Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Əli İnsanov təşkilatlanır: yaxın ətrafına xüsusi tapşırıq verdi

Əli İnsanov təşkilatlanır: yaxın ətrafına xüsusi tapşırıq verdi

Prezident İlham Əliyevin əfv sərəncamı ilə 14 il sonra azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanov təşkilatlanmağa başlayıb. 
Əli İnsanova yaxın qaynaqlardan BakuPost-a daxil olan məlumata görə, keçmiş nazir özünə yaxın bildiyi şəxslərə ictimai-siyasi düşərgədə “nəbz yoxlaması” aparmaq barədə tapşırıq verib. Məlumatda bildirilir ki, bu “nəbz yoxlaması”ndan sonra Ə.İnsanova verilən məlumatlara əsasən, keçmiş nazir siyasi fəaliyyətinin istiqamətini müəyyənləşdiriləcək. Əldə etdiyimiz bilgilərə görə, keçmiş nazir araşdırmanın yekunlarına uyğun olaraq, ya yeni siyasi partiya, ya da siyasi hərəkat yaratmaq barədə qərar verəcək. 
Bu barədə saytımızı bilgiləndirən mənbə deyir ki, keçmiş nazir ilkin olaraq müxalifət daxilində illərdir aktiv fəaliyyət göstərən qərbi azərbaycanlı şəxslərin münasibətini öyrənməyə, yeni siyasi təşkilatlanmaya gedəcəyi halda, onların hansı addım atacağını, onunla birlikdə hərəkət edib-etməyəcəklərini dəqiqləşdirməyə çalışır. Artıq bununla bağlı ilkin araşdırmaya da başlanılıb. Belə ki, müxalifətdəki bir sıra nüfuzlu ictimai-siyasi şəxslərə keçmiş nazirin mesajları çatdırılıb və onlardan geridönüş gözlənilir. 
Mənbəmiz bildirir ki, Ə.İnsanov bu məlumatların yekununda ətrafına böyük bir siyasi kütlə – güc toplayacağı halda yeni siyasi partiya yaradacaq. Yetəri qədər dəstək toplaya bilmədiyi qənaətinə gələcəyi təqdirdə isə o, yeni siyasi hərəkat yaradıb, müxalifətə əməkdaşlıq təklif edəcək və zamanla güclənməyə çalışacaq. 
Ə.İnsanovun bu barədə yekun qərarını bu ilin iyun ayına qədər verəcəyi və yayın sonuna qədər siyasi fəaliyyət formasını tam müəyyənləşdirmək istədiyi bildirilir.  

Qeyd edək ki, artıq siyasi müxalifətdə təmsil olunan və əslən Qərbi Azərbaycandan olan bir sıra ictimai-siyasi xadimlər Əli İnsanova açıq dəstəklərini ifadə ediblər. 
Onlardan biri – Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Ə.İnsanovun yanında olub-olmayacağı barədə suala belə cavab verib ki, keçmiş nazirlə “görüşüb bəzi məsələləri müzakirə edəndən sonra” bu barədə qərarını verəcək. 
Onu da bildirək ki, keçmiş nazir ötən həftə siyasi müxalifətdə təmsil olunan şəxslərdən bir neçəsi ilə də – həbsxana yoldaşları ilə görüşüb. Bu şəxslər Müsavat üzvü Tofiq Yaqublu, Müsavat başqanının müavini Fərəc Kərimli, NİDA üzvləri İlkin Rüstəmzadə və Əbdül Əbdülov, həmçinin, jurnalist Pərviz Həşimli olub. 

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …