Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Yol polisi: Azərbaycanda piyada mədəniyyəti yoxdur – İTTİHAM

Yol polisi: Azərbaycanda piyada mədəniyyəti yoxdur – İTTİHAM

Bakıda günün pik saatlarında yol polislərinin avtomobilləri deyil, piyadaları idarə etdiyinin şahidi oluruq. Bu ən azından Azərbaycanda hələ də piyada mədəniyyətinin formalaşmamasından xəbər verir. Əksər piyadaların qadağan olunmuş yerlədən keçməsi isə bir sıra hallarda 20 manatlıq cərimə ödəməsi ilə nəticələnir

Elə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov da Modern.az-a açıqlamasında bu sahə ilə bağlı narahatlığını dilə gətirib.

“130 min piyada cərimələnib”

O qeyd edib ki, 2016-cı ilin statistik göstəricilərində bütün istiqamətlərdə hadisələr, ölüm halları, xəsarət dərəcələri azalıb:
“Amma piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 58 faizini təşkil edir. Bu da bizi çox narahat edir. Piyadaların mütəmadi keçirilən reydlərdə saxlanılaraq, məsuliyyətə cəlb edilməsi onların gələcəkdə törədəcəkləri xətalara təsir edəcək. Ona görə də, son vaxtlar yol polisinin piyadaları daha çox cərimələməsini normal qəbul edin. 2016-cı ildə təxminən 130 minə yaxın piyada saxlanılıb və məsuliyyətə cəlb edilib.
Hər halda azad, demokratik Azərbaycanın vətəndaşlarıyıq. Bizim özümüzə məxsus pisxologiyamız, adət-ənənələrimiz, qəribə və təhlükəli vərdişlərimiz var. Amerika, Almaniya, İngiltərə və bir çox inkişaf etmiş ölkələrdə insanların yol hərəkəti qaydalarını necə mənimsədiyini görürük. Bu mədəniyyətin bizim insana aşılanması üçün zaman lazımdır. Biz o stereotipləri dağıtmaq üçün çox sayda təbliğat aparmalıyıq ki, insanlar bu qaydaları şüurlu surətdə dərk eləsinlər”.

“Bəzi piyadalar yol polisi olmadan özünü idarə edə bilmir”

V.Əsədov piyadaların məsuliyyətsizliyini xüsusi vurğulayıb:
“Tam məsuliyyətimlə deyirəm ki, bəzi hərəkət iştirakçıları yol polisi olmadan öz hərəkətlərini tənzimləyə bilmir. Bu da təbiidir. Yəni hamı yol-hərəkəti qaydalarını mükəməl bilməz. Avtomobil idarə etmək özü bir sənətdir və peşəkarlıq tələb edir. Sürücü maşına oturanda oturacağı elə tənzimləməlidir ki, o özünü rahat hiss etsin. Kəmər bağlamalıdır, ayaq düz olmalıdır, pəncə pedalın üzərinə dəqiq oturmalıdır. Əgər sürücü maşın sürərkən qorxu keçirirsə, ən yaxşısı o maşını sürməsin. Bunu alman, ingilis vətəndaşına demək yersizdir. Onlar bu sahədə püxtələşiblər. Biz də sıfırdan başlamışıq. 23 yaşlı bir ölkəyə bu qədər texniki vasitələr gətirilibsə, deməli bunlardan istifadəni bacarmağa borcluyuq. Hələlik polis olmadan bizim vətəndaşımız, hərəkət iştirakçılarımız özlərini idarə edə bilmirlər. Pik saatlarda piyadaların yolun bir tərəfindən digər tərəfinə keçməsi zamanı hər tərəfdə bizim 2-3 polis əməkdaşımız dayanır. Amma xaricdə bu belədirmi? Əlbəttə, yox. Piyadalar bu kimi vərdişlərə yiyələnib və özləri sərbəst şəkildə bu qaydalara tabe olur”.

Cərimələr öz sözünü deyir…

V.Əsədov qeyd edib ki, cərimələr sayəsində sürücülərin qanunlara tabe olması mümkünləşib:
“Əvvəllər sürücü-piyada münasibətləri çox gərgin idi. Sürücülər piyada zolağında maşını piyadanın üzərinə sürürdü. Yol polisi tərəfindən tətbiq edilən cərimə sanksiyaları, həyata keçirilən reydlər bu kimi halları minimuma endirdi. Artıq piyada yolun kənarında olarkən sürücü onu görüb dayanır. Bu məsələdə cərimələr böyük rol oynayıb. İndi isə piyadaların sürücülərin hərəkətinə mane olmasının aradan qaldırılmasına çalışırıq. İstənilən sürücüdən soruşsanız, piyadaların hərəkətindən narazılığını bildirər. Bu gün dövlətimiz tərəfindən yol infrastrukturunun genişləndirilməsi və inkişafına böyük həcmdə vəsait ayırır, təhlükəsizliyin təmin edilməsilə bağlı tunellər, yeraltı, yerüstü piyada keçidləri tikilir.

Yaponiyada, Çində mərtəbəli körpülər yaranıb. Bu, yolların kəsişməsini ayırmaq, vaxt udub, ləngimənin qarşısını almaq üçündür. Hazırda piyada keçidlərinin sayı 80-ə çatır. Vaxtilə Bakı şəhərinin küçə və prospektlərinin uzunluğu 2013 km idisə, indi 2400 km-dir. Vaxtilə yol birlşmələri 630 idisə, indi 700-dən artıqdır. Vaxtilə yolun kəsişmə nöqtəsində nizamlayıcı (işıqfor) ən azı 250 ədəd idisə, indi 300-dən artıqdır.
Doğrudur, bu sahədə işlər ləng gedir. Bunun da səbəbi sürücü diqqətsizliyi və piyada səhlənkarlığındadır. Bu gün polis əməkdaşları günün pik saatlarında nizamlayıcı rolunda olmasa, hərəkət iflic olar.
Ümid edirik ki, ən azı 3 il sonra ərazidə yol polisi olmadığı halda hər kəs yol nişanları və texniki vasitələrin göstəriciləri əsasında rahat, fasiləsiz hərəkət edəcək”.

Cəmi 3 il sonra hər şey başqa cür olacaq

Qurum rəsmisi paytaxtda üç sahədə problem yaşandığını deyib:
“Bakı üzrə əsas problem yaradan məsələ dayanma-durma və piyadaların təyin olunmayan yerlərdən keçmələridir. Üçüncü prioritet məsələ isə sərnişindaşımada avtobus duracaqlarında narahatlıq doğuran xətaların hələ də qalmasıdır. Bizim əsas səhvimiz də odur ki, xəta törədən şəxsdən nə üçün bu qayda pozuntusunu törətdiyini soruşuruq. Soruşduqca, bəhanələr artır. Məsələn, yolun hərəkət hissəsində dayanmış, hətta qəza duracaq işıqlarını yandıran sürücüdən soruşursan ki, niyə dayanmısan? Deyir ki, “adam gözləyirəm”, yaxud deyir “dərman alıram, çörək alıram”. Bu başqalarının hərəkətinə mane olmaqdır. Bu gün ölkə üzrə maşınların sayı 1 milyon 200 minədək artıb. Onun da 72 faizi Bakı şəhərindədir. Görün avtomobillərin hərəkətində, intensivliyində necə maneələr yaranır.
Nöqsanlar var, amma onların da aradan qaldırılması üçün zaman lazımdır. Səbirli olaq, bir neçə il sonra özünüz bu dəyişikliklərin şahidi olacaqsız”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın