Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Əli Əliyev: “Müxalifətdə hərə özünə iqtidardaxili qrupların yanında sığınacaq axtarır”

Əli Əliyev: “Müxalifətdə hərə özünə iqtidardaxili qrupların yanında sığınacaq axtarır”

Müxalifət düşərgəsində yaranan gərginlik, qarşılıqlı ittihamlar pik həddə çatıb. Hər keçən gün siyasi partiyalar arasındakı qarşıdurma güclənir. Müxalif camiənin öndə gedən qurumları bir-birini hətta xəyanətdə, satqınçılıqda ittiham edirlər.

İlk olaraq, İngiltərədə yaşayan hüquqşünas Qurban Məmmədovun rəhbəri olduğu və internet üzərindən canlı yayım zamanı ölkə müxalifətinə yönəlik səsləndirdiyi fikirlər narazılığın bünövrəsini qoydu. Müsavat, AXCP-nin nəzarətində olan Milli Şura və digər qurumlar kütləvi şəkildə hüquqşünasın üzərinə hücuma keçdilər. Q.Məmmədov günlərlə “məhşər ayağına” çəkildi. Həmin günlərdə REAL Məclisinin sədri Erkin Qədirlinin müxalifət təcrübəsiz olmadığını, təcrübə toplayana qədər hazırkı hakimiyyətin qalmasının vacibliyi barədə açıqlamaları gərginliyi pik həddə çatdırdı. E.Qədirli indiyə qədər siyasət aləmində üzləşmədiyi tənqidlərə, təhqirlərə “qonaq edildi”.

Onun müdafiəsinə qalxan partiya həmkarı Xalid Bağırovun bu hücumların iştirakçılarını pozğun qadınlara bənzətməsi qarşıdurmanı daha da körükləndirdi. Bu narazılıq da bitməmiş Müsavat və Ümid partiyaları bir-birinə savaş açdılar. Buna səbəb də Müsavat başqanı Arif Hacılı və Ümid sədri İqbal Ağazadənin Meydan.TV-nin canlı yayımında 2003-cü ilin 15-16 oktyabr hadisələrindən danışarkən bir-birini təhqir etmələri oldu. Bu gərginliyi İ.Ağazadənin bu günlərdə Q.Məmmədovun verilişinə çıxması və orada səsləndirdiyi fikirlər daha da artırıb.

Son olaraq, keçmiş müdafiə naziri Rəhim Qazıyevin açıqlamaları yeni bir narazılıq dalğası yaradıb. Sabiq nazir Müsavatın 2003-cü il 16 oktyabr hadisələri zamanı 3 milyon dolları aradan çıxardığı barədə müdhiş iddia səsləndirib. Onun bu ittihamına Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı AzEuroNews.com-da bu cür mövqe sərgiləyib: “Rəhim Qazıyev kimi vətən xainlərinin sözünə şərh vermirəm. Belə də yazın…”

Siyasi şərhçilər bu cür halların müxalif düşərgəyə ciddi zərbə vurduğunu, onları parçaladığını  bildirirlər. Bu düşərgənin illərdir yaşadığı böhranın səbəblərdən biri kimi də onların bir-birilərini sıradan çıxarmağa üstünlük vermələri, düşərgə daxilində liderlik savaşı aparmaları göstərilir.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev baş verənlərin təsadüf olmadığını düşünür: “Qarşıdurmanın vüsət alması siyasətin pərdəarxasıdır. Sadalanan tərəf və hadisələrin üzvü bağları var. Ölkə yeni mərhələyə keçid astanasındadır. Bu transferin mabədi parlament seçkiləri olacaq. Ən ciddi iş parlamentin tərkibi ilə bağlıdır. Müxalifətdəki süni gərginlik də bu səbəbdəndir. Hamı yeni konfiqurasiyadan nigarandır. Başa düşülməyən alogizm də buradan qaynaqlanır. Çünki məntiqlə müxalifət yeganə resursu olan ictimai narazılıqdan istifadə etməlidir. Bunun üçün isə ən produktiv yol inteqrasiyadır. Lakin biz bunun əksini, de-inteqrasiyanı, yaxud bəsit intriqa görürük. Əslində bu “bəsitliyin” arxasında ciddi niyyətlər gizlənir. Məram isə məğlubiyyətlə barışmış bir sıra təşkilatların yeni müxalifətə müxalifətçilik etmək arzusudur. Ona görə də hakimiyyətə gəlmək deyil, müxalifətin lideri olmaq uğrunda mübarizə alovlanıb. Amma burada da vəziyyət birmənalı deyil. Bəziləri rəsmən “gözləməyi” təklif etməklə, prezidentlikdə gözlərinin olmadığını yuxarılara çatdırır, yeni parlament tərkibində lütfə uyğun sayda mandatla barışdıqlarını deyir, cəmiyyəti çaşdırırlar. Digərləri gecikdiklərini zənn edib ştreykbrekerlərə hücum edirlər.

