Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Siyasət / “Zəngəzur dəhlizi məsələsində Azərbaycanın mövqeyi yanlışdır” – Zərdüşt Əlizadə

“Zəngəzur dəhlizi məsələsində Azərbaycanın mövqeyi yanlışdır” – Zərdüşt Əlizadə

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin dəhlizlə bağlı öz üzərinə yazılı və ya şifahi heç bir öhdəlik götürmədiyini bildirib.
O, bu səbəbdən dəhlizlə bağlı verilən heç bir şərhi qəbul etməyəcəyini vurğulayıb.

Paşinyanın bu açıqlaması hansı mənaya gəlir? Ermən baş nazir dəhlizin açılmayacağını, yoxsa Ermənistanın nəzarətində olmaqla açılacağını nəzərdə tutur?
Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirib ki, Ermənistan tərəfi üçtərəfli bəyanatda Zəngəzurdan keçən yolun hüquqi statusu barədə üzərinə heç bir öhdəlik götürmədiyini bildirir.

“Paşinyan demək istəyir ki, üçtərəfli bəyannamədə deyildiyi kimi, rus sərhədçiləri qatarların gedişinin təhlükəsizliyinə təminat verə bilər, amma bu yolun suveren sahibi Ermənistandır. Ermənistan üçtərəfli bəyannamədə dövlət kimi öz sueren hüquqlarından imtina barədə heç bir öhdəlik götürməyib. Ona görə dəhliz çəkiləndə Ermənistan onun girişində və çıxışında özünün sərhəd-buraxılış məntəqəsini qurmaq istəyir. Necə ki Azərbaycan Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurdu, Ermənistan da öz ərazisində bunu etmək istəyir”.

Z.Əlizadənin sözlərinə görə, hazırda Rusiya bu imkanı Ermənistanın əlindən almaq istəyir:

“Moskva Ermənistanla elə bir müqavilə bağlamaq istəyir ki, bu yol tamamilə Rusiya sərhəd qoşunlarının nəzarətində olsun. Ermənistan isə bunu etmək istəmir. Danışıqlar əsnasında isə Azərbaycan Rusiyanın mövqeyini müdafiə edir. Amma dərindən fikirləşəndə Azərbaycanın bu mövqeyi yanlışdır. Biz öz suverenliyimiz müdafiə etdiyimiz kimi Ermənistan da öz suverenliyini işğalçı və təcavüzkar Rusiyadan müdafiə etməlidir”.

Zərdüşt Əlizadə qeyd edib ki, əslində Paşinyanın sözlərində böyük həqiqət var:

“Azərbaycan da üzərinə Laçın sərhəd-buraxılış məntəqəsini qurmamaq öhdəliyi götürməmişdi. Biz öhdəlik götürmüşük ki, Laçın dəhlizinə rus sülhməramlıları nəzarət edəcəklər. Yolun təhlükəsizliyinə təminatı isə biz verəcəyik. Bəyannamədə rusların nəzarət, Azərbaycanın isə təhlükəsizliyi təmin etmək funksiyasını yerinə yetirməsi nəzərdə tutulub. Paşinyanın demək istədiyi budur. Yəni bildirir ki, istəsə, yolun girişində və çıxışında sərhəd-buraxılış məntəqəsi qura bilər. Çünki son nəticədə bu yol Rusiyanın olmayacaq. Bu yoldan biz istifadə edəcəyik”.

Həmçinin oxuyun

“Azərbaycan Səudiyyə Ərəbistanı ilə münasibətlərə xüsusi əhəmiyyət verir”

“Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, İslam həmrəyliyi kimi möhkəm təməllər üzərində qurulmuş, …