Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Yunusların məhkəməsində insident: “Leyla Yunus, tərbiyəniz olsun”

Yunusların məhkəməsində insident: “Leyla Yunus, tərbiyəniz olsun”

Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi bu gün davam edib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Leyla Yunusun vəkilinin vəsatətlərinə baxıldı.

Vəkil Əfqan Məmmədov məhkəmə tərkibinə yazılı etiraz etdi. Dedi ki, məhkəmə qərəzli aparılır, Arif Yunusun şüşə qəfəsdən çıxarılması barədə vəsatətəimiz təmin olunmur.

Vəkilin bu etirazı qəbul edilmədi.

Daha sonra çıxış edən Leyla Yunus bildirdi ki, o, xəstə adamın məhkəmə zalına gətirilməsini ilk dəfədir görür: “Arifə hər gün iynə vurulur. Belə məhkəmə olmaz”.

L.Yunus daha sonra məhkəmə heyətinə sərt formada etiraz edərək səsini ucaltdı: “Bu hakim işdən dərhal kənarlaşdırılmalıdır. Belə məhkəmə olmaz”.

Hakim Əfqan Hacıyev isə təqsirləndirilən şəxsin arqessiv çıxışına belə reaksiya verdi: “Leyla Yunus, bura məhkəmə zalıdır. Danışığınıza fikir verin, tərbiyəniz olsun”.

Bundan sonra məhkəmə heyəti müşavirəyə yollandı. Onlar müşavirə otağına keçəndən sonra L.Yunus üzünü zala tutaraq çıxışını davam etdirdi. Dedi ki, bu məhkəmə işi Novruzəli Məmədovun işinə bənzəyir: “Ayın 3-də keçirilən prosesdə Arifin təzyiqi qalxdı, başı dizimin üstündə qaldı. Belə proses olmaz. Bu, qanunsuzluqdur”.

L.Yunus daha sonra dövlət ittihamçısı Fərid Nağıyevə xitabən onun ünvanına qeyri-etik ifadələr işlətdi: “Siz kimsiniz, nəçisiniz? Mən boyu 1 metr 60 sm, çəkisi 45 kilo olan yaşlı qadınam, amma siz   məndən qorxursunuz. Siz qorxaqsınız. Mənə burada zorakılıq edilir, hüquqlarım pozulur”.

Prokuror isə onun bu təhqirləri qarşısında təmkinin pozmadı və heç bir söz demədi. Hakimlər müşavirədən qayıdandan sonra isə dövlət ittihamçısı bu barədə məhkəmə heyətinə məlumat verərək L.Yunusun dediklərinin əsassız olduğunu bilidirdi.

Bugünkü prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olundu. Proses avqustun 6-da davam etdiriləcək. Sabahkı prosesdə prokuror L.Yunusa iş istəyəcək.

Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2 (vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham elan edilib.

Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

Həmçinin oxuyun

YAP Rusiyaya etiraz məktubu yolladı

Yeni Azərbaycan Partiyası (YAP) Rusiya Dövlət Dumasının üzvü V. Milonovun Azərbaycana qarşı qərəzli çıxışları ilə …

Bir cavab yazın