Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Əli Əhmədov apteklərə baxış keçirdi

Əli Əhmədov apteklərə baxış keçirdi

Baş nazirinin müavini Əli Əhmədov paytaxtda yerləşən bir sıra apteklərdə əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə maraqlanıb.

AZƏRTAC-ın məlumatına görə, “Zeytun” aptekinə gələn Əli Əhmədov burada dərman preparatlarının qiyməti və keyfiyyəti ilə tanış olub, aptek işçilərinin problemləri ilə maraqlanıb və onlara öz tövsiyələrini verib. Söhbət zamanı əczaçılar dərman vasitələrinin satışının yeni qayda ilə həyata keçirildiyini, dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı qərarı alqışladıqlarını bildiriblər.

Jurnalistlərə müsahibə verən baş nazirin müavini deyib ki, sentyabrın 15-dən etibarən Tarif Şurası tərəfindən təsdiq edilmiş 25 təsiredici maddə üzrə 1057 adda dərman vasitəsinin yeni qiymətləri qüvvəyə minib. Artıq ölkənin bütün apteklərində həmin dərman vasitələrinin eyni qiymətə satışı həyata keçirilir. Satışına icazə verilən digər dərmanların qiymətləri isə yaxın vaxtlarda müəyyənləşəcək. Bu addımın atılması heç də təsadüfi deyil. Son vaxtlaradək Azərbaycanın dərman bazarında dərman satışında vahid qiymətin olmaması əsas problemlərdən biri idi. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dərmanların qiymətləri ilə bağlı iradlarından sonra bu istiqamətdə müvafiq tədbirlər görülməyə başlanılıb. Məqsəd əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsinə nail olmaq, dərmanların baha qiymətə satılmasının qarşısını almaqla vətəndaşların büdcəsinə müsbət təsir göstərməkdir.

Əli Əhmədov qeyd edib ki, bu praktika dünyanın əksər ölkələrində tətbiq olunub. Qarşıda duran daha vacib məsələ dərman vasitələrinin keyfiyyətinə nəzarəti gücləndirməkdir: ” Dərmanların keyfiyyətli olması ən vacib məsələdir. Bu funksiyanı Səhiyyə Nazirliyinin nəzdində yaradılmış qurum həyata keçirir. Söz yox ki, bu qurum öz fəaliyyətini daha da gücləndirəcək. Burada yaradılan şərait onu göstərir ki, Azərbaycanın dərman bazarı ciddi şəkildə nizam-intizam cəlb olunur. Bu, ondan xəbər verir ki, atılan addım doğrudur və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir”.

Dərman qıtlığına toxunan baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda lazımı dərman ehtiyatı var və bu, daim idarə olunan bir prosesdir: “Səhiyyə Nazirliyi bu istiqamətdə qabaqlayıcı tədbirlər görür. Ola bilsin ki, dərmanların qiymətlərinin tənzimlənməsi ilə əlaqədar qısa vaxtda problemlər ortaya çıxsın, amma gələcəkdə onlar tamamilə aradan qaldırılacaq. Ölkədə dərman qıtlığı olmayacaq. Dünyada çoxlu dərman növləri var. Apteklərimizdə bir adda dərmanın tapılmaması o tərkibdə dərmanın olmaması anlamına gəlmir”.

“Ölkəyə idxal olunan bütün bahalı və ucuz dərmanların üzərində Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlər olacaq. Məqsədimiz Azərbaycana bahalı dərmanlarının idxal olunmasının qarşısını almaq deyil. Söhbət ondan gedir ki, gətirilən dərmanların üzərinə daha yüksək qiymətlər qoyulmasın”,- deyə Əli Əhmədov bildirib.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …

Bir cavab yazın