Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Əfsanənin Azərbaycanda səssiz ölümü… VİDEO

Əfsanənin Azərbaycanda səssiz ölümü… VİDEO

Yerli saytların-hərdən ümumiyyətlə, yalnız kopu-past xəbərlərin peşində olan gənc adminlərdən bundan artığını tələb etmək də olmaz- Ennio Marrikonenin ölüm xəbərini “səssiz” vermələrinə təəccüblənmədim. Kiminsə ağlına gəlmədi ki, bu əfsanənin həyatdan gedişi axı belə səssiz xəbərlə verilməməlidir! Onun adı səssiz deyil, yalnız səslə, sirli barmaqlarının yazdığı ecazkar notların birləşməsindən  yaranan şedevrlərlə xatlırlanır, xatırlanacaq da…Üzeyir Hacıbəyli, Vaqif Mustafazadə, Qara Qarayev, Niyazi kimi…

Az-az adamlar olar ki, baxdıqları filmlərin musiqisinin kimin yazması ilə maraqlansınlar. Ennio Marrikone isə o sırada deyil. Əksinə, o filmləri daha da məşhurlaşdıran, daha da cəlbedici, baxımlı edən məhz Marrikonenin ecazkar bəstələri olub. Onun filmlərə yazdığı musiqilər məncə, film içində bir filmdir, bir obrazdır, bir süjet xəttidir. Həm də bu filmə biçilmiş elə bir gözəl parçadır ki, onu çıxararsansa, o filmdən heç nə qalmaz, ya da çox eybəcər olar.

Marrikonenin adı olan filmlər “Oskar”alıbsa, mütləq musiqi də eyni mükafata layiq görülüb. Dördqat “Qızıl qlobus” və “Qızıl şir” mükafatları, Venesiya film festivalının qalibi…

MMM.jpg (19 KB)

Onu dirijor çubuğu ilə görmək bir az fərqli emosiyalar yaradırdı. Bir çubuqla idarə olunan böyük bir truppa, orkestr, 10-larla mürəkkəb musiqi aləti və tək Marrikone. Deyirlər, Niyazi böyük bir truppada bir simi artıq vuran olarsa, onu bilərmiş. Niyazi də bizim fəxr edəsi düha, dahimizdir. Amma əmin olun ki, Niyazi onu Bakıda dinləsəydi, onu ayaqüstə alqışlayardı. “Zərin qədrini zərgər bilər” deyiblər…

Ennio Marrikonenin bəstələri həm də bir etiraz, qəfil pükürəcək vulkan kimindir. Ona bu səbəbdən sonadək rahat qulaq asmaq mümkün deyil. Səni arana, oradan dağa, oradan sakit bir adaya, oradan göyün yeddinci qatına, oradan üzü yerə gətirə bilər.

İtaliyalıları bir çox xüsusiyyətlərinə görə azərbaycanlılara bənzədirlər. Amma Marrikonenin italiyalı olması heç nə demək deyil, onun musiqilərinin milləti, irqi yoxdur. Bu səbəbdən, Ennio Marrikone təkcə İtaliya deyil, İspaniya, Fransa, Almaniya,  ABŞ-da çəkilmiş 400-dən çox kino və seriala musiqi bəstələyib. “Bir dəfə Amerikada”, “Professional”, “Yaxşı, pis və qəddar”, “Bir dəfə vəhşi Qərbdə”, “Malena”, “Dekameron”, “Lolita”, “Kill Bill”, “Sprtut”  və digər filmlər dünya kinematoqrafiyasının şedevrləri sırasına olduğuna görə həm də Marrikonenin bəstələrinə borcludur.

unnamed(2).jpg (44 KB)

Onun musiqlilərində italiyalı musiqiçilərinin özünəməxsus səsi həqiqətən də var, amma onun musiqisi böyük mənada bəşəridir, anlaşılandır, hamının başa düşəcəyi, dinləyəcəyi, rahatlıq tapacağı, həyəcanlanacağı səviyyədədir.

Marrikonenin musiqilərinə tutqusu olanlar onun əsərlərini harada eşitsələr, tanıya bilərlər. Ona görə ki, Marrikonenin musiqisinin dəst-xətti onu bilənlər üçün tanınandır, o, sirli səsləri əvvəl gündən elə özününküləşdirib ki, qulağına yad kimi gəlmir, onun sehrinə düşdünsə, heç vaxt unuda bilməzsən.

Bilirəm, müasir gənclik Marrikonenin musiqi yazdığı filmlərə həvəslə baxmazlar, heç çoxu bu dahinin adını belə eşitməyib bəlkə də. Bəzilərinin telefonun zəngində “Professional” kimi tanınan bəstəsinin səsi olsa da…

Gərək ki, 2014-cü ilin yanvarında Marrikone dünya turnesi çərçivəsində Heydər Əliyev Sarayında  çıxış etdi. Saray da, bakılılar da qulaqlarının “pasını atdılar”.

Marrikone əfsanəsi fiziki olaraq 91 yaşında bitdi. Bu qısa xatırlatmanı onun  ədalətsizkliklə, qanunsuzluqla, hətta özü ilə mübarizə aparan qəhrəmanı-komissar Katanin “Sprut”da ölüm səhnəsində  səslənən musiqisi ilə bitirmək istəyirəm. Ölməz musiqidir! Qəhrəmanlar, adamlar ölsə də…

Nazim SABİROĞLU

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …