Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / “Zərdüşt Əlizadəni maşının “baqaj”ında o aparırdı, ya mən?”

“Zərdüşt Əlizadəni maşının “baqaj”ında o aparırdı, ya mən?”

Musavat.com saytının Facebook və Youtube üzərindən yayınlanan canlı yayın verilişinin bu günkü qonağı Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov olub. Veriliş zamanı S.Novruzov müxalifət partiyası sədrlərinin ona ünvanlandığı sualları cavablandırıb.

Suallardan birinin müəllifi Azərbaycan Demokrat Partiyasının rəhbəri Sərdar Cəlaloğlu olub. S.Cəlaloğlu cəbhə hakimiyyəti dövrü ilə müqayisədə indiki hakimiyyətin dönəmində ölkədə problemlərin daha çox olduğunu bildirərək, YAP rəsmilərinin daim bu faktı təhrif etdiyini bildirib. O, bu fikrini ayrı-ayrı misallarla möhkəmləndirməyə çalışıb.

Amma S.Novruzov bu suala cavabda faktları xatırladıb: “Cəbhənin bir illik siyasi hakimiyyəti dövründə Sərdar Cəlaloğlu siyasətdə olub. Hərc-mərclik baş alıb gedirdi. Bizim dörvümüzdə terror hadisəsi baş verib, metroda… Bunu hansısa azərbaycanlı etməyib, erməni edib. Onlar da bunu Azərbaycandakı inkişafdan qorxduqları üçün ediblər. Bu gün müxtəlif dünya ölkələri Azərbaycanda hansısa beynəlxalq tədbirlərdə iştirak edirlər. Hərbçilər belə, Azərbaycanda görüş keçirir. Bu məsələləri yanaşı qoymağın özü düzgün deyil”.

S.Novruzov eyni zamanda qeyd edib ki, Elçibəyin dövründə ümumiyyətlə, hakimiyyət yox idi. Onun sözlərinə görə, bu, müdafiə və daxili işlər nazirlərinin kimliyində özünü göstərirdi: “Həmin vaxt ən çox onları tənqid edənlərdən biri də Sərdar Cəlaloğlunun özü idi. Həmin dövrdə iqtidar daxilində ciddi qarşıdurma var idi. İndi də düşüblər ortaya. Olmazın yalanlarını danışırlar, tarixi saxtalaşdırmağa çalışırlar. Nə demokratiya? İsgəndər Həmidov daxili işlər naziri olanda partiya rəhbəri və qəzet redaktoru olan  Zərdüşt Əlizadəni maşının baqajında o aparırdı, ya mən? Mahal İsmayıloğlu İsgəndər Həmidovdan yazdığına görə qəzeti ona yedirtdi, nəşriyyatda, bütün jurnalistlərin qarşısında. Bu idi demokratiya? Yeni Azərbaycan Partiyasının ofisinə iki dəfə bozqurdlar hücum etdi. Naxçıvana qoşun çəkirdi, deyirdi ki, gedirəm ümummilli lideri öldürməyə. Ölkənin daxili işlər nazirinin bir muxtar respublikanın rəhbərinə, dünyanın tanınmış siyasətçisinə qarşı dediyi fikirlərə baxın. Lənkəranda keçirilən subtropik əməliyyatı… Zaqatalada, Göyçayda… Onlarla belə hadisələri sadalaya bilərəm. İmkanlı insanların evinə girib pul yığırdılar. Ya da Rəhim Qazıyevin özü. Azərbaycanın bütün problemlərinin başında duran bu adam Xocalıya hücum olanda imkan vermədi ki, Şuşadan dəstək gəlsin. Hamının yanında dedi ki, Şuşa getsə, başıma güllə çaxacam. Gənc nəsil bunları unuda bilər. Bizim nəsil bunların hamısını görmüşük. Müdafiədən başı çıxmayan insan hər kəsi qırğına verirdi. Özünə qarşı yalandan terror hadisəsi törətdirdi ki, guya buna qarşı hər hansı terror hadisəsi olubdur, bunu Şuşada vurmaq istəyiblər. 7 nəfəri güllələtdirdi. Onlarla belə fakt sadalaya bilərəm ki, həmin dövrdə baş verən hadisələrdir. Gecə səhərə qədər çörək növbələri var idi. Axşam 6-dan sonra küçəyə çıxmaq mümkün deyildi. Yoldan insanları tutub, hazırlıq görmədən ön cəbhəyə göndərirdilər”.

Müsahibimiz hazırda Azərbaycan Xalq Hərəkatının keçirdiyi iclasları canlı yayınladıqları üçün onlara təşəkkür etdi: “İnsanlar görür ki, hansı dövrdən, hansı dövrə gəlib çıxıb. Özlərinə bərli-bəzəkli adlar seçib qoyurlar. Neçə illərdir ki, bu, belədir. SİDSUH, Milli Şura, Xalq Hərəkatı və s. qurumları xalqın adı ilə hallandırmağa çalışırlar, amma xalqa heç bir aidiyyatı yoxdur. Orda bir neçə partiya sədrini çıxmaq şərtilə, bəziləri var ki, partiyalardan qovulmaqla, qalanlarının adları isə Azərbaycan tarixinə qara hərflərlə yazılıb. Xalq Hərəkatı yaradıblar, hərəsinin də yaşı 70-i keçib. İndiyə qədər hələ mövqelərini müəyyən edə bilməyiblər. Bunların keçirdiyi iclasları gördük: təhqir, söyüş… Evində heç olmasa övladları, nəvələri baxır. Azərbaycanda milli mentalitet, ağsaqqala hörmət var. Bu insan özünü o səviyyəyə salıb ki, ona qarşı o cür ifadələrdən istifadə olunur. Bu, AXCP-in o vaxt keçirdiyi müşavirələri xatırladır. Parlamentdə bir-biri ilə yumruq davası, parlamentin iclas zalını siqaret çəkmə məkanına çevirmələri… Bunların hamısı baş verib”.

Həmçinin oxuyun

“Azərbaycan az itkilər hesabına qələbəyə nail olub” – İqor Korotçenko

Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların …