal bir haldır. Amma İnsanovla bağlı real mənzərəni bilmirik.  Hadisələri izləyək. Məsələ rəsmiləşəndən sonra konkret rəy bildirmək olar. Mən də həbsxanada olanda mənə çoxsaylı məhbus müraciətləri olub və öz yardımımı etmişəm. Bu hamıda olur”.
Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə, 11 il müddətinə azadlıqdan məhrum olunub.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın