Ana səhifə / Siyasət / Ziya Məmmədov və müavinlərinin barəsində araşdırma başlayacaqmı? – TƏHLİL

Ziya Məmmədov və müavinlərinin barəsində araşdırma başlayacaqmı? – TƏHLİL

Prezident İlham Əliyev Ramin Quluzadənin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda qeyd edilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilsin”.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Ramin Namiq oğlu Quluzadə bu sərəncama kimi Rabitə və Yüksək Texnologiyalar naziri idi.

Prezidentin başqa bir sərəncamı ilə Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb. Həmçinin Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək həvalə olunub.

Bu barədə Qafqaznews.az-a danışan millət vəkili, iqtisadçı alim Rüfət Quliyevin fikrincə, dövlət idarəetməsində ciddi islahatlar gedir və Prezidentin sərəncamı da bu islahatın göstəricisi kimi anlaşılmalıdır. “Bu islahatlar təxminən il yarım, iki il əvvəl başlayıb və son Sərəncam da bu islahatların nəticəsidir. Əsas üç məqama toxunmaq istərdim. Birincisi, dövlət idarəetməsində artıq xərclərə qənaət olunacaq. İkincisi, islahatlar idarəetmənin daha operativ olmasına xidmət edir. Üçüncüsü isə, bu islahatlar idarəetmədə sinergetikliyi təmin edəcək. Dövlətin inkişafı gedir və indiki mərhələdə ehtiyac duyulan addımları dövlət başçısı atır”, – deyə R.Quliyev qeyd edib. Başqa bir deputat, “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa bildirib ki, dövlət qurumlarının birləşdirilməsi istiqamətində atılan addımlar müsbətdir. “Bu, dövlət büdcəsindən xərclərinə qənaət baxımından yaxşı addımdır. Başqa bir neçə nazirliyin də birləşdirilməsinə ehtiyac var”, – deyə F.Mustafa vurğulayıb.

Onun sözlərinə görə, müasir şərtlərdə müasir şərtlərdə nəqliyyat, rabitə və yüksək texnologiyalar bir-birilə sıx bağlıdır. “Ramin Quluzadə Prezidentin göstərdiyi bu etimadın öhdəsindən gələ biləcəkmi?”, – deyə soruşduq.

“Ramin Quluzadə barəsində heç nə deyə bilmərəm, çünki onun barəsində nə yaxşı, nə də pis fikir bildirmək üçün müşahidələrim olmayıb. Onun hər hansı diqqətçəkən açıqlamasını eşitməmişəm, söhbət etmək, fikirlərini öyrənmək imkanım olmayıb. Kim bilir, bəlkə Ramin Quluzadə elə bir istedadın sahibidir ki, iş prosesində öz bacarıqlarını göstərəcək? Hər halda, bunu zaman göstərər”, – deyə F.Mustada cavab verdi.

Xatırladaq ki, bu yaxınlarda nəqliyyat nazirinin 1-ci müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərov və onun oğlu barədə sensasion məlumatlar yayılmışdı. Bu günlərdə dərc olunan “Məmur balalarının milyonluq oyunları övladlarımın həbsinə səbəb olub” başlıqlı yazımızda Arif Əsgərovun bacanağı İsmayıl Hüseynovun öladlarının həbs olunmasında nazir müavini və oğlu tərəfindən aparılan maliyyə maxinasiyalarından, Baş DYPİ rəisi Ramiz Zeynalovun qardaşıoğlu Qoşqar Zeynalovun dəmiryollarında mal almaq üçün Elnar Əsgərova 7 milyon manat faizə pul verməsindən danışmışdı. Həmçinin, qeyd edək ki, bu il yanvarın 7-də “Musa Pənahovu Akif Çovdarovla “birləşdirən” Yaradanquliyev faktoru” başlıqlı yazı dərc olunmuşdu.

Həmin yazıda deyilirdi: “SSRİ-nin süqutuna yaxın, 1989-cu ildə Azərbaycan Dəmir Yolu İdarəsinin bankı – “Azərdəmiryolbank” yaradılmışdı. Bu bankın yaradılmasında o illər Dəmir Yolu İdarəsinin maliyyə xidmətinin rəisi Alay İsmayıl oğlu Yaradanquliyevin böyük rolu olub. Mərhum Alay İsmayıl oğlu Yaradanquliyev əslən Gürcüstandan olub. Onun oğlu Bəhram Yaradanquliyev dəmir yolunda tanınmış simalardan olaraq 1996-cı ildə Ziya Məmmədovun dəmir yol idarəsinə rəis təyin olunmağında böyük rolu olub. Həm də o illər dəmir yolundan qovularaq işsiz qalan Arif Əsgərovu da öz yanında işlə təmin edərək əlini çörəyə çatdırıb. Bəhram Yaradanquliyevin atası Alay Yaradanquliyev “Azərdəmiryolbank” ın açılışında böyük rolu olduğundan savayı həm də öz yerlisi Roman Əmircanovu həmin banka müavin gətirib. Ancaq bununla da Alay Yaradanquliyevin yaxşılığı bitməyib. O indiki nəqliyyat nazirinin müavini Musa Pənahovu da oxutduraraq o vaxtlar idarənin maliyyə xidmətinə vəzifəyə gətirib. Roman Əmircanov Musa Pənahov və Akif Çovdarovun dərin qohumluq əlaqələri hələ sovet dövrünün ortalarından yaranıb. Bir sözlə, bu şəxslərin hamısı, necə deyərlər, “eloğlu” olaraq əslən Gürcüstandandılar.

Bəhram Yaradanquliyev Ziya Məmmədovun Dəmir Yol İdarəsinə rəis keçməyində böyük rol oynayaraq, bununla Musa Pənahova və Arif Əsgərova yeni vəzifə bileti yazdırdı. Bəhram Yaradanquliyevin heç ağlına da gəlməzdi ki, vaxt gələr, yaxşılıq etdiyi bəzi məmurlar ona xəyanət edər. Deyəsən, həmin vaxt artıq gəlib çatıb. Ziya Məmmədov Cavid Qurbanovla bacara bilmir, Musa Pənahov Akif Çovdarovla qohum olması ilə bağlı bir sıra məqamlar hələ ictimaiyyətə açıqlanmayıb.

Deyəsən, artıq lazım olan dairələr lazım olan məqamlar barədə yetərincə məlumatlanıblar. Müstəqil mətbuatın tənqidləri müəyyən nəticə verdikdə, ictimaiyyətdə müsbət aura yaranır. Lakin bir məsələ hələ iciamiyyətə maraqlıdır: Keçmiş Nəqliyyat Nazirliyində gedən maliyyə maxinasiyaları və korrupsiya oyunlarıyla bağlı araşdırmalar başlayacaqmı? Ümid edirik ki, bu və digər suallara tezliklə cavab tapacağıq.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın