Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / ƏHƏD ABIYEVİN UĞURSUZ HESABATI

ƏHƏD ABIYEVİN UĞURSUZ HESABATI

Ötən ay Daşkəsən rayon İcra Hakimiyyətində hesabat tədbiri keçirilib. Rayonun icra başçısı Əhəd Abıyev ictimaiyyət qarşısında illik hesabat verib. Hesabat konfransında rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, millət vəkilləri, ayrı-ayrı səhiyyə və təhsil işçiləri, ayrı-ayrı rəsmi şəxslər iştirak ediblər.
Hesabat yoxsa?
Ə.Abıyev tədbirdə rayonda görülən işlərdən, inkişafdan ağızdolusu danışıb. İcra başçısı tədbirin yekununda Bakıdan gələn şəxslərə qonaqlıq verməyi də unutmayıb.
Bu barədə mötəbər mənbədən “Gündəm-xəbər”ə məlumat daxil olub. İcra başçısının saxta hesabatı və yalan statistikası ilə əhatələnmiş çıxışı gurultulu alqışlarla başa çatıb. Paytaxtdan gələn qonaqlar isə icra başçısının hesabından olan ziyafətdə iştirak ediblər.
Məlumata görə, rayonda problemlərin dizə qədər olması, çətinliklərin xirtdəyə çatması, məmur özbaşınalıqlarının həddini aşmasına baxmayaraq Daşkəsənin inkişafından bəh-bəhlə danışılıb. Halbuki bu ucqar dağ rayonunda nələr baş verdiyini görmək və bilmək üçün mətbuatda gedən son yazılara nəzər yetirmək kifayətdir.
Elə “Gündəm-xəbər”in ötən saylarının birində də bu haqda geniş məqalə dərc olunub, faktlar ortaya qoyulub. Ə.Abıyevin biznes əlaqələri, qanunsuzluqları, rayondakı problemləri tək-tək qeyd edilib. İcra başçısı haqda həmin geniş araşdırma yazısı ciddi rezonans doğurub.

Başçının reaksiyası…

Sonra müxtəlif saytlar və qəzetlər də istinadla yazını dərc ediblər. Tutarlı və geniş bir yazıya isə icra başçısı “Gündəm-xəbər”də reaksiya vermək, münasibət bildirmək əvəzinə ayrı mətbu orqanda açıqlaması ilə kifayətlənib. Ə.Abıyev qəzetlərdən birinə müsahibəsində “Gündəm-xəbər”in yazdıqlarına ad çəkmədən münasibət bildirib, araşdırma yazısındakı detallara toxunub, yazıdakı tənqidi fikirləri öz mövqeyini bildirib.
Halbuki, icra başçısı yazının dərc olunduğu qəzetlə əlaqə saxlaya və açıqlama verə bilərdi. “Gündəm-xəbər” qəzetinin də Ə.Abıyevə qarşı heç bir qərəzi yoxdur və məmnuniyyətlə onun fikirlərinə peşə etikasına uyğun olaraq yer ayıra bilərdi. Ancaq icra başçısı başqa qəzetdə “Gündəm-xəbər”də çap olunmuş yazının tezislərinə münasibət bildirməyə üstünlük verib.
Qəzetimizdə tənqidi bir yazı dərc olunub, təhqirə yol verilməyib və bir rayon haqda, onun rəhbəri barəsində məlumatlar ictimailəşdirilib. Ə.Abıyevə bu məsələlərlə əlaqədar zəng etməyə çalışsaq da, danışmaq mümkün olmadı. İstənilən halda onun mövqeyini dərc etməyə yenə hazırıq. Bəs həmin yazıda nələrdən həs olunurdu? O məlumatlar ki, icra başçısı hesabat tədbirində bir kəlmə də danışmayıb.

Karxanaların təkzibi?

Ondan başlayaq ki, Abıyevin neçə ildir başçılıq etdiyi Daşkəsən rüşvət və problemlər bataqlığında çabalayır. Rayonun rəhbəri Əhəd Abıyevin əsas vaxtını Bakıda keçirməsinə görə ucqar dağ rayonu başdı-başına qalıb.

Nəticədə Ə.Abıyev rayonda qanunsuzluqların çoxalması üçün əlverişli imkan yaradıb. İcra başçısı filiz biznesindən, daş karxanaların sahiblərindən, Xoşbulaq və Narzanda yerləşən istirahət mərkəzlərindən və ayrı-ayrı idarələrdən aylıq bac, xərac toplamasa onların fəaliyyətinə imkan verməz.

Salyanın icra başçısı Tahir Kərimovun Daşkəsəndəki obyektləri, daş karxanaları Əhəd Abıyev tərəfindən idarə olunur. T.Kərimov Daşkəsənə rəhbərlik edərkən bu rayonda bir neçə daş karxanası olub. Vəzifəsini dəyişəndən sonra təbii ki, obyektlərini özü ilə aparası deyildi. Əhəd Abıyevlə “dostcasına” razılığa gəliblər. T.Kərimovun yeni başçıya “haqq” verməsi müqabilində.

Rayonun kəndləri isə səfalət içində yaşayır. Onlar işsizlikdən gileylənir. Çünki vəzifələrdə qonşu rayonların adamları yerləşdirilib. Ə.Abıyevin bu bölgənin insanlarına ögey münasibəti rəhbər təyin olunduğu vaxtdan müşahidə olunur.

Eyni zamanda manatın üzən məzənnəyə keçidi əhalinin vəziyyətini çətinləşdirib. İcra başçısı isə qiymətlərin tənzimlənməsinə nəzarət etmir. Çünki başının biznesinə qarışdığı qeyd olunur.

Odur ki, ölkə prezidenti İlham Əliyevə ünvanlı müraciətlərdə Əhəd Abıyevin Xoşbulaqdakı toxunulmaz dövlət torpaq sahələrini dağıdaraq hasarlaması, torpağın darmadağın edilərək xəndəkləməsi qeyd olunub.

Sosial problemlərin siyahısı
Sosial problemlərə gəlincə, Daşkəsən rayonu 5 ildir su üzünə həsrət qalıb. Rayon su idarəsinin müdiri Pənah Əhmədov vəzifəyə gələndən su sayğaclarının quraşdırılması dayandırılıb. Yerli sakinlər qeyd edirlər ki, idarə müdiri suyu fermer təsərrüfatlarına satıb, əhalini isə susuz qoyub. P.Əhmədov bu “əməliyyat” hesabına böyük gəlirlər əldə edib.

Abonentlərdən su pulu isə yığılması öz növbəsində davam edir. Daşkəsənlilər 5-9 gündən bir su görür ki, o da cəmi yarım saat. İdarə müdirinin başı isə su borularının təmiri adı altında pul silinməsinə qarışıb.

Rayonun istixanaları da darmadağın edilib. 1860 abunəçisi olan şəhərin 70 faizində su sayğacı yoxdur. Bu hesabla sayğacı olan sakinlərdə su sayğacı 30-50 qəpik yazdığı halda sayğacı olmayan sakinlərdən adambaşı hesabla 2-4 manat pul yığılır.

O da orta hesabla hər ay 4-5 min manat artıq pul yığılıb mənimsənilməsinə gətirib çıxarır. Yay aylarında Qoşqar su xəttini hər heyvan sürüsünə 1000-2000 manat olmaqla, hər bağ evinə 100-300 manat olmaqla alınaraq Xoşbulaqda satılır.

Bu da orta hesabla hər il yay aylarında 30000-45000 manat pul deməkdir. Pənah Əhmədov ustalıqla bu pulu mənimsəyir və əhali də susuz qalır. Hər il Baş İdarədən rayon su xəttini təmirinə 100 000 manat pul ayrılır. Cari ildə təmir adı altında saxta sənədlə Pənah Əhmədov vəsaiti mənimsəyib.

Bundan başqa, bir müddət əvvəl Əhəd Abiyev yaylaq qalmaqalı ilə gündəmə gəlib, çobanlara Daşkəsən yaylağına qalxmaq üçün rüşvət tələb edib. Çobanlar isə bununla bağlı prezident İlham Əliyevə, ölkənin birinci xanımına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayət ərizəsi ilə müraciət ediblər.

Çobanlar bildirirlər ki, Əhəd Abiyevin özbaşına əməlləri nəticəsində onların yaylaq hüquqları kobud şəkildə pozulub. Belə ki, Ə.Abiyevin Bakı şəhərində yanacaqdoldurma məntəqələri, istehsalat sahələri, Xətai rayonunda 680 kv.m, 1460 kv.m və 5543,4 kv.m torpaq sahəsi, Badamdarda 3 ədəd villası, Qaradağ rayonunda milyonlarla manat qiyməti olan bağ evi, Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otellər, villalar məhz qohumlarının adınadır.
4.2 milyona yeni bina
Daşkəsənin icra başçısı Dövlət Büdcəsindən rayona ayrılan 8 milyon manata yaxın vəsaitin 50 böyük hissəsini təyinatı üzrə xərclənməsinə imkan verməyib. Bu pulun 4.2 milyon manatına icra başçısı Əhəd Abıyev İcra Hakimiyyətinin yeni binasının inşasına xərcləyib.
Daşkəsəndə görülmüş abadlıq və yenidən qurma işlərinə gəldikdə isə durum bir qədər fərqlidir. Verilən məlumata görə, Heydər Əliyev prospektində istinad divarlarının təmir işlərini həyata keçirmək üçün büdcədən 349303,7 manat qoparmağa nail olan icra başçısının məqsədi elə həmin pulu almaq olub. Çünki həmin divarlara vurulan daşlar bir yağışdan sonra sökülməyə başlayıb.

Abadlıq işləri və Daşkəsən şəhərində H.Əliyev prospekti və ona bitişik yollarda təmir və abadlıq işlərinin satın alınması üçün ayrılmış 2 milyon manat da eyniylə bu şəkildə xərclənib və nəticələr yolların dağılmasından başqa bir şey deyil.

Bir başqa yeyinti yeri kimi isə Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun əsaslı təmir işləri göstərilir. Buraya 1,3 milyon manat ayrıldığı və görülən işlərin də bərbad vəziyyətdə olduğu vurğulanır. Bu yolun əsaslı təmiri üçün isə daha 140 min manat pul almağı bacaran icra baçısı imkan daxilində üçüncü dəfə də pul əldə etmək üçün hökumətə müraciət edə bilər.

Əhəd Abıyev 1958-ci il yanvarın 15-də Masallıda anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və “Təfəkkür” Universitetinin hüquq fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlamışdır. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur.
1979-1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980-1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982-1984-cü illərdə “Azərittifaq” Universal bazasında iqtisadçı, 1984-1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991-1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əlcəzair, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Bütün bu iddialarla bağlı icra başçısını dinləməyə, müsahibə götürməyə hazırıq.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın