“Əli Həsənov 1990-cı ildən bəri hər zaman Heydər Əliyevin yanında olub”
1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuş, hazırda Londonda yaşayan Rza İbadov Əli Nağıyevin son günlər irəli sürdüyü fərziyyələrə cavab verib. “Səs” qəzetinin əməkdaşına müsahibəsində Rza İbadov o dövrün canlı şahidi və baş verən proseslərin bilavasitə iştirakçısı kimi 1990-cı illərə qısa bir ekskurs edərək, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla birgə Ulu Öndər Heydər Əliyevin yanında yer almalarından, onunla birlikdə Moskvadan Bakıya gəlmələrindən və Əli Həsənovun Yeni Azərbaycan Partiyasının Siyasi Şurasına üzv seçilməsindən danışıb.
Müsahibəni və səs yazısını təqdim edirik:
– Rza müəllim, yəqin ki, son günlər keçmiş nazir Əli Nağıyevin
Prezidentin köməkçisi Əli Həsənov barədə səsləndirdiyi iddialar haqqında
məlumatlısınız. O, iddia edir ki, Əli Həsənovu məhz o təqdim edib
Heydər Əliyevə, bir sözlə Əli Həsənovun YAP Siyasi Şuranın üzvü olması
onun adı ilə bağlıdır. Bəhs olunan dövrün canlı şahidi kimi bu haqda nə
deyə bilərsiniz?
– Bilirsiniz, indi dünya qlobal kənd adlandırılır, internetə görə dünya
bir ovuc olub. Ona görə də ölkədə baş verən hər hansı siyasi, iqtisadi
dəyişikliyi, yayımlanan müsahibələri qısa zamanda görə bilirəm. Bəli,
mənə göndərdilər Əli Nağıyevin müsahibəsini oxudum. Sizə açıq deyim,
1990-cı il yanvar hadisələrindən sonra mənim Moskvada yaşayan və
təqaüddə olan Heydər Əliyevlə münasibətlərim yarandı, hətta onların
evinə gedib-gəlməyə başladım. 1990-cı ilin iyun ayının 4-də biz
Moskvadan Bakıya gələcəkdik, mən orda bir neçə insana – Moskvada oxuyan
tələbələrə, aspirantlara, orda çalışan şəxslərə müraciət etdim ki,
bizimlə birgə Bakıya getsinlər. Lakin çox adamlar bunu etmədi. Mən o
zaman Moskva Dövlət Universitetinin aspirantı olan Əli Həsənova deyən
kimi həmin dəqiqə “mən hazıram” dedi. Biz gəlmək üçün biletlərimizi
aldıq. Lakin bilirsiniz ki, ayın 4-də (iyun) Əjdər Xanbabayev qətlə
yetirildi və biz gələ bilmədik, yalnız iyul ayının 20-də biz – mən və
Əli Həsənov Heydər Əliyevlə birgə Moskvadan Bakıya gəldik. İkinci məsələ
isə Əli Həsənovun Yeni Azərbaycan Partiyası Siyasi Şurasına üzv
seçilməsi məsələsidir. O zaman Naxşıvanda YAP-ın təsis konfransı
keçirilirdi, mən də Naxçıvan Ali Məclisində beynəlxalq əlaqələr
şöbəsinin müdiri idim. O zaman Ali Məclisin sədri Heydər Əliyev məni
yanına çağıraraq dedi ki, istəyirəm gənclərdən bir nəfər Siyasi Şuranın
üzvü olsun. Sən mənim yanımda işləyirsən deyə istəmirəm söz-söhbət
olsun. Kimi tanıyırsan, kimi bilirsən? O zaman Əli Həsənov artıq
aspirantura təhsilini başa vuraraq Naxçıvana qayıtmışdı və universitetdə
işə başlamışdı. Əlbəttə ki, Heydər Əliyevə sədaqəti və partiya
quruculuğu işində öz fəalığı ilə seçilən Əli Həsənov bu vəzifəyə ən
layiqli namizəd idi. Mən dedim ki, cənab sədr, o vaxt Moskvadan bizimlə
birgə gələn Əli Həsənov artıq Moskva Dövlət Universitetində aspirantura
təhslini başa vurub və Naxçıvan Dövlət Universitetində işə başlayıb.
İcazə verirsinizsə onu cəlb edək. Heydər Əliyev isə “çox ağıllı
fikirdir, onu çağır gəlsin yanıma” dedi. Yəni, Əli Həsənovun YAP-ın
Siyası Şurasına üzv seçilməsi birbaşa Heydər Əliyevin şəxsi istəyilə
olubdur və özü onun namizədliyi üzərində durubdur. (Sia.az)