Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / “Yeni Yasamal” Tibb Mərkəzində qiymətlər kəllə-çarxa çıxır

“Yeni Yasamal” Tibb Mərkəzində qiymətlər kəllə-çarxa çıxır

Göstərilən xidmətlərin keyfiyyəti isə çox aşağıdır.
Bu gün paytaxtda kifayət qədər özəl klinikaların fəaliyyət göstərməsi hər kəsə məlumdur. Belə ki, bu gün yatırsan, səhər ayılıb görürsən ki, hansısa binanın alt hissəsi klinika kimi fəaliyyət göstərir. Səhiyyə son zamanlar vətəndaşların ən aktual problemlərinə çevrildiyi üçün, gündəmdən də düşməyən məsələlərdəndir. Belə ki, artıq demək olar ki, hər gün ya dövlət xəstəxanalarından, poliklinikalarından, yaxud da özəl klinikalardan şikayətlər daxil olur. Daimi oxucularımız bilir ki, bizlər səhiyyə mövzusuna önəm verir və daxil olan şikayət və məlumatlara hər zaman yer verməyə çalışırıq.

Onu da qeyd edək ki, dövlət tərəfindən səhiyyə istiqamətində müvafiq addımlar atılmasına baxmayaraq, mövcud problem və şikayətlər səngimək bilmir. Əksinə günü-gündən daha da artır. Daxil olan şikayətlərə əsasən