Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədovun “Yazırdınız ki, qaçıb” sözlərinə mediadan reaksiya gəldi

Ziya Məmmədovun “Yazırdınız ki, qaçıb” sözlərinə mediadan reaksiya gəldi

Aynur Camalqızı: “Belə istehzalardan mütləq nəticə çıxarmalıyıq”; Qadir İbrahimli: “Rişxənd obyektinə tuş gələsi insan elə onun özüdür”

Aydın Quliyev: “Qeyri-rəsmi mənbələrdən daxil olan xəbərləri dərc etməmişəm”

 
Nəqliyyat naziri Ziya Məmmədovun Salyan, Biləsuvar və Neftçala rayonlarından olan vətəndaşlarla görüşü zamanı jurnalistlərə zarafatla dediyi sözlər cəmiyyət və mətbuatda geniş müzakirələrə səbəb olub. Z.Məmmədov tədbirdə iştirak edən qələm əhli ilə “Yazırdınız ki, qaçıb!” deyərək zarafatlaşıb. 
Nəqliyyat naziri bu sözləri səbəbsiz deməyib. Zaman-zaman onun barəsində mətbuatda xaricə qaçması ilə bağlı xəbərlər dərc olunub. Buna səbəb də onun uzun müddət müalicə adı ilə xaricdə olması idi. Nəqliyyat Nazirliyi bu barədə açıqlama verərək, oktyabrın 23-də Z.Məmmədovun müalicədən qayıdacağını bildirmişdi. Doğrudur, həmin ərəfədə nazir xaricdən qayıtdı. Lakin bu onun mətbuat tərəfindən qaçma iddiasının qarşısını ala bilmədi.
Media kapitanlarından nazirin mətbuat nümayəndələrinə rişxəndlə dediyi sözlərə münasibət aldıq.
 
“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı bildirdi ki, nazirin rişxəndlə dediyi sözlərə səbəb jurnalistikada qeyri-peşəkar insanların toplaşmasıdır: “O yerdə ki, peşəkarlıq var, orada rişxənd eşitmək mümkün deyil. Peşəkarlarla daim hesablaşırlar. Düşünürəm ki, Azərbaycan mətbuatında təmsil olunan, mətbuatı yönəldən, mətbuata rəhbərlik edən insanlar hər eşitdiyi xəbəri, şayiəni məlumat kimi cəmiyyətə ünvanlamağın düzgün olmadığını anlamalıdırlar. Xəbərin əlifbası odur ki, o, bir yox, bir neçə mənbədən təsdiqini tapmalıdır. Azərbaycanda bunun çətin olduğunu başa düşürəm. Xəbər almaq, informasiya əldə etmək həddindən artıq çətindir. Jurnalistlər təsdiqini tapmamış xəbərdən istifadə etməyə məcbur olurlar. Mümkün qədər təsdiqlənməmiş, rəsmi mövqe olmayan xəbərlərdən kənarda durmaq lazımdır. O zaman heç bir məmur heç bir jurnalistə istehza edə bilməz. Hesab edirəm ki, belə istehzalardan mütləq nəticə çıxarmalıyıq”.
 
İstiqlal.az saytının baş redaktoru Qadir İbrahimli nəqliyyat nazirinin ölkədən qaçması xəbərini ciddi qaynaqlardan aldıqlarını qeyd etdi: “İndiyə qədər Ziya Məmmədovun praktikasında olmamışdı ki, uzunmüddətli məzuniyyətə getsin. Bunu birmənalı olaraq əksər mətbuat orqanları qeyd edirdilər. Bir çox proseslər Ziya Məmmədov məzuniyyətdə olduğu ərəfədə baş verdi ki, bu həqiqətən nəqliyyat nazirinin ölkə başçısının qara siyahısında olduğunu təsdiqlədi. Onun bir sıra səlahiyyətləri alınıb başqa qurumlara verildi. Rəsmi qərarlar onu göstərdi ki, nəqliyyat nazirinin ”vurulması” prosesi gedir. Həmin ərəfədə Ziya Məmmədovun məzuniyyət adı ilə ölkəni tərk etməsi bu qənaətlərin ortaya çıxmasına səbəb oldu. Bunlar kifayət qədər ciddi mənbələrdən alınmış məlumatlar idi. Hesab edirəm ki, hazırda rişxənd obyektinə tuş gələsi insan elə nazirin özüdür. Nəqliyyat Nazirliyi, demək olar ki, səlahiyyətləri alınmış, əvvəlki funksiyalarını itirmiş bir qurumdur. O, indiyə qədər İsveçrədə müalicədə olub. Eşitməmişik ki, hansısa məmur, iş adamı müalicə adı ilə İsveçrəyə getsin. Müalicə üçün adətən İsrail, Almaniya və bu kimi başqa ölkələrə üz tuturlar. Dünyanın səhiyyə cəhətdən inkişaf etmiş ölkələri sırasında İsveçrə yoxdur. Ziya Məmmədovun İsveçrəyə “müalicəyə getməsi” müəyyən şübhələrə yol açırdı. Onun bu ölkəyə getməsi təsadüfi deyildi. Bildiyiniz kimi, Azərbaycan məmurlarının əksəriyyətinin pulları İsveçrə banklarındadır. Çox güman ki, Ziya Məmmədov xaricdə yatırdığı vəsaitləri ölkəyə geri qaytarmaq tapşırığı əsasında gedib. Onun müəmmalı səfərini bu cür qiymətləndirirəm. Dünyanın səhiyyə cəhətdən inkişaf etmiş ölkələri sırasında İsveçrə yoxdur”.
 
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev qeyri-rəsmi mənbələrdən daxil olan xəbərləri çap etmədiyini söylədi: “Açığı, indiyə qədər nəinki Ziya Məmmədov, digər məmurlar barədə də qeyri-rəsmi mənbələrdən daxil olan xəbərləri dərc etməmişəm. Ən azı son 6-7 ildə bu praktika ilə işləməmişəm. Əgər daxil olan məlumatlar etibarlı sübutlarla yerinə yetirilmirsə, qeyri-rəsmi mənbələrdən daxil olursa, heç vaxt səhifəyə qoymuram. Bundan sonra da bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Çalışıram ki, real olan, tutarlı faktlara söykənən məlumatlara daha çox yer verim”.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın