Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ədliyyə Nazirliyi AXCP-nin qurultay nəticələrini tanımadı

Ədliyyə Nazirliyi AXCP-nin qurultay nəticələrini tanımadı

Ədliyyə Nazirliyi AXCP-nin son qurultayının nəticələrini tanımaqdan imtina edib. Bu barədə AXCP sədri Əli Kərimli rəsmi feysbuk səhifəsində məlumat verib.

Əli Kərimlinin statusunu təqdim edirik:

“Guya bu hökumət məni AXCP sədri kimi tanıyanda mənim müxalifət lideri olaraq hansısa hüququm təmin olunubmu ki, tanımayanda o hüququ məndən alsınlar? Bu yaramazlığı da etdilər. Hökumətə satıldıqlarına görə AXCP-dən qovulmuş 5-6 nəfərin və onların ətrafına pul ilə topladıqları adamların müraciətini bəhanə edərək AXCP-nin son qurultayının nəticələrini, o cümlədən mənim yenidən AXCP sədri seçilməyimi qeydə almaq istəmirlər. Ədliyyə Nazirliyi təqdim etdiyimiz qurultay sənədlərini geri qaytarıb. Bəhanə ediblər ki, Razi Nurullayev də Ədliyyə Nazirliyinə AXCP “Etimad qurultayı” adı ilə sənəd təqdim edib. Ədliyyə Nazirliyi də “eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq” təqdim etdiyimiz sənədləri geri qaytarıb.Təkilif edib ki, “mübahisəli məsələni” həll etmək üçün məhkəməyə müraciət edək.

Əvvəlcə onu qeyd edək ki, Ədliyyə Nazirliyinin bu qərarının heç bir hüquqi əsası yoxdur. Qurultaya qədər AXCP-nin bütün strukturları tam legitim qaydada fəaliyyət göstərib. Partiyanın Ali Məclisi, Ali Məclisin Rəyasət Heyəti, NTK-sı, rayon, şəhər təşkilatları tam tərkibdə fəaliyyət göstərib. Qurultay nizamnaməyə tam uyğun keçirilib. Razi Nurullayevi bəhanə edərək, hökumətin təşkil etdiyi “AXCP Etimad Qurulatayı” adlı şouda nəinki partiyanın strukturlarını təmsil edən, hətta partiyanın real üzvü olan bircə nəfər də iştirak etməyib. Qurultayın nəticələrini bircə nəfər də olsa, AXCP üzvü şübhə altına almayıb. Hökumətin Razi Nurullayevdən partiyamıza qarşı istifadə edəcəyini əvvəlcədən bilirdik. Amma biz çox tədbirli davrandıq, cəbhəçilər yüksək yetkinlik nümayiş etdirdilər. Çox böyük pullar xərclənsə də, partiyada hər hansı parçalanma yarada bilmədilər.

Bunları ona görə ətraflı yazıram ki, hökumətin qurultayımızın nəticəsini şübhə altına almaq üçün səbəb demirəm, xırda bir bəhanə də əldə edə bilmədiyi, məcbur qalıb yenə də ənənələrinə uyğun olaraq “balta” üsuli ilə işlədiyi aydın olsun. Mənim tərəfimdən partiyadakı vəzifəsindən uzaqlaşdırıldıqdan sonra bütün ölkə ictimaiyyəti qarşısında, mətbuat konfransında AXCP üzvlüyündən istefa verdiyini bildirmiş bir şəxsin “partiyanın sədri mənəm” deməsini bəhanə edib, qurultayın nəticələrini tanımaqdan imtina etmək hüququ rəsmən ayaqlar altına salıb tapdalamaq, cəngəllik qanunlarının üstünlüyünü bəyan etməkdir.

İndi isə aydınlaşdıraq ki, AXCP ətrafında nə baş verir və biz bundan sonra necə hərəkət edəcəyik. Bizim təqdim etdiyimiz qurultay sənədlərinin baxılmadan özümüzə geri qaytarılması o deməkdir ki, mənin sonuncu qurultayda da sədr seçilməyim faktını Ədliyyə Nazirliyi dövlət reyestrinə daxil etməyib. Qurultaydan dərhal sonra yazmışdım: “Bu qurultay ərəfəsi hakimiyyət və onun yandaşları müxtəlif kanallarla mənə çatdırırdılar ki, AXCP sədrliyindən getməyimə nail olmaq istəyirlər. Cəbhəçilər də qurultayda yekdilləklə sədr kimi davam etməyimi istədilər”. Bəli, mənim AXCP sədri kimi qalmağımı heç istəmirdilər. 10 il ərzində özü ofisindən, sədri pasportdan məhrum edilmiş, yüzlərlə üzvü siyasi məhbus həyatı yaşamış bir partiyanın sadəcə mövcudluğu faktından qorxurlar. Hökumət bizimlə nəinki ədalətli yarışa hazır deyil, hətta əli-qolu bağlı vəziyyətimizdə də (pasportsuz, qərargahsız, maliyyəsiz) bizimlə rəqabətdən çəkinir. Məni sədrlikdən uzaqlaşdırmaq üçün qurduqları bütün oyunlar ifşa edilib, nəticəsiz qaldıqdan sonra indi dövlətin zoruna arxalanıb, kobud şəkildə deyirlər ki, səni AXCP sədri kimi tanımaq istəmirik. Əsassız, hətta bəhanəsiz.

Heç kim səhv salmasın. Sonuncu qurultayımızın nəticəsinin hələlik dövlət reyestrinə daxil edilməməsi partiyanın dövlət qeydiyyatının ləğv edilməsi deyil. AXCP-nin dövlət qeydiyyatı qüvvəsindədir. Son qurultaydakı seçki nəticəsinin dövlət reyestrinə daxil edilməməsi heç mənim sədr kimi dövlət tərəfindən tanınmamağım da deyil. Çünki bundan əvvəlki qurultayda mənim sədr seçilməyim haqda məlumat dövlət reyestrində var. Və həmin məlumat yenisi ilə əvəzlənənə qədər mənim AXCP sədri olmağım hüquqi cəhətdən mübahisələndirilə bilməz. Bunlar məsələnin hüquqi tərəfləridir.

Məsələnin faktiki və siyasi tərəfinə gələnincə, mən yalnız AXCP sədri olduğum üçün bunlarla mübarizə aparmıram ki. Əlbəttə, AXCP sədri olmağım üzərimə əlavə öhdəliklər qoyur, amma mən ilk növbədə bir vətəndaş Əli Kərimli olaraq bu korrupsioner, kriminal rejimi qəbul etmirəm və əlimdən gələn bütün dinc, konstitutsion vasitələrlə rejimlə mübarizəmi davam etdirirəm. Məni AXCP sədri olaraq tanımaq istəmirsiz? Heç tanımayın. Məgər mən sizi legitim hakimiyyət kimi tanıyıram? Mən istəməsəm də, sizlər hakimiyyəti qəsb edərək özünüzü iqtidar elan etmisiniz. Siz də istəməsəniz belə, mən və tərəfdarlarım sizə müxalifətik. Və bu vəziyyət siz hakimiyyətdən gedənə qədər belə də davam edəcək. Guya siz mənim adımı dövlət reyestrinə AXCP sədri kimi yazmayanda mən daha sizə müxalifət olmayacağam? Dönüb iqtidar və ya iqtidar yanlısı olacağam? Bəlkə düşünürsünüz ki, mənim adımı o “dəftərə” yazmadığınıza görə mənə, mövqeyimə hörmət edənlər daha hörmət etməyəcək, AXCP üzvləri məndən üz döndərəcək? Bu qədərmi sadəlövhsünüz?

AXCP, elə cəmiyyət üçün də heç nə dəyişməyəcək. AXCP olaraq mübarizəmizi əvvəlki əzm və qərarlılıqla, daha da yaxşı təşkilatlanaraq davam etdirəcəyik. Əlbəttə, paralel olaraq qarşılaşdığımız qanunsuzluğu aradan qaldırmaq üçün məhkəməyə müraciət edəcəyik və ümid edirəm ki, ölkənin ən peşəkar, tanınmış vəkillləri bu prosesdə bizi müdafiə edəcəklər. Hökumətin saxtakarlığı bir daha və detallı şəkildə bu məhkəmələrdə sübut olunacaq. Azərbaycanda ədalət tapmasaq, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik. Ümid edirəm ki, orada şikayətimizə növbədənkənar (prioritet) qaydada baxılacaq. Amma mümkündür ki, heç bütün bu prosedurları keçməyə ehtiyac olmasın. Elə də ola bilər ki, biz məhkəmə instansiyalarını keçənə qədər necə deyərlər, yuxarıda Allahın, aşağıda xalqımızın köməyilə bu hökumətin özünün adını “dövlət reyestrindən” çıxararıq, rejimin özünü arxivə yollayarıq. Niyə də olmasın? Onsuz da, bir ucdan sökülə-sökülə gedirlər”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın