Ana səhifə / Siyasət / Zəlimxan Yaqub Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Zəlimxan Yaqub Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Xalq şairi Zəlimxan Yaqub yanvarın 11-də Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

Bu barədə APA-ya mərhum xalq şairinin ailəsindən bildirilib.

Xalq şairi ilə vida mərasimi yanvarın 11-də saat 12.00-dən 14.00-dək Təzə Pir məscidində keçiriləcək.

Xatırladaq ki, Zəlimxan Yaqub bu gün dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib.

Virtualaz.org bildirir ki, bir az əvvəl Azərbaycan prezidenti, dövlət rəsmiləri, mədəniyyət xadimləri xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Nekroloqda deyilir: ” Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub (Zəlimxan Yusif oğlu Yaqubov) 2016-cı il yanvarın 9-da ömrünün 66-cı ilində vəfat edib.

Zəlimxan Yaqub 1950-ci il yanvar ayının 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. O, 1967-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinə daxil olub və 1972-ci ildə ali təhsilini başa vurub.

Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə 1973-cü ildən “Azərkitab” sistemində müxtəlif vəzifələrdə işləməklə başlayan Zəlimxan Yaqub 1975–1982-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində redaktor, şöbə müdiri, 1982–1992-ci illərdə isə “Yazıçı” nəşriyyatının poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

Bədii yaradıcılığa gənc yaşlarından başlayan Zəlimxan Yaqub Azərbaycanın zəngin şeir ənənələrini uğurla davam etdirən şairlərdəndir. O, xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradıb. Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq Azərbaycan ədəbiyyatında yeni söz kimi qəbul edilib. Onun qəhrəmanlıq ruhu, vətənpərvərlik hissi, azərbaycançılıq məfkurəsi ilə aşılanmış əsərləri əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir.

Dilimizin bütün çalarlarından və tükənməz imkanlarından faydalanaraq yazılmış şeirləri şairin poetik təfəkkürünün məhsulu kimi öz xəlqiliyi, rəvanlığı, milli koloriti ilə səciyyələnir və böyük təsir gücünə malikdir. Zəlimxan Yaqubun tarixi şəxsiyyətlərə həsr etdiyi poemaları yaradıcılığının zirvəsini təşkil edir. Onun “Əbədiyyət dastanı” poeması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş əsərlər arasında xüsusi yer tutur.

Zəlimxan Yaqubun aşıq yaradıcılığını dərindən bilməsi və onu bütün incəlikləri ilə qavraması şeirlərinin lirizmini daha da qüvvətləndirib. Poeziyasının dilinə xas olan şeiriyyat və axıcılıq Zəlimxan Yaqubun əsərlərinə bəstəkar və aşıqların müraciət etmələri üçün zəmin yaradıb.

Şairin əsərləri bir çox dillərə tərcümə olunub və sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Müxtəlif ölkələrdə keçirilən poeziya gecələrində Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatını layiqincə təmsil edib. Onun yaradıcılığının Gürcüstanın ali mükafatı olan “Şərəf” ordeni ilə qiymətləndirilməsi şairin ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət qazanmasının təzahürüdür.

Zəlimxan Yaqubun ictimai fəaliyyəti də səmərəli olub. O, 1995–2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Aşıqlar Birliyinin sədri kimi Zəlimxan Yaqub aşıq sənətinin inkişafında və təbliğində böyük əmək sərf edib. Şairin ədəbi-ictimai fəaliyyəti daim yüksək qiymətləndirilib. O, bir çox mükafatlara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifləri “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.

Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Zəlimxan Yaqubun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!”

Nekroloqu prezident İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, İsa Həbibbəyli, Anar Rzayev, Rafael Hüseynov, Fikrət Qoca, Söhrab Tahir, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı və Ədalət Nəsibov imzalayıblar.

*   *   *20:27

Nə az, nə çox, düz 50 il sözlə çarpışdı, sözə boylandı Zəlimxan Yaqub. Bu yola 15 yaşında çıxmışdı. Kəpənəkçidə, sazın-sözün içində böyümüşdü. Yaxşı bilirdi ki, bu yolda Azərbaycanı tanıdan nəhənglər var, hər sözü dünya boyda olan kişilər var. Bu yolda var olmağın, özünü təsdiq etməyin böyük hünər olduğunu anlamamaq mümkünsüz idi. Ona görə də könül verdiyi şeirin əlçatmaz zirvəsində özünü təsdiqləmək üçün çox yuxusuz gecələr keçirdi. Özünün dediyi kimi “Bir dəfə verilir vergi insana, qədrini bilməsən verilməz daha”. O, Tanrı vergisini, istedadını parlatmaq, “Mən də varam, mən də bu xalqın əsl söz adamıyam, şairiyəm” demək üçün yarım əsr bu dünya ilə söz davasına, fikir savaşına çıxdı. Amma neyləyəsən ki, günlərin birində, sevdiklərinə, Vətəninə, Azərbaycana əlvida dedi…

Nə yazdısa saz üstə köklədi, Dədə Ələsgərdən, Xəstə Qasımdan, Tufarqanlı Abbasdan ruhuna ruh, gücünə-güc qatdı. Zəlimxan Yaqub bu illər ərzində “Saz”, “Göyçə dərdi”, “Cavidan qız balası”, “Şair harayı”, “Sizi qınamıram”, “Vətən yaraları”, “Göyçədən gələn səslər”, “Borçalıdan qalan izlər”, “Yunis İmrə dastanı”, “Ey vətən oğulları”, “Suallar”, “Haqq-ədalət”, “Böyük ömrün dastanı”, ”O qızın göz yaşları”, “Şuşada balam qaldı” və başqa irihəcmli, epik-lirik səpkili poemaları, saz üstündə köklənən şeirləri ilə oxucuları sevindirə bildi. Son illərdə nəşr edilmiş “Bir əli torpaqda, bir əli haqda”, “Bu yaşıl ağacın altı bizimdir”, “Mən sənin qəlbinə necə yol tapım” adlı şeir və poemalar kitabı şairin ömür yolunda, yaradıcılıq taleyində ən böyük uğurlardan sayılırdı. Qarabağ müharibəsi mövzusunda yazdığı “Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram” poemalarına və “Ziyarətin qəbul olsun” kitabına görə bir sıra yerli və beynəlxalq mükafatlara layiq görülüb.

Yazdıqları, yaratdıqları dövrünün şeir və söz adamları, ədəbiyyatsevərləri tərəfindən hər zaman yüksək qiymətləndirilib. Onun haqqında hər zaman sözün və ədəbiyyatın nəhəngləri yüksək fikirlər səsləndirib. Belə ki, Nizami Cəfərov deyib: “Zəlimxan Yaqub bu dünyaya xüsusi missiya ilə gəlib: onun vəzifəsi böyük sənətin mövqeyində dayanaraq, böyük idealları tədqiq etməkdən, xalqla dövlət arasında əsrlər boyu ehtiyac duyulan harmoniyanın yaranmasına sənətkar-mütəfəkkir xidməti göstərməkdən ibarətdir”.

Mirvarid Dilbazi: “Zəlimxanın misraları gözəlliyi, saflığı, sədaqəti, vətən məhəbbətini, insan ürəyinin çırpıntılarını tərənnüm edir”.

Bəxtiyar Vahabzadə: “Əgər şair xalq ruhundan doğan sözü deyə bilirsə, o, həqiqətən xalqın ürəyində əks-səda tapır. Əks-sədaya çevrilmək üçün isə xalqla eyni yaşda olmağı bacarmalısan. Zəlimxan Yaqub belələrindəndir”.

Hüseyn Arif: “Zəlimxan Yaqubu mənə doğmalaşdıran, sevdirən cəhət məhz budur ki, o, əsas enerjisini bəziləri kimi özünütəbliğə yox, təsirli, bəşəri mövzuları xalq ruhu ilə milli zəminlə bağlamağa sərf edir”.

Musa Yaqub: “Zəlimxan sinəsi dolu şairdir. Vətən və torpaq sevgisi, bəlkə də, Zəlimxan şeirində birincidir”.

12 gün yaşamaq haqqını özündə saxlaya bilsəydi, 66 yaşını qeyd edəcəkdi Zəlimxan Yaqub. Gəlişi ilə bizi bizə tanıdan, sazı, sözü yenidən yaddaşımızda təzələyən, Azərbaycan dilini şirin danışığı, obrazlı ifadəsi, güclü yaddaşı ilə təzədən bizlərə sevdirən Zəlimxan Yaqub ölümü ilə də sanki ölümü kövrəltdi:

İnsanlar, ürəyim quzu tək mələr,

Başım nələr çəkdi, dünyada, nələr,

Hansı gün “Zəlimxan ölüb” desələr,

O gün, bircə dəfə “of” çəkərsiniz… (AZƏRTAC)

*   *   *17:07

Zəlimxan Yaqub vəfat edib.

Bu barədə “Kulis”ə şairin oğlu Bəhlul xəbər verib.

Zəlimxan Yaqub bu gün 16:00 radələrində evində vəfat edib.

Xatırladaq ki, xalq şairi böyrək çatışmazlığından əziyyət çəkirdi.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə “Azərbaycanın xalq şairi” fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb. 1995-2005-ci illərdə Milli Məclisinin deputatı olub. 2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.

Allah Rəhmət eləsin!

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın