Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Əli Həsənov: “Dövlət Departamentinin Azərbaycandakı vəziyyətə münasibəti həmişəki kimi yenə də tendensioz xarakter daşıyıb”

Əli Həsənov: “Dövlət Departamentinin Azərbaycandakı vəziyyətə münasibəti həmişəki kimi yenə də tendensioz xarakter daşıyıb”

Elman Nəsirov: “Azərbaycana qarşı təzyiq, diktə dili ilə danışmaq siyasəti qəbuledilməzdir”

ABŞ Dövlət Departamentinin dünya ölkələrindən insan haqlarının durumuna dair illik hesabatı yayılıb. Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, ölkədə daha öncəki illər baş verən insan haqları ilə bağlı problemlər 2017-ci ildə də davam edib. Ən ciddi insan haqları pozuntuları sırasında məhbusların ölümü, işgəncələr, ağır və bəzi hallarda həyata təhlükə yaradan saxlanılma şəraiti, ixtiyari həbslər, hüquqi azadlığın olmaması, siyasi məhbuslar, ifadə azadlığına basqılar, jurnalistlərə qarşı fiziki təhdid, özəl həyata müdaxilə, toplaşma hüququna qarşı məhdudiyyətlər və digərləri misal göstərilib.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Trend-ə bildirib ki, ABŞ Dövlət Departamentinin Azərbaycandakı vəziyyətə münasibəti həmişəki kimi yenə də tendensioz xarakter daşıyıb: “Hesabatın hazırlanma metodologiyası hər bir məsələyə dair konkret bir, bəzi hallarda isə bir neçə faktın konstatasiyası, onların müəyyən siyasi dairələrin maraqlarına uyğun, qərəzli şəkildə təsviri, müvafiq nəticənin hasil edilməsi və bütün sahə üzrə ümumiləşdirilməsi prinsipi üzərində qurulub. Belə yanaşma, habelə mənbələrin göstərilməməsi, bir qayda olaraq ”ekspertlər”, “fəallar”, “QHT təmsilçiləri” və bu kimi müəmmalı “mənbələrə” “istinad edilməsi” hesabatın obyektivliyini və şəffaflığını ciddi şübhə altına alır”.

Əli Həsənov qeyd edib ki, 2013-cü il prezident seçkiləri də daxil olmaqla, Azərbaycanda keçirilən bütün seçkilər beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinə uyğun, demokratik, ədalətli və şəffaf olub. Xalqın iradəsini əks etdirib. Bu fakt çoxsaylı xarici və beynəlxalq müşahidəçi qrupların açıqlamalarında və hesabatlarında da öz əksini tapıb: “Azərbaycan demokratik dövlətdir, Konstitusiya normalarına uyğun olaraq ölkədə qanunverici, icra və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyəti təmin olunub. Buna görə də hansısa şübhəli ”faktlar” əsasında hakimiyyət qanadlarının, ayrı-ayrı dövlət orqanlarının nüfuzunu aşağılayan qərəzli iddiaları qəbul etmirik və onları ciddi əsası olmayan subyektiv mülahizə kimi qiymətləndiririk”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda söz və məlumat, sərbəst toplaşmaq azadlığı, fikir plüralizmi də daxil olmaqla, bütün demokratik normalar təmin olunub: “Ölkədə yüzlərlə kütləvi informasiya vasitəsi, çoxsaylı jurnalist ordusu tam sərbəst fəaliyyət göstərir. Sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxınlaşır, ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bu gün Azərbaycanda 3 mindən çox QHT fəaliyyət göstərir və öz təşəbbüsləri, praktiki addımları ilə cəmiyyət həyatının bütün sahələrinin inkişafına əməli töhfələr verirlər. Odur ki, hesabatda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin ”məhdudlaşdırılması” barədə iddialar yalnız təəssüf doğurur”.

Ə.Həsənov əlavə edib ki, 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında seçki mədəniyyətinin qənaətbəxş səviyyədə olduğunu təsdiq etməklə yanaşı, həm də partiyaların siyasi proseslərdə iştirak səviyyəsini əyani şəkildə göstərdi: “Avropa və Amerikada olduğu kimi, Azərbaycanda da marginallaşmış siyasi qruplar cəmiyyət tərəfindən inkar edilir, öz ambisiyalarını reallaşdırmaq imkanlarını getdikcə itirirlər. Bu, Azərbaycanda siyasi sistemin çatışmazlığı deyil, əksinə, cəmiyyət həyatında təhlükəsizliyi, sabitliyi, tolerantlığı təmin edən mühüm üstünlükdür. Təəssüf ki, Dövlət Departamentinin hesabatında bu kimi məsələlər də tərs-mütənasib təsvir olunur və arzuolunmaz nəticələr hasil edilir.

O ki qaldı hesabatda “siyasi məhbuslar”, “təzyiqlər”, “həbslər” və digər bu kimi iddialara, hesab edirik ki, Qərb ölkələrində bu kimi faktlar daha çoxdur. Həmin faktlar Dövlət Departamenti tərəfindən eyni metodologiya əsasında şərh olunarsa, hansı nəticələrin ortaya çıxacağını təsəvvür edə bilərik”.

Elman Nəsirov ile ilgili görsel sonucu

Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında Dövlət Departamentinin Azərbaycanla bağlı yazdıqlarının əsassız olduğunu bildirib. Bu hesabatda Azərbaycanla bağlı hissə tamamilə qərəzli yanaşmadır: “Əvvəla, o səbəbdən ki, Azərbaycan son 15 il ərzində demokratik inkişaf yolunda çox ciddi addımlar atıb. Azərbaycanda söz, mətbuat, sərbəst toplaşmaq azadlığı, siyasi fəaliyyət azadlığı tam təmin edilib. Eyni zamanda Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində çox ciddi müsbət tendensiyalar var. Demokratiyanın ən mühüm göstəricilərindən biri odur ki, fikir azadlığı olsun. Bu gün əhalinin 80 faizi azad şəkildə internetdən istifadə edir. Əgər bir ölkənin əhalisinin 80 faizinin internetdən istifadə imkan və azad şəkildə sosial şəbəkələrdən istifadə etmək imkanı varsa, onda bu halda Azərbaycanda insan hüquq və azadlıqları sahəsində, demokratiya sahəsində ciddi problemlərin olmasından bəhs etmək ikili standartların, Azərbaycana qarşı qərəzli yanaşmanın nəticəsidir. Azərbaycanda guya siyasi məhbusların olması, həbsxanalarda məhbuslara münasibətdə işgəncələrin olması, jurnalistlərə qarşı təzyiqlərin olması, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı sahəsində ciddi problemlərin olması ilə bağlı Dövlət Departamentinin hesabatındakı fikrilər tamamilə reallığa ziddir, ədalətsizdir. Bu, birbaşa anti-Azərbaycan siyasi dairələrin təqdim etdikləri əsassız mənbələr əsasında hazırlanmış hesabatdır. Azərbaycanda həm siyasi, həm iqtisadi islahatlar paralel şəkildə aparılır və aparılmaqdadır. ABŞ-ın əksər ştatlarında ölüm cəzası saxlanılır. Amma Azərbaycanda ölüm hökmü ləğv edilib. Azərbaycanda hələ ulu öndərin zamanında mətbuatda senzura tamamilə ləğv edilib. Həmin siyasəti Azərbaycan prezidenti İlham Əliyev davam etdirir. Azərbaycan prezidenti İlham Əliyev andiçmə mərasimində də dedi ki, biz demokratik  inkişaf yolu seçimini kimlərinsə xoşuna gəlmək, yəni Dövlət Departamentinin xoşuna gəlmək üçün etməmişik. Bu, bizim dövlət idarəçilik fəlsəfəmizdən irəli gəlir. Demokratik inkişaf yolu bizim seçimimizdir. Azərbaycanda keçirilən hər seçki xalqın siyasi iradəsinin ifadəsi olur. Odur ki, Dövlət Departamentinin hesabatındakı Azərbaycanla bağlı fikirlər bizdə çox böyük anlaşılmazlıqla qarşılanır”.

Deputat qeyd etdi ki, Dövlət Departamenti obyektivlik iddiasındadırsa, niyə Ermənistanda insan hüquqları ilə bağlı məsələlərdə belə obyektivliyi nümayiş etdirmir. Ermənistanda insan hüquq və azadlıqlarından danışmağın özü, ümumiyyətlə, mənasını itirib. Lakin ABŞ Dövlət Departamenti oradakı vəziyyəti görməzlikdən gəlir: “Ermənistanda hakimiyyətə etiraz edən xalqa qarşı güc tətbiq edilir, təzyiq üsulları işə salınır, deputatlar həbs edilir, oğurlanır. Bəs, niyə Dövlət Departamenti  bu vəziyyətlə bağlı qəti mövqeyini ortaya qoymur? Bax, bu cür düşündürücü suallar var ki, buna cavab verilməlidir”.

O ki qaldı Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı məlum fikirlərin iki ölkə arasında münasibətlərə təsir etməsinə, Azərbaycan dövləti xarici siyasətdə balanslaşdırılmış siyasət yürüdür. Bu siyasəti prezident İlham Əliyev peşəkarcasına davam etdirir. Azərbaycan ABŞ-la əlaqələrin inkişafı xəttinə sadiqdir: “Biz Birləşmiş Ştatları strateji tərəfdaşımız hesab edirik. Bu məntiqlə də münasibətlərimizi qururuq. Münasibətlərimizdə bərabər hüquq, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı faydalı münasibətlər əsas prinsiplərdir. Biz bundan çıxış edərək istənilən dövlətlə, eyni zamanda ABŞ-la münasibətlərimizi tənzimləyirik. Azərbaycana qarşı təzyiq, diktə dili ilə danışmaq siyasəti qəbuledilməzdir. Azərbaycan öz yolu ilə gedir və heç kimin daxili işlərinə qarışmır. Eyni zamanda bizim də daxili işlərimizə qarışmağın əleyhinəyik. Münasibətlərdə hər hansı anlaşılmazlığın yaranmasına görə məsuliyyət qarşı tərəfin üzərinə düşür. Azərbaycana qarşı ədalətsiz münasibətin ortaya qoyulması Azərbaycan-ABŞ münasibətlərinin nə bu gününə, nə də perspektivinə xidmət etmir”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …