Bazar , Yanvar 24 2021
Ana səhifə / Siyasət / Zərdüşt Əlizadənin ittihamlarına sərt reaksiyalar

Zərdüşt Əlizadənin ittihamlarına sərt reaksiyalar

Bu gün 20 yanvar faciəsindən 28 il ötür. Hər ilin bu günlərində həmin dövrdə xalq siyasi proseslərin önündə olan, xalq hərəkatının liderləri kimi proseslərə nəzarət edən və eləcə də, hakimiyyətdə təmsil olunanların bir-birinə qarşı ittiham, iddialarla dolu açıqlamalarının şahidi oluruq. 

Sonuncu qalmaqal yaradan müsahibəni AXC-nin İdarə Heyətinin üzvü olmuş, politoloq Zərdüşt Əlizadə axar.az-a verib. Politoloq 20 Yanvar faciəsinə səbəbkar kimi Əbülfəz Elçibəy və ətrafını göstərib. Z.Əlizadə dolayısı ilə Əbdürrəhman Vəzirova haqq qazandıraraq, Xalq Cəbhəsinin 17 rayonda “raykom”ları devirdiyi üçün faciənin baş verdiyini, bu faciənin baş verəcəyini gördüyü üçün qarşısını almaq üçün əlindən gələni etdiyini bildirib. Politoloq özünün də təmsil olunduğu AXC-nin İdarə Heyətinin digər üzvlərinin ünvanına olduqca sərt ittihamlar səsləndirib.

O, Ələkrəm Hümbətov və şəxsindən başqa İdarə Heyətinin digər 13 üzvünün heç birinin hərbi xidmətdə olmadığını iddiasını irəli sürüb.

Картинки по запросу Zərdüşt Əlizadə

AXC-nin İdarə Heyətinin iclaslarının birinə istinadən o bunları deyib: “Dedim ki, biz burda 16 nəfərik, Leyla xanım (Leyla Yunus) qadındır, onu çıxıram, hərbi mükəlləfiyyət ona aid deyil. Xalq Cəbhəsinin İradə Heyətində, başda sədr olmaqla, 15 kişiyik, xahiş edirəm əlinizi qaldırın, kim orduda qulluq eləyib? İki nəfər əlini qaldırdı – Ələkrəm Hümbətov və mən. Soruşdum ki, Ələkrəm bəy, siz orduda necə qulluq eləmisiniz? Qayıtdı ki, Politexnik İnstitutunun avtonəqliyyat fakültəsini qurtarandan sonra məni orduya çağırdılar, avtonəqliyyat rotasının komandiri olmuşam. Mən də dedim ki, Misirdə döyüşən orduda olmuşam, bombardman altında olmuşam. İdarə Heyətinə sual verdim ki, bəs siz 13 kişi nə üçün orduda qulluq eləməmisiniz? SSRİ Konstitusiyasının 67-ci bəndində yazılmışdı ki, sosialist vətəninin qorunması sovet insanının müqəddəs borcudur. Əbülfəz Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn, Sabit Bağırov, Hikmət Hacızadə, Rəhim Qazıyev, Sülhəddin Əkbər, Nəcəf Nəcəfov, Canbaxış Ümidov, Etibar Məmmədov, Nemət Pənahlı heç biri hərbi xidmətdə olmayıblar. Bəs nə üçün olmamısınız? Başladılar gülməyə. Yəni biz xidmətdən əkilmişik, siz iki axmaq gedib orduda xidmət eləmisiniz”.

Atasının KQB agenti olması barədə iddialara da toxunan politoloq KQB arxivlərinin AXC hakimiyyəti dövründə açılmaması barədə aktual mövzuya da toxunub: “Elçibəyə açıq məktub yazdım ki, möhtərəm prezident, Xalq Cəbhəsində mənə qarşı mübarizə aparanda hamıya deyirdin ki, mən də, atam da KQB agentiyik. İndi sən prezidentsən, xahiş edirəm, göstəriş ver, mənim KQB-dəki dosyemi açsınlar, xalq bilsin ki, mən necə agentəm. Amma öz dosyeni də, Xalq Cəbhəsi İdarə Heyətinin 14 üzvünün də dosyesini aç. Hamısını aç, qoy bilsinlər. Elçibəy cavab vermədi. Bir də açıq məktub yazdım, yenə cavab vermədi. Axırda Sülhəddin Əkbərə açıq məktub yazdım ki, lüstrasiya haqqında qanun qəbul eləsinlər, yenə eləmədilər. Axırda mətbuat konfransında bir jurnalist sual verdi ki, Əbülfəz bəy, Zərdüşt Əlizadə deyir, dosyeləri aç, dosyeləri aç, niyə açmırsınız? Əbülfəz bəy cavab verdi ki, mən o dosyeləri açsam, Azərbaycanda vətəndaş müharibəsi baş verər”.

Z.Əlizadə cəbhəçilərin sovet idarələrinə hücum etdiklərini bildirərək, onların qarşısını almağa çalışdığını bildirərkən Pənah Hüseynin adını çəkib: “Qışqırırdım ki, siz neynirsiniz, Moskvanın əlinə bəhanə verirsiniz, ordu gələcək. Pənah Hüseyn deyirdi ki, ə, bəsdi də, Zərdüşt, bizim zəhləmizi tökmə, elə qışqırırsan “ordu gələcək, ordu gələcək”, Tiflisdən sonra Bakıya ordu gəlməyəcək, zabitlər komandanlığın əmrini yerinə yetirməyəcək”.

Картинки по запросу Sülhəddin Əkbər

İttihamlarda adı keçən MTN-nin (indiki DTX) sabiq birinci müavini Sülhəddin Əkbər Z.Əlizadənin yalan danışdığını redaksiyamıza göndərdiyi fotolar və digər faktlarla sübut etdi: “Zərdüşt Əlizadənin Elçibəylə münasibətləri və əlaqəsi barədə heç bir məlumatım yoxdur. Bu barədə mərhum prezident ən azından mənə bu barədə fikir bildirməyib, sözü, tapşırığı olmayıb. Zərdüşt Əlizadənin mənə məktubla müraciət etməsi haqqında da bir şey xatırlamıram. Hər halda, belə bir şey olsaydı xatırlayardım. Ola bilsin ki, belə bir müraciət nazirliyə edilib, amma mənə gəlib çatmayıb. Hər halda yaddaşımda belə bir fakt yoxdur. Arxivlərin açılmaması məsələsinə gəlincə, həmin dövrdə mərhum prezidentlə bu barədə dəfələrlə söhbət etmişəm. Mənim çox sərt tələblərim də olub. Hansı qaydada açılması barədə fikirlərimi də bildirmişəm. Amma bu məsələdə Əbülfəz bəy fərqli mövqedə idi, yəni arxivlərin açılmasına tərəfdar deyildi.

Onun hərbi xidmətdə olmamağımızla bağlı guya üzümüzə nəsə deməsi tam cəfəngiyyatdır. Hərbi xidmətə gəldikdə isə Azərbaycanda hər kəs bilir ki, mən Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişəm. Həmin institutda təhsil alanlar da hərbi kafedrada dərs keçirdilər. Ondan sonra hərbi yığma olurdu və bunu da Lənkəranda keçmişəm. Ondan sonra imtahan vermişəm və sonra ehtiyat tibb zabiti rütbəsi verilib. Həmin dövrdə Tibb İnstitutunda təhsil alanlar hərbi xidmətə çağırılmırdı. Mən ehtiyatda olan tibb üzrə zabitəm. Tibb İnstitutunu bitirən istənilən şəxsdən bunu soruşa bilərsiniz”.

Картинки по запросу Pənah Hüseyn

AXC hakimiyyəti dövründə baş nazir postunu tutmuş Pənah Hüseyn barəsindəki ittihamlara bu cür münasibət sərgilədi: “1989-cu il 22 noyabr tarixindən etibarən Zərdüşt Əlizadə Xalq Cəbhəsinin heç bir İdarə Heyətində və digər seçki orqanların iclaslarında iştirak etməyib. O vaxta qədər də Azərbaycanda heç bir rayonda “raykom” və digər orqanlara qarşı onun dedikləri baş verməmişdi. Onun işarə etdiyi hadisələr əsasən, dekabrın sonları və yanvarın birinci ongünlüyündə baş vermişdi.

O köhnə tarixlə tamamilə uydurma danışır. Onun nə deyib-deməməsi şəxsən mənə maraqlı deyil. Çünki tamamilə uydurma və böhtan danışır, həm hərəkata, həm də hərəkatın rəhbərlərinə qarşı bu cür çıxışlar edir. Ona görə bu faktı bildirdim ki, o durub haradasa kiməsə qarşı nəsə dediyi barədə fikirlərinin doğru olmadığını sübut edim. Ola bilsin ki, öz iş yerində yaxud evində qəzəblənib, nəsə ifadə edib. Amma bu barədə ictimaiyyətin və bizim məlumatımız olmayıb. Onun danışdıqları uydurmadır.

Sovet dövründə bir sıra ali məktəblərdə hərbi kafedralar mövcud idi. 4 il müddətində orada hərbi hazırlıq keçirilir, sonra üç aylıq toplantı olurdu. Həmin toplantılarda hərbiyə aid olanlar barədə təxminən 10 imtahan və bir də bir ümumi imtahan verib, toplantını başa vurub, qənaətbəxş qiymət alanlar zabit olurdu. O cümlədən, Pənah Hüseyn də 1989-cu ilin sonunda SSRİ Müdafiə Nazirliyinin əmri ilə kiçik leytenant, sonra leytenant olub, zabit rütbəsi alıb. Bu şəkildə də sənədləşdirilib. Bunların müddətli hərbi xidmətə aparılması praktikası mövcud deyildi. Bir sıra şəxsləri müddətli deyil, zabit kimi orduya cəlb edirdilər. Digər tərəfdən, biz hərbi vəzifələr tutmamışıq, siyasi vəzifələrdə təmsil olunmuşuq. Bu da böyük dövlətlərdə belə normal hal sayılır. Yəni müddətli hərbi xidmət keçməyən şəxslər belə birinci postdan tutmuş digər seçkili orqanlarda iştirak edib, vəzifələr tuta bilərlər. Zərdüşt bəy bunları çox yaxşı bilir. Sadəcə olaraq, həmin siyasi komandaya hansısa bir çamur atmaq üçün belə bir variantla məlumatsız, savadsız adamların rəyinə təsir göstərmək istəyir. Bunlar da boş şeylərdir”.(Musavat.com)

Həmçinin oxuyun

Bakı İrəvandan bu yolla yeni ərazilər alacaq

Bakı və Ankara beynəlxalq meydanlarda Ermənistana qarşı fəaliyyət aparır. Bunu jurnalistlərə açıqlamasında erməni türkoloq Ruben …