Bir başqası müxalifətə müxalifət ola biləcəyi formada olduğunu gözə soxur. Dördüncüsü sıradan çıxmadığını, hələ ayaqda olduğunu nəzərə çatdırmaqla yanaşı, ölkədə baş verənlərə göz yumur, danışmır. Bir sözlə, hərə öz hayında, praqmatik maraqların peşindədir. Mübarizə iqtidar – müxalifət müstəvisindən mahiyyəti ilə çıxıb. Hərə özünə iqtidardaxili qrupların yanında sığınacaq axtarır. Etiraf etmək lazımdır ki, aparılan siyasət bunu diktə edir. Çünki peşəkarlar bilir ki, mövcud beynəlxalq konyunkturada siyasi varlığın yeganə cığırı bu taktikadır. Əlbəttə ki, belə yanaşma daha çox praqmatizmə yaxındır. Ölkədə idealist tərəflər çox deyil. Ona görə də siyasi tablomuz görünən ağır mənzərədədir”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

REAL-ın icraçı katibi Natiq Cəfərli digər partiyaların qarşıdurmaları ilə bağlı danışmaq istəmədi: “Özümüzə aid məsələyə münasibət bildirə bilərəm. Digər partiyaların arasında yaşanan gərginlik onların öz işləridir. Bu ilk dəfə deyil, son 20 ildə bunun dəfələrlə şahidi olmuşuq. REAL-la bağlı məsələ barədə onu deyə bilərəm ki, Erkinin açıqlamaları müəyyən rezonans doğurdu. Şəxsən mənim razı olmadığım məqamlar da burada var idi. Amma ən azından insanları düşünməyə dəvət etdik. İnsanları problemləri görməyə və gələcəkdə bunların həllini düşünməyə çağırdıq. Bu nöqteyi-nəzərdən belə müzakirələr olması düşünürəm ki, pozitiv oldu. Belə demək mümkündürsə, bəzi insanların daxillərində olanlar üzə çıxdı. Erkin Qədirlinin həyat təcrübəsindən doğan şəxsi fikirləri ən azından ciddi diskussiya yaratmalı idi. Müxtəlif kəsimlərdə də bu diskussiyanı yarada bildi. Amma bəzi kəsimlərdə də çox təəssüflər olsun ki, diskussiya deyil, ittihamlar, qarayaxmalar yarandı. Açığı bu insanda xəyal qırıqlığı yaradır. Çünki müxalif düşərgə öz-özlüyündə demokratik olmalıdır. Yəni müxtəlif fikirlərə açıq olmalıdır, müzakirə mədəniyyəti yaranmalıdır. Normal şəkildə olan fikirlərə əks arqumentlərlə cavab vermək lazımdır. Çox təəssüf ki, uzun illərdir əks, müxtəlif fikir söyləyən insanlara qarayaxmalar olur, həmin  insanlar aşağılanır. Erkinin intellektual potensialı, akademik bilikləri dünya səviyyəsində tanınıb. O, Azərbaycanda nadir insanlardandır ki, demək olar hər ay beynəlxalq konfranslara dəvət alır, çıxışlar edir. Ona arqumentlə cavab vermək olardı. Onun fikirləri ilə bağlı partiyamız daxilində də müzakirələr oldu. Bəzi fikirlərinin düzgün olmadığını dostcasına bu müzakirələr zamanı dedik”. (Musavat.com)

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …