Ana səhifə / Siyasət /  Ziyad Səmədzadə adının Eldar Mahmudovla hallanmasına reaksiya verdi

 Ziyad Səmədzadə adının Eldar Mahmudovla hallanmasına reaksiya verdi

Komitə sədri “barəmdə yazılanlar şər-böhtandır” dedi

Son zamanlar bəzi elektron KİV-lərdə Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə ilə bağlı sensasion materiallar dərc olunur. Komitə sədri ilə bağlı yazılarda hətta onun keçmiş MTN şefi Eldar Mahmudovla hansısa qaranlıq əlaqələrindən bəhs olunur.

Yazılanlara görə, Satınalmalar üzrə Dövlət Agentliyinin ləğvinin səbəbi heç də büdcəyə qənaətlə bağlı deyilmiş. “İddia olunur ki, ölkə başçısı Ilham Əliyevin bu addımı ”MTN işi” ilə əlaqədardır. Məlumatda bildirilir ki, Eldar Mahmudov və dəstəsi sözügedən quruma da nüfuz edirmiş. “Beləliklə də tenderlərin çoxu Eldar Mahmudova və onun yaxın ətrafına aid olan şirkətlərə verilirmiş” – azadlıq.info yazıb.

“Təzadlar” qəzetindəki materialda isə bildirilir ki, ləğv olunmuş qurumun rəhbəri İsgəndər Çədirli deputat Ziyad Səmədzadənin bacısı oğludur. Deputatın oğlu Elşad Səmədzadə bir müddət İsgəndər Çəndirlinin müavini olub. Yeni məlumatlara görə, Ziyad Səmədzadənin Eldar Mahmudovla isti münasibətləri olub. Hətta deputatın yaxın qohumu keçmiş MTN şefinin dəstəyi ilə “Şəhriyar” klubunun direktoru təyin edilib. Eldar Mahmudov həmçinin Ziyad Səmədzadənin kürəkənini İqtisad Universitetinə prorektor vəzifəsinə təyin etdirib. İddia olunur ki, bütün bunlar “MTN işi”nin istintaqı zamanı üzə çıxıb. Bildirilir ki, Ziyad Səmədzadə ilə Eldar Mahmudovun münasibətləri ciddi şəkildə araşdırılır. “Ehtimal olunur ki, Eldar Mahmudov və dəstəsinin Satınalmalar üzrə Dövlət Agentliyinə nüfuz etməsində deputatın da rolu var”.

Qeyd edək ki, bir müddət öncə də deputatın E.Mahmudovun atası akademik Əhməd Mahmudov haqqında geniş məqalələr, monoqrafiyalar yazdığı və filmlərin çəkilməsində iştirak etdiyi barədə iddialar var idi. Moderator.az isə təzadlar.az-a istinadən tanınmış iqtisadçı alim, uzun illər AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru olmuş Şahbaz Muradova aid materialı tirajlayıb. “Ziyad Səmədzadə Ali Attestasiya Komissiyasındakı (AAK) bəzi tərəfdarlarının köməkliyi ilə bir daha bu dissertasiya işinin AAK-nın Rəyasət Heyətində təsdiqinə maneçilik törədib…”, “Bu dissertasiya işi ətrafında akademik Z.Səmədzadə ilə 4 ildən çox apardığım mübarizə mənim əsəblərimə və institutun işinə çox böyük zərbələr vurub…” – kimi ittihamların yer aldığı yazıda digər ilginc ittihamlar da var.

Müəllif yazır: “Akademik Z.Səmədzadə mənim institutun direktoru vəzifəsindən çıxmağımda və yerimə i.e.d. İsa Alıyevin seçdirilməsində akademik Əhməd Mahmudovun oğlu, milli təhlükəsizlik naziri Eldar Mahmudovun adından da çox məharətlə istifadə edib. Bu məqsədlə Z.Səmədzadə əvvəlcədən 2008-ci ilin may ayında Əhməd Mahmudovun 85 illik yubileyinin Akademiyanın İqtisadiyyat İnstitutunda keçiriləcəyindən xəbər tutandan sonra hələ 2007-ci ildən başlayaraq ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, ”Konyunkturaya xidmət edən adam” olması xarakterinə uyğun olaraq məndən gizli fəaliyyətə başlamış və general-leytenant Eldar Mahmudovun xoşuna gəlmək məqsədilə əksəriyyəti özünün yaxın ətrafından, keçmiş aspirantlarından, öz övladlarından və yaxın qohumlarından ibarət olan və nə akademik Ə.Mahmudovun özü, nə onun yaradıcılığı, nə də elmi əsərləri ilə heç bir əlaqəsi və tanışlığı olmayan, bu günə kimi Ə.Mahmudovun bircə kitabını belə oxumayan, onun əsərlərinin üzünü belə görməyən adamlardan ibarət bir elmi redaksiya heyəti yaradıb özünün baş redaktorluğu ilə Ə.Mahmudovun guya əsərlərinin məcmusundan ibarət “Azərbaycan iqtisadiyyatının aktual problemləri” (Bakı, 2008, 912 səh.) adlı bir kitab nəşr etdirib. O, bilərəkdən həmin kitabın Ə.Mahmudovun 24 il rəhbərlik etdiyi Akademiyanın İqtisadiyyat İnstitutunda deyil, Azərbaycan Dövlət İqtisadiyyat Universitetində (?) təqdimatının keçirilməsini təşkil edib. Maraqlı burasındadır ki, həmin kitab Akademiyanın İqtisadiyyat İnstitutunun kollektivindən və onun rəhbəri olan məndən gizli hazırlanıb…”

Bütün bu ittihamlarla əlaqədar komitə sədrinə müraciət etdik. Ziyad Səmədzadənin “Yeni Müsavat”a cavabı belə oldu: “Barəmdə yazılanlar hamısı şər-böhtandır. Mənim o qədər vaxtım yoxdur ki, sizin adını çəkdiyiniz saytlara vaxt ayırım. Mənim ictimai işim, elmi fəaliyyətim göz qabağındadır”.

Z.Səmədzadə oğlu E.Səmədzadənin adının hallandırılmasını da “şər-böhtan” adlandırdı: “Mənim ailəm də, ailəmin hər bir üzvü də cəmiyyət üçün nümunə olan övladlardır. Mən fəxr edirəm ki, mənim 3 övladım var, üçü də pak, əqidəli, vətənə qulluq edən insanlardır. Ona görə də bir daha deyirəm, şər-böhtan xarakterli yazılara cavab vermək istəmirəm”. Komitə sədri Satınalmalar üzrə Dövlət Agentliyinin ləğvinin ona və ailə üzvlərinə heç bir aidiyyətinin olmadığını da bildirdi: “Heç bu haqda danışmaq da istəmirəm. Cəmiyyəti saf, sağlam əqidəli insanlar irəliyə aparır. Mən də o saflardan biriyəm”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın