Ana səhifə / Siyasət / “Zal Yusifov əslində bankir deyil, reket olub”

“Zal Yusifov əslində bankir deyil, reket olub”

Son vaxtlar bəzi bankların dövlət və əhalinin pulunu mənimsəməsi adət halını alıb. İndi Texnikabank ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov da insanların milyonlarla pulunu mənimsəyərək, gedib həbsdə rahat şəkildə oturub vaxtını öldürür. Belə adamları görəndə adam düşünür ki, həbsxana heç də qorxulu yer deyil. Bu cür ünsürlər millətin pulunu talan edərək, öz güzəranını yüksəldir. Bu cür adamlar aldadaraq əhalidən mənimsədiyi pullara qazanc mənbəyi kimi baxırlar. Belələrinin cəza çəkməsi üçün həbsxana çox azdır. Misal üçün, Zal Yusifov əhalidən bu qədər pul mənimsəyib. İndi bu qədər pulu olan adam təbii ki, həbsxanada da hər hansı yolla öz rahatlığını təmin edəcək.

Bu barədə Teleqraf.com-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Zal Yusifov kimi şəxslərə qarşı daha sərt addımlar atılmalıdır:

“Bu adamlara qarşı nəzarət gücləndirilməlidir. Çünki bu cür adamlar pulları mənimsədikdən sonra dərhal adlarına olan əmlakı onun-bunun adına keçirirlər ki, oğurladıqları pullar əllərində qalsın. İndi elə insanlar var ki, xaricdə oğurlayıb saxladığı pulların, əmlakın əllərindən alınmaması üçün öz həyat yoldaşlarını belə boşayıb, əcnəbi ilə şərti nigah bağlayırlar. Bu cür hallar nəzarətdə saxlanılmalı və vətəndaşların haqsız yerə tapdanmasına imkan verilməməlidir”.

“Mən düşünürəm ki, Zal Yusifovun əhalidən mənimsədiyi pullar geri qaytarılmırsa, o zaman həmin zərərçəkən şəxslər gedib bu dələduzun əmlakında oturmalı və pulları geri qayıtmayanadək oradan çıxmamalıdır. Zal Yusifov və onun oğlunun milyonlarla qiyməti olan əmlakı, villası, restoranı var. Bu adamın bir restoranı partiyamızın qərargahının yaxınlığında yerləşir. Ötən il müavin gəlib mənə dedi ki, Zal Yusifovun restoranında tez-tez şübhəli toplantılar olur. Əvvəlcə inanmadım, sonra özüm araşdırıb maraqlandım. Doğrudan da bu belə idi. Zal Yusifov radikal müxalifətlə gizli iş birliyi apararaq, dövlətə qarşı addımlar atıb. Bu adamın restoranında radikal müxalifət gizli toplantılar təşkil edirdi, hətta, onlara pulsuz yeyib-içmək verilirdi. Öyrənmişəm ki, Zal Yusifov radikal müxalifətə gizli dəstək verərək, düşünür ki, gələcəkdə onlardan yararlanacaq. Mən bütün bunlarla bağlı hüquq-mühafizə orqanlarına məlumat vermişəm”, – Hafiz Hacıyev bildirib.

Hafiz Hacıyev daha sonra qeyd edib:

“Digər tərəfdən isə düşünürəm ki, onun arxasında duran müəyyən şəxslər var. Bu adam Eldar Mahmudovun nazir olduğu dövrdə “at oynatmağa” başlayıb. Onun oğlu İslam Yusifovun da azadlıqda olması isə dediklərimə bir daha sübutdur ki, bu adamlar üçün həbsxana cəzası çox yüngüldür. Yəni bu adamlarda qorxu hissi yoxdur, əksinə qanunlara hörmətsizlik mövcuddur. Ona görə də mən həmin 81 nəfər zərərçəkən insanların düşdüyü bu vəziyyətə görə çox təəssüf edirəm. Bu adamlar gecə-gündüz çalışaraq qəpik-qəpik yığıb topladıqları pulları aparıb banka qoyur, Zal Yusifov kimi dələduz bankirlər isə həmin vəsaiti mənimsəyir. Sonra da deyir ki, günahım varsa, gəlib məni həbs edin. Səni həbs etdik, bəs insanların pulu necə olsun? Mən bunun adını çəkməyi özümə rəva bilmirəm. Çünki millətin, dövlətin pulunu yeyən dələduzlara adam nifrət edir. Belələri bu dövlətin və xalqın pullarını elə rahat yeyirlər ki, sanki həmin pullar bunlara dədələrindən, babalarından miras qalıb. Zal Yusifov kimi adamlar əslində bankir olmayıb, “reket” olublar. Milləti pis günə qoyurlar, bunların üzündən nə qədər insan ağır xəstəliyə düçar olur”.

Qeyd edək ki, bir qədər öncə Ali Məhkəmənin qərarı ilə Texnikabank ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun kasasiya şikayəti təmin edilib və o, azadlığa buraxılıb. Onun azadlığa buraxılması 81 nəfər zərərçəkmişin hüquqlarının pozulması ilə müşayiət olunub. 81 nəfərin 38 milyon manatdan çox pulunu mənimsəyən Zal Yusifov cinayət əməlinə öz oğlunu da cəlb edib.

Buna görə də Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ata 15, oğul isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmənin qərarına görə, Zal Yusifovun cinayət yolu ilə əldə etdiyi pullar hesabına tikilmiş mülkləri satılmalı, əldə olunan vəsait hesabına zərərçəkmişlərə dəyən ziyan ödənməlidir. Bununla bağlı Bakı Apelyasiya Məhkəməsi qərar çıxarıb. 81 nəfərə dəyən ziyan ödənmədən bankrin oğlunun azadlığa buraxılması narazılıqla qarşılanıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın