Ana səhifə / Siyasət / Əli Həsənov AXC-Müsavat hakimiyyətinin “xaricdə təhsil” strategiyasının natamam mahiyyətinə toxundu – o dövr funksionerlərindən reaksiya var…

Əli Həsənov AXC-Müsavat hakimiyyətinin “xaricdə təhsil” strategiyasının natamam mahiyyətinə toxundu – o dövr funksionerlərindən reaksiya var…

Fazil Mustafa: “AXC hakimiyyəti dönəmində yalnız bir dövlət Azərbaycana ödənişsiz ali təhsil imkanlarını təklif edirdi”
Əliməmməd Nuriyev: “Həmin dövrdə geniş həcmdə tələbə göndərişi baş vermədi”

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Facebook” səhifəsindən paylaşdığı müəllif yazısında Azərbaycan dövlətinin müxtəlif hakimiyyət dönəmlərində tələbələrin xaricdə təhsili ilə bağlı yürütdüyü siyasət arasında müqayisəli təhlil aparıb. 

Əli Həsənov qeyd edib ki, indi ən ucqar kəndlərimizdə böyüyən gənclər dövlətin himayəsi sayəsində aparıcı xarici universitetlərdə təhsilin müxtəlif pillələri üzrə yaxşı perspektiv vəd edən, dünyanın gələcəyini müəyyən edəcək ixtisaslara yiyələnməkdədirlər: “Əlbəttə, deyilə bilər ki, AXC hakimiyyəti illərində də xaricə təhsil almağa göndərilənlər olub. Amma o göndərişin coğrafiyası təkcə bir ölkə ilə yekunlaşırdı, tələbələr həmin ölkənin ümidinə buraxılırdı və gənclər zərurət duyulan peşə və ixtisaslara deyil, AXC hakimiyyətinin ideoloji beyinyuma, azərbaycanlıları “yenidən formatlama” siyasətinə uyğun olaraq əsasən filologiya, tarix, sosial elmlər kimi sahələrə yönləndirilmişdilər. AXC və YAP iqtidarlarının fərqi də bundadır: bizim partiya vətəndaşı dövlət və ya daha pisi, hansısa ideologiya üçün vasitə, xammal olaraq görmür. Ümummilli liderimizdən bizə miras qalan ən mühüm tövsiyə budur – dövlət vətəndaş üçündür”.

Göründüyü kimi, Əli Həsənov AXC dönəmində tələbələrimizin xaricdə təhsil almaları ilə bağlı müəyyən problemlərin olduğunu açıq mətnlə ifadə edib və xaricdə təhsil strategiyasını alt-üst edib. Onun bu iradlarına münasibət öyrənmək üçün həmin dönəmdə AXC-nin fəalları,  hakimiyyət funksionerləri olan şəxslərə müraciət etdik.

Millət vəkili Fazil Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələnin iqtidara bölünməsi ilə bağlı məsələyə bir qədər fərqli yanaşır: “Təbii ki, hazırda dövlətin təsir imkanalrı daha genişdir. AXC hakimiyyəti dönəmində yalnız bir dövlət Azərbaycana ödənişsiz ali təhsil imkanlarını təklif edirdi. Bu da Türkiyə idi. Buna görə də həmin müqavilə məhz Türkiyə ilə bağlanmışdı. Müstəqillik yeni qurulduğu üçün, digər ölkələrlə əməkdaşlıq yuxarı səviyyədə deyildi. Həmin vaxt olan prosesləri bu baxımdan təbii qəbul etməliyik. Hazırda xaricdə təhsillə bağlı Azərbaycanın imkanları xeyli genişlənib. Bu da müsbət haldır. O dövrün imkanları ilə indiki fərqli olduğunu da ədalət naminə qeyd etməliyik. Türkiyədən başqa bizə həmin imkanı heç bir ölkə yaratmadı. Sonradan hakimiyyət dəyişdiyinə görə AXC hakimiyyəti həmin imkanları genişləndirə bilmədi. Bütövlükdə, indiki halda təhsil imkanlarımızın daha da genişlənməsi sevindiricidir”.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev qəzetimizə açıqlamasında bildirdi ki, AXC zamanında xaricdəki təhsilin yalnız Türkiyədə alınmasının bir sıra səbəbləri olub: “AXC-dən əvvəlki iqtidarların dönəmində xaricdə təhsilin istiqaməti yalnız Rusiya idi. Əbülfəz Elçibəyin prezidentliyi dönəmində müsabiqə yolu ilə seçilən tələbələr Türkiyədə təhsil almağa göndərildi. Həmin dövrdə geniş həcmdə tələbə göndərişi baş vermədi. Ona görə də ola bilsin ki, seçilən ixtisaslar da az olub. 2007-ci ildə Dövlət Proqramı qəbul ediləndən sonra xaricdə təhsil daha genişlənməyə başladı. Çox müxtəlif ölkələri və ixtisasları əhatə etdi. Daha çox iqtisadiyyat və əsas etibarilə dəqiq fənlər üzrə həyata keçirildi. Bu proses hazırda da uğurla davam edir. Dövlət Proqramı başa çatandan sonra hazırda Gənclər Fondu tərəfindən də xaricdə təhsilin maliyyələşməsi istiqamətində addımlar atılır. Əsasən də magistratura və Azərbaycanın ehtiyac duyduğu sahələr üzrə təhsilin maliyyələşməsi uğurla həyata keçirilir. Hansı dönəmdə olmağına baxmayaraq, Azərbaycan gəncinin xaricdə təhsil alıb ölkəyə gələcəkdə fayda verə bilməsi bizi sevindirir. “SOCAR” xəttilə də çoxsaylı tələbə xaricdə oxuyur. Bu istiqamətdə xeyli iş görülüb. Hörmətli Əli müəllim doğru olan faktı deyib”.

Göründüyü kimi, o dövrün hakimiyyət funksionerləri Əli Həsənovun yazısındakı hər iki məqam – həm təhsilin bir dövlətlə, həm də çox humanitar-sosial bilimlərlə məhdudlaşdığı barədə fikirlərilə razılaşırlar.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …