Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / Yüksək ABŞ rəsmisinin səfərindən regionumuz və Qarabağ üçün gözləntilər…

Yüksək ABŞ rəsmisinin səfərindən regionumuz və Qarabağ üçün gözləntilər…

“Boltonun Rusiya-Türkiyə-İran ittifaqını parçalamaq üçün səfər zamanı diplomatik gedişlər edəcəyi şübhəsizdir”

Nəzakət Məmmədova: “ABŞ Azərbaycan və Ermənistan rəhbərliyinin Moskvadan asılı olmayaraq birbaşa əlaqəsini təmin etməyə…”

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana gözlənilən səfərinə dünya mediasında da maraq böyükdür. Beynəlxalq medianın iddiasına görə, Bolton bu ölkələrdə “təhlükəsizliklə bağlı Amerikanın bir sıra maraqlarını yeritmək üçün həmkarları və başqa yüksək məqamlı məmurlarla görüşməyi” planlaşdırır.
Güman olunur ki, diqqət mərkəzində İran və ola bilsin Suriya olacaq. Rusiya, İran və Türkiyə Suriya tənzimlənməsində əsas zaminlər kimi çıxış edirlər. Bundan başqa, indi bu üç ölkə müxtəlif səbəblərdən Amerika sanksiyalarının fərqli basqısı altındadırlar ki, bu da bir çox yönlərdə onların mövqelərini yaxınlaşdırır. Lakin Boltonun bölgəyə səfəri zamanı müzakirələrin ən önəmli mövzularından biri İran məsələsi olacaqsa, hətta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də yer ayrılacaq. Ancaq səfərdə başlıca məqsədin İranla bağlı olduğu bildirilir. Qeyd olunur ki, Bolton Azərbaycan, Ermənistan və Gürcüstan liderlərini dilə tutaraq onları İranla əməkdaşlıq etməməyə, bu ölkədən neft və qaz almamağa inandırmağa cəhd edəcək.

Boltonun maraqlı coğrafiyanı əhatə edən turnesindən biz nələri gözləyə bilərik?

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə  bildirdi ki, Boltonun səfərini bir neçə cür təsnifatlandırmaq olar: “ABŞ-Rusiya, ABŞ-Cənubi Qafqaz ölkələri və ABŞ-ın Azərbaycan, Gürcüstan, Ermənistanla ikitərəfli əlaqələri. ABŞ Prezidentinin milli təhlükəsizlik müşavirinin səfərinin Rusiya və İrana qarşı region dövlətlərini səfərbər etmək məqsədi daşıdığını prioritet istiqamət kimi qeyd etmək olar. Bu yaxınlarda Ağ Evdəki brifinqdə o, ABŞ-ın İranın yaratdığı terror təhlükəsi ilə üzləşdiyini, Tehranın “Həmas”, “Hizbullah” təşkilatlarına dəstəyini bildirib. Bundan da görünür ki, səfərin məqsədlərindən biri İranla region ölkələrinin münasibətlərinə aydınlıq gətirmək, onların ABŞ-ın yanında yer almasını təmin etməkdir. Ələlxüsus, Merkelin və Putinin səfərlərindən sonra ABŞ regionda son akkordları özü vurmaq istəyir”.
N.Məmmədova hesab edir ki, digər tərəfdən, Rusiya ilə ABŞ arasında bir sıra gərginlik doğuran mövzuların da Moskva səfəri zamanı müzakirə olunacağı gözlənir. Türkiyəyə qarşı müzakirələrin gündəmdə yer alacağı İran və Rusiya ilə müqayisədə daha az gözlənir. Xüsusən də rahib Bransonun azadlığa buraxılması ilə münasibətlərdə müəyyən yumşalmanın nəzərə çarpdığı bu dövrdə. Lakin Boltonun Rusiya-Türkiyə-İran ittifaqını parçalamaq üçün səfər zamanı diplomatik gedişlər edəcəyi şübhəsizdir. Bizi daha çox maraqlandıran Boltonun Azərbaycana və Ermənistana səfəridir. Rusiyanın Cənubi Qafqazda hegemonluğunun əsaslarının sarsıdılması, ilk növbədə onun Azərbaycan və Ermənistana 1 nömrəli təzyiq vasitəsi olan “tuz kartının” – Dağlıq Qarabağ məsələsinin Moskvanın əlindən alınması, münaqişənin ABŞ-ın istədiyi formada həll variantlarının müzakirəsi mümkündür. Xüsusilə Düşənbədə Paşinyanın operativ, ikitərəfli əlaqə üsulları təklif etməsi bunu ABŞ-ın təlimatı ilə etdiyini güman etməyə əsas verir. Bununla, ABŞ Azərbaycan və Ermənistan rəhbərliyinin Moskvadan asılı olmayaraq birbaşa əlaqəsini təmin etməyə çalışmış ola bilər”.
N.Məmmədovanın fikrincə, ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzin Ermənistanı işğalçı hesab edərək onun danışıqlarda güzəstə getməli olduğunu, işğal etdiyi torpaqları qaytarmalı olduğunu bəyan etməsi ABŞ-ın Qarabağ danışıqlarına yanaşmasını ortaya qoydu: “Habelə ABŞ Dövlət Departamentinin yüksək çinli məmuru Corc Kentin Bakıda İlham Əliyevlə görüşündə də enerji, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq sahəsində ölkəmizin fəaliyyəti yüksək qiymətləndirildi. Lakin Ermənistana səfər bu ölkədəki seçki öncəsi baş verir və heç şübhəsiz ki, Boltonun gündəmində əsas məsələ Qarabağ və seçkilərdir. Əgər bu iki məsələdə ABŞ Rusiyanı proseslərdən uzaqlaşdıra bilsə – seçkilərdə Paşinyanın qələbəsini təmin edib onu Ermənistanda siyasi cəhətdən zəiflətsə və seçkidən sonra Ermənistan hökumətinin Qarabağ danışıqlarında güzəştə getməsinə nail olarsa, ABŞ-ın böyük siyasi qələbəsi Cənubi Qafqaz regionunun qapılarının onun üzünə açılması olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Qiyas kimilər qələt eləyir…” – Aqil Abbas

İctimai fəal Qiyas İbrahimovun facebookda Hayk Tigranyan adında erməni istifadəçisi ilə üzə çıxan  yazışmaları hər …