Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Əli İnsanov nələrə ümid edərək partiya yaratdı…

Əli İnsanov nələrə ümid edərək partiya yaratdı…

Sabiq səhiyyə naziri Əli İnsanov yeni partiya yaratdığını elan edib. Əli İnsanov özünə yeni açdığı “Facebook” səhifəsindən bu məlumatı paylaşıb: “Bu gün, 24 noyabr 2019-cu ildə siyasi həmfikirlərimlə birlikdə toplantı keçirdik və yaratmaq istədiyimiz Haqq Ədalət Partiyasının təşkilat komitəsi barədə müzakirə apardıq.

Biz təşkilat komitəsinin üzvlərinin 15 nəfərdən ibarət olması barədə qərar qəbul etdik.

Səsvermə yolu ilə yekdilliklə Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçildilər.

Təşkilat komitəsinin üzvləri aşağıdakılardan ibarətdir:

1) Əli İnsanov – sədr.

2) İsfəndiyar Vahabzadə – Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru, professor, Moldava Respublikasının Milli Elmlər Akademiyasının həqiqi üzvü – akademik.

3) Qalibə Budaqova – Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru, Azərbaycan Respublikası şəhid Milli Qəhrəmanı Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri.

4) Mirədalət Talışxanov – hüquqşünas, Masallı Rayon Məhkəməsinin sabiq sədri, Azərbaycan Respublikası Baş Prokurorunun sabiq köməkçisi.

5) Eyvaz Əliyev – Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının sabiq sədri, Beyləqan rayon icra başçısının sabiq müavini.

6) Oruc Muradov – Ukrayna Respublikası Xarkov şəhərində yaşayır, iqtisadçı, sahibkar, 1988-1990-cı illərdə xalq hərəkatının fəal üzvlərindən biri.

7) İlqar Quliyev – ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı, Azərbaycan Respublikaçılar Partiyasının Sumqayıt şəhər təşkilatının sədri.

8) Babək Adıgözəlov – hüquqşünas, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının idarə heyətinin sabiq üzvü.

9) Yalçın Qəhrəmanoğlu – Ukrayna Respublikası Kiyev şəhərində yaşayır, iqtisadçı-mühəndis, sahibkar, Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurasının üzvü.

10) Əfqan Sadıqlı – jurnalist, “Azel tv”nin rəhbəri.

11) Zaur Bayramoğlu- qazi.

12) Murad Muradov – ictimai fəal.

13) Rəşad Abbaslı – Mühəndis, təşkilat komitəsinin katibi.

14) Fərrux Binətzadə – hüquqşünas, keçmiş polis zabiti.

15) Murad Quliyev – iqtisadçı, hüquqşünas, Amerika Birləşmiş Ştatlarında tədqiqatçı.

İclasda partiyanın təsis konfransına qədər olan dövrdə görüləcək işlər barədə geniş müzakirə apardıq, partiyanın nizamnaməsi və proqramının yazılıb başa çatdırılması üçün tapşırıqlar verildi”.

Bu təqdimatdan sonra Ə.İnsanovun yaratdığı partiya ilə bağlı sosial şəbəkələrdə maraqlı reaksiyalar müşahidə olunub. Demək olar ki, çox böyük əksəriyyət partiyanın adını və ora toplaşanların kimliyini ironik tərzdə qarşılayıb. Doğrudan da həmin siyahıda Bəxtiyar Vahabzadənin keçmiş səfir oğlundan başqa, hansısa tanınmış personaya rast gəlmək mümkün deyil. Ən maraqlısı isə budur ki, daim Qərbi azərbaycanlıları öz ətrafında birləşdirə biləcəyilə bağlı manipulyasiyalar edən sabiq nazirin bu vədi də boşa çıxıb. Çünki təqdim edilən “vitrində” biz həmin qəbildən olan şəxslərə rast gələ bilmirik. Ə.İnsanovun partiya quruculuğundakı ilk cəhdini nə dərəcədə uğurlu saymaq olar?

  • “Onların güvənəcəyi, söykənəcəyi sosial baza da yoxdur”

 “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onlar mərkəz olaraq bu istiqamətdə daha ətraflı araşdırmalar aparırlar: “Müxtəlif prizmalardan apardığımız araşdırmalarla bağlı gələcəyimiz qənaətimizi media ilə bölüşəcəyik. Hələlik isə bununla bağlı ilkin təəssüratlarımı bildirə bilərəm. Yaradılan yeni partiya ideoloji əsasa söykənmədiyi üçün, heç bir uğurlu gələcək vəd etmir. İstər Ə.İnsanov, istərsə də onun ətrafındakı adamları bir maraq birləşdirir, o da qisasçılıqdır. Təqdimatdan da görünür ki, əksəriyyəti cəmiyyətdə ciddi çəkiyə malik olmayan, orta məmur kontingentini təmsil etmiş sabiq məmurlardır. Görünür, onların hamısının nə vaxtsa bu iqtidarla maraqları kəsişib, ona görə də  bir yerə toplaşıblar. Bilirsiniz ki, YAP və onun təmsil etdiyi hakimiyyət uzun müddətdir dövlətçilik yolunda sabitqədəm hərəkət edir. Bunlar isə gedən qatardan düşüb qalmış insanlardır. Həyat inkişaf edir. İqtidar qatarı öz trayektoriyası ilə hərəkət edir. Ə.İnsanovun ətrafındakı insanlar isə hansısa dayanacaqda düşüb qalıblar. Onların hazırkı cəmiyyətdə önə çıxması üçün nə münbit şərait, nə də potensialları var. Yəqin ki, partiya tam formalaşandan sonra biz az sayda müxtəlif  yeni adamları orada görə biləcəyik və onda proseslə bağlı ətraflı rəyimizi təqdim edəcəyik. Partiyanın adını nə istəyirlər qoysunlar. Əsas ad deyil, əsas onun mahiyyəti və kimlərin ora toplaşmasıdır. Onların güvənəcəyi, söykənəcəyi sosial baza da yoxdur. İlkin təqdimatdan görünür ki, onların heç beynəlxalq aləm tərəfindən də qəbul olunmaq perspektivləri yoxdur. Hansı tərəfdən baxsaq, burada bir perspektiv görmürük. Qisas üzərində qurulan təbliğat yalnız sabun köpüyü ola bilər. Xüsusilə də quruma Ə.İnsanovun rəhbərlik etməsi onu indidən uçuruma yuvarladıb. Ambisioz və qisasçılıq adda bir ideologiya yoxdur ki, onun ətrafında siyasi fəaliyyət aparmaq mümkün olsun. Azərbaycanda olan passiv, yalnız sədr və portfelindən ibarət partiyalardan birinin də sayı artmış olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …