Ana səhifə / Siyasət / Zəhranın atası danışdı: “Mərminin partlaması onları yarı yolda qoydu” – VİDEO

Zəhranın atası danışdı: “Mərminin partlaması onları yarı yolda qoydu” – VİDEO

ARB 24 televiziyası Füzulinin Alxanlı kəndindən xüsusi reportaj hazırlayıb.

Telekanalın xüsusi müxbiri, tanınmış jurnalist Nadir Şəfiyev şəhid Zəhranın qəbrini ziyarət edib, kənd sakinlərindən və Zəhranın yaxınlarından müsahibə alıb. Reportaj bütövlükdə rus dilində hazırlanıb, azərbaycan dilində subtitrla təqdim olunub.

Nadir Şəfiyev – xüsusi müxbir: “Biz hazırda Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndindəyik. Bura cəbhə bölgəsidir. Cəmi 400 metr aralıda Ermənistan Silahlı Qüvvələrinin mövqeləri yerləşir. Hansı ki, Füzuli rayonunun həmin ərazilərini zəbt edib və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu kənddə 4 iyulda əhali indiki kimi adi həyatını yaşayırdı, amma faciə baş verdi. Hansı ki, təkcə bu kəndin sakinlərini deyil, bütün uşaqsevərləri, insanlığı və insan həyatına hörmət edənləri sarsıtdı”.

Həmin gün kənd adi həyatını yaşayırdı. Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq, təxribatlar törətməsinə vərdiş edən kəndlilər gündəlik qayğıları ilə məşğul idilər.

Nadir Şəfiyev – xüsusi müxbir: “Alxanlı kəndinin sakinləri üçün 4 iyul adi günlərdən heç nəyi ilə fərqlənmirdi. Həmin gün onlar kənd təsərrüfatı işləri ilə məşğul idilər. Həmçinin həmin ailə. İndi biz sizə o ailə haqqında danışacağıq”

Gün sona yaxınlaşırdı. Vaxtaşırı atəşə baxmayaraq kənddə həyat öz axarı ilə davam edirdi.

Nadir Şəfiyev – xüsusi müxbir: “Bura Zəhranın ailəsi ilə birgə yaşadığı evdir. 4 iyul tarixi də əvvəlki günlərdən fərqlənmirdi. İyulun 4-ü axşam onun atası örüşə gedirmiş ki, qohumlarına sürünü gətirmək üçün kömək etsin. Buna görə də o, həyətə anasının yanına gəlir ki, uşağı onun yanında qoysun. Təbii ki, həmin vaxt o heç nədən qorxmurdu, çünki nisbətən sakitçilik idi. Əgər ciddi təhlükə olsaydı o, anası ilə uşağı bu həyətdə tək qoymazdı. Təəssüf ki, təhlükə bu ailədən yan keçmədi”.

Məzahir Quliyev – sakin: “Kəndi mütəmadi olaraq atıcı silahlarla atəşə tuturdular. Lakin iyulun 2-dən başlayaraq ermənilər artilleriya qurğularından istifadə etməyə başladılar. Ayın 2-si bütün otlaq sahələrini və bizim “Şərabçılıq zavodu” adlandırdığımız ərazini atəşə tutdular. Onlar təxribatlarını bu ayın 3-ü və 4-ü də davam etdirdilər. Axşam isə kəndin mərkəzini atəşə tutdular ki, bunun da nəticəsində 2 nəfər öldü”.

Elnur Quliyev – Zəhranın atası: “Həmin vaxt mən evdə yox idim. Qonşu yola çıxmışdı. Anam da uşağın əlindən tutub, onu qarşılamağa gedirdi. Onlar həmin yerə gedib çıxa bilmədilər. Mərminin partlaması onları yarı yolda qoydu”.

Nadir Şəfiyev – xüsusi müxbir: “Balaca Zəhra nənəsi ilə həyətdə oynayırdı. Hər şey normal idi. Birdən Ermənistan Silahlı Qüvvələrinin atdığı mərmi həyətə düşür. Gördüyünüz bu balaca çalada mərminin partlaması bir anda 18 aylıq qızı və 50 yaşlı nənəsini həyatından etdi. Bu ailədə böyük faciə baş verdi. O faciə ki, təkcə bu kəndi deyil, bütün Azərbaycanı əhatə etdi. O insanlar ki, deyirdilər burada Silahlı Qüvvələrin atəş nöqtələri var, onlarr böyük səhvə yol veriblər. Bunu bizim çəkilişlərimiz də sübut edir. Bir daha əmin olmaq üçün ki, burada Silahlı Qüvvələrin atəş nöqtələri olmayıb, yoxdur və yəqin ki, olmayacaq, çəkiliş qrupumuz kəndə gəldi. Düşünürəm ki, bu çəkiliş hər kəsə sübut etdi ki, həmin vaxt bu kənd adi həyatını yaşayıb”.

Salman Quliyev – Zəhranın babası: “Onlar həmişə kənddə yerli sakinləri atəşə tuturlar. Bizi qorxutmağa çalışırlar. Amma buna nail ola bilməyəcəklər. Biz onlardan qorxmuruq”.

Nadir Şəfiyev – xüsusi müxbir: “Deyirlər ki, balaca Zəhranın çox az oyuncağı var idi. Amma bu gün onun bu oyuncaqlara ehtiyacı yoxdur. Onun qəbri üstə gələn uşaqlar özləri ilə birgə gətirdikləri müxtəlif oyuncaqları onunla bölüşürlər. Bütün bu uşaqlar deyir ki, onlar oyuncaqlarını Zəhra ilə bölüşməyə hazırdırlar və bu balaca Azərbaycan qızı ilə hüzndədirlər”.

Burada yaşayan sakinlər inanırlar ki, erməni işğalçıları zəbt etdikləri yüksəkliklərdən özləri könüllü olaraq, çıxıb gedəcəklər. O zaman Alxanlıda həyat yeni mərhələyə qədəm qoyacaq. Bu kəndin uşaqları daha heç vaxt güllə səslərindən və mərmi partlayışlarından səksənməyəcəklər.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın