Ana səhifə / Siyasət / Əfv niyə olmadı?

Əfv niyə olmadı?

Respublika Günündə əfv sərəncamı imzalanacağı gözlənilsə də, bu baş vermədi. Hansı ki, buna ümidlər çox idi. Çünki qarşıdan bütün dünyanın diqqətində olacaq Avropa Oyunları gəlir.

Bu, ötənlərdə ifadə olunan bir fikri gücləndirir: iddia edilir ki, hər hansı bir məsələ ilə bağlı xarici ölkələr, təşkilatlar tərəfindən təzyiqlər olarsa, iqtidar bu məsələni həyata keçirmək qərarında olsa belə, sonda imtina edir. Bu yolla həmin ölkə və təşkilatlara meydan oxuyur…
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu Binəqədidə baş verən məlum yanğın hadisəsinə görə əfvin başa çatdırılmadığını bildirdi. Hüquq müdafiəçisi Avropa Oyunlarına qədər əfv veriləcəyi qənaətindədir: “Mütləq əfv olacaq. Yanğına görə çatdıra bilmədilər. Yüz faiz əfv olacaq. Heç kəs narahat olmasın. Biz bunu bəhanə kimi qəbul etmirik. Sözün düzü, çatdıra bilməyiblər. Dövlət orqanlarının hamısı yanğın hadisəsində məşğul idilər. Mən sizə əminliklə deyirəm ki, əfv olacaq. Aramızda ciddi danışıqlar olub. Bilirik ki, olacaq”.

İşçi Qrupunun daha bir üzvü Mirvari Qəhrəmanlı da Avroya Oyunlarına qədər əfv ola biləcəyi ehtimallarından söz açdı: “Daim bu məsələdə ehtiyatlı danışmışam. İnsanlarda qıcıq yaratmaq olmaz. Çünki hər sualın hədəfi var. Rəsmi qurumlardan cavab ala bilmədim. Həmkarlarımdan aldığım əsaslandırılmamış məlumatlara uyğun olaraq, deyə bilərəm ki, guya sənədlər hazır olmayıb. Bu da cavab deyil. Çünki sənəd hazırlamağa bir o qədər vaxt tələb olunmur. Təkliflər çoxdan verilmişdi. Sadəcə, hökumətin özünün daxili siyasətidir. Düşünə bilərəm ki, Avropa Oyunlarına qədər əfv sərəncamı verilər. Xarici təşkilatlardan bir məsələ ilə bağlı müraciət gələndə, hakimiyyət dairələri bunu birmənalı qəbul etmirlər. Hamı kimi, mən də istərdim ki, əfv olsun. Müstəqillik günümüzə bir töhfə olardı. İxtiyarım çatmır ki, indi əfv olacağını deyim. Əvvəllər hakimiyyətin siyasəti başqa cür idi. Beynəlxalq təşkilatların tələblərinə artıq kəskin cavab verilmir. Hakimiyyətin xarici siyasəti ilə də əlaqədar ola bilər. Düşünə bilərlər ki, bu hökumətin daxili işidir. Amma hamı bilir ki, insan haqları məsələsi daxili iş deyil. Heç bir ölkə deyə bilməz ki, ölkəmdə pozulan insan hüquqları daxili işimdir. Beynəlxalq təşkilatların may ayından böyük gözləntiləri var idi. Sənədlərin hazır olmaması xəbərini real qəbul etmirəm. Əfv siyahısı, məncə, hazırdır. Amnistiya olmasını daha çox istərdim. Ölkəmizin imici bu məsələdə böyük rol oynayır. Belə olmaz, yəqin ki, nəsə bir şey olacaq”.

Hüquq müdafiəçisi hakimiyyətin Avropa Oyunlarına siyasi məhbuslarla – əfv verilmədən gedə biləcəyini də vurğuladı: “Ölkədə iqtidar Avropa Oyunlarını bayram kimi qələmə verir. Mən oyunların ölkəmizdə keçirilməsinin heç vaxt əleyhinə çıxmamışam. Çünki ölkəni tanıdan iri neft layihələri, müxtəlif tədbirlər olub. Bunun özü də bir layihədir. İqtidar bayram kimi qəbul edirsə, demək, siyasi məhbuslarla getməyi qeyri-mümkün görünür. Reallıqdır ki, məhbusların hamısı ilə əfv olmayacaq. Əgər əfv verilsə, beynəlxalq aləm də inanar ki, Avropa Oyunları ölkəmizdə bayram kimi qəbul edilir. Yaxşı olardı ki, bu oyunlara az sayda məhbusla gedək”.

M.Qəhrəmanlı Avropa Oyunlarına qədər gözləmə mövqeyində qalacaqlarını söylədi: “Bizlik bir iş qalmayıb. Oyunlara qədər gözləyəcəyik. Görəcək bir işimiz də yoxdur. Avropa Oyunlarından sonra yenə də yığışıb, müzakirələr aparacağıq. Bu vaxta qədər edə biləcəyimizi etmişik”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın