Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Ədəbiyyatımızda ədəbi mafiyalaşma – YAZARLARDAN REAKSİYA

Ədəbiyyatımızda ədəbi mafiyalaşma – YAZARLARDAN REAKSİYA

“Ədəbiyyatda hakimiyyətdə olanlar bir yana qalıb, ondan qıraqda bir gizli iqtidar, kölgə kabineti formalaşır, bir növ, paralel dövlət; orada da dəhşət korrupsiyalaşma, oliqarxlaşma, yekunda mafiyalaşma gedir. Bu mafiyanın özünə bənzər psevdo-müxalifəti də var. Onların da əlinə taxt keçsə, lap iyrənc olacaq. Olmayan bircə şey var indi ədəbiyyatda: ƏDƏBİYYAT!”

 

Yazar Pərviz Cəbrayılın “Facebook”da yazdığı bu sözlər müasir ədəbi proseslərdəki problemləri bir daha yada saldı.

 

Bu gün Azərbaycan oxucusu oxumağa yaxşı əsər tapmamaqdan şikayət edirsə, müasir yazarlarımız isə əsərlərini yayımlaya bilməməkdən gileylənir. Bir çox gənc yazar əsərlərini müxtəlif ədəbi dərgilərdə yayımlamaqda çətinlik çəkdiklərini, ədəbiyyat müsabiqələrində qarşılarına bir çox əngəllər çıxdığını deyir və bunu da ədəbi prosesdəki qruplaşma ilə əlaqələndirirlər.

 

Görəsən, bu qruplaşmalar nə üçün formalaşır və ölkədəki ədəbi proseslərə necə təsir edir?

 

Publika.az bu barədə həm Pərviz Cəbrayılın, həm də digər tanınmış yazarların fikirlərini öyrənib.

 

 

Pərviz Cəbrayıl ədəbiyyatımızda qruplaşmanın qara formasının – ədəbi mafiyalaşmanın olduğunu deyir: “Təkcə çağdaş ədəbi prosesdə yox, ümumiyyətlə, ədəbiyyatda və dünyanın hər yerində həmişə qruplaşmalar olub. Amma qruplaşmalar iki cürdür: estetik, ədəbi axınlar şəklində və qruplaşmanın qara forması – ədəbi mafiyalaşma. Yəni mətbu orqanlarını, medianı, xarici mediaya çıxışı, təqaüdləri, nəşriyyatları, dərslikləri öz monopoliyasına almaqla “bizdən olmayanlar”ı kənarda saxlamaq.

Ağlım kəsəndən ədəbiyyatımızda, demək olar ki, ikincini görmüşəm. Bu proses indi də davam edir. Feysbukda o statusu da elə buna görə yazdım. Yəni belə kədərli durum var indi. Ancaq bunlar da bir yana. Əsas problem yazıçının yazmaq imkanlarının sıfıra bərabər olmasıdır. Bundan çıxış yolu axtarmaq lazımdır. Qruplaşmaların dəstəyi ilə gündəmə gələn mətnlərdən heç nə gözləmirəm, ötəridir, unudulub gedəcək öz müəllifi ilə birgə. Ancaq əsl ədəbiyyatın yerində sayması gələcək üçün yaxşı bir şey vəd etmir. Bu gün xeyli istedadlı yazarlar gəlir ədəbiyyata. Ancaq analiz edəndə görürəm ki, onlar da ya gec, ya da tez, yazmaq imkanının olması problem ilə üzləşəcəklər”.

Şair Aqşin Evrən qruplaşmaları insanın birləşmə instinkti ilə əlaqələndirsə də, ədəbiyyatın çərçivələri bağışlamadığını vurğulayır: “İnsan psixologiyasındakı çoxalma, birləşmə instinkti müxtəlif sahələrdə olduğu kimi, ədəbiyyatda da özünü göstərir. Müəyyən ədəbiyyat qurumlarının, ədəbi təşkilatların olduğu bir vaxtda ədəbi qruplaşmaların olması da qaçılmazdır. Ancaq bu qruplaşmalar daha çox Nadir Şahın qətlindən sonra yaranmış Azərbaycan xanlıqlarını xatırladır. Belə olan halda, hücuma keçən istedadsızlıq və məzmunsuz imperiyaları bu xanlıqları əsarət altına alır. Sənət haqqında bir həqiqət var: o çərçivəni bağışlamır”.

 

O, ədəbi proseslərdəki qruplaşmaları terror təşkilatları ilə müqayisə edir: “Bu vitaminsiz ədəbi təşkilatlar öz çərçivələri ilə bizim istedadlı gənc dostlarımızı məhv edir. Üstəlik, bir şey də var ki, bu qruplaşmalar bəzən hədəfə aldıqları qələm adamları ilə əməlli-başlı soyuq müharibə başlayırlar. Yəni özlərini ədəbi təşkilatlar kimi yox, terror təşkilatları kimi aparırlar. Amma bu qruplaşmalar sözün əsl mənasında sırf ədəbiyyat, sənət müstəvisində olsa, oradan Lotu Bəxtiyarlar yox, ən azından Vahabzadə Bəxtiyarlar yetişə bilər”.

Son vaxtlar kolleksiyaçılıq fəaliyyəti və “Fərqlilər” adlı yeni kitabı ilə diqqət çəkən Dilqəm Əhməd isə qruplaşmaların hansısa məmur-yazıçı ətrafında formalaşdığını deyir: “Ədəbi proseslərdə qruplaşmalar hər zaman olub və olacaq. Bu, təbiidir və başadüşüləndir. Qruplaşmaların olması rəqabət üçün yaxşıdır. Əgər bu qruplaşmanın mahiyyəti və rəqabətin forması sağlamdırsa… Məsələn, bizdə baxırsan ki, hansısa ədəbi cərəyanlar, düşüncə axını ətrafında deyil, bir məmur-yazıçı ətrafında qruplaşmalar formalaşır. Bir neçə yaşlı yazıçı var ki, onlar gənc mirzələr saxlayır, gənclərin istedadından özlərinin toxunulmazlığı üçün istifadə edirlər. Xüsusən, bu məmur yazıçılar həmin gənclərə iş verməkdə maraqlıdırlar. Gənclər arasında qruplaşmalara gəlincə, son zamanlar bir neçə yeni ədəbi dərnəklərin yaradıldığını görürük. Məsələn, “Yumruq” ədəbi birliyi və s. Yeni birliklər artıq ənənəvi media, çap vasitələrinə müraciət etmir, bloqlar yaradır, almanaxlar çap edirlər. Amma əvvəl belə deyildi. Bir neçə qəzet, sayt var idi ki, monopoliyaya alınmışdı. Sosial şəbəkələrin genişlənməsindən sonra ənənəvi media orqanlarında çap olunmaqdansa, real oxucunun olduğu bu məkanda təbliğat aparmaq daha cəlbedici oldu”.

 

Dilqəm Əhməd yerli yazarların əsərlərinin az oxunmasını isə qruplaşmalardan çox, müasir dövrün oxucularının dünyagörüşü ilə əlaqələndirir: “İndi elə dövrə gəlmişik ki, oxucular yazıçılardan daha dünyagörüşlüdür. Azərbaycanlı yazıçının öz həmyaşıdı oxucunu təəccübləndirə, heyrətləndirə biləcək əsər yazması çox müşküldür. Elə ona görədir ki, yerli yazarların əsərləri az oxunur. İndi qruplaşmalar da o qədər maraq kəsb etmir. Ümumiyyətlə, hazırda Azərbaycan ədəbi mühiti Azərbaycan oxucusu üçün tamamilə maraqsızdır. Ona görə də kitab təqdimatlarına gələn də, bir-birinin əsəri haqqında yazan da elə özümüzük. Kitab təqdimatına gedəndə salam verməkdən insan yorulur”.

Heç bir qruplaşmaya daxil olmadığını deyən şair Taleh Mansur isə ümumiyyətlə, qruplaşmaların baş qərargahı hesab edilən paytaxt ədəbi mühitindən uzaq olduğunu bildirir: “Bütün müsahibələrimdə deyirəm ki, əsl şair və yazar, şair və yazarlardan uzaq durandır. Qruplaşmaları heç vaxt qəbul etməmişəm. Bu prosesləri  həqiqi ədəbiyyatın alaq otlarına bənzədirəm. Hətta mən hansısa ədəbi tədbirə gedəndə belə günlərlə heç nə yaza bilmirəm. Bütün ədəbi  nümunələr  tənhalıqda dünyaya gəlirsə, ədəbi qruplaşmalara nə ehtiyac var? Qrupaşlmaların özünəməxsus səs-küyü olur . Bu cür səs-küy ən parlaq istedadi belə kar eləmək iqtidarındadır. Mənim daxil olduğum ədəbi qruplaşmanın yalnız bir üzvü var, o da mən özüməm”.

Yazar-şair Məsumə Əhədova (Mahadova) isə kimin yaxşı, kimin pis yazar olduğunu qruplaşmaların müəyyənləşdirdiyini deyir: “Daha çox bəzi ədəbi saytların, qurumların ətrafında yığılmış qruplar var.

Qruplaşma özünü çox vaxt yoldaşlarını tərifləmək və qrupa yad imzaları tənqid etmək kimi göstərir. Tənqid və təriflərdə obyektivlik olmur, sırf tanışlıq, güclü əlaqələr kimin yaxşı, kimin pis yazar olduğunu müəyyənləşdirir”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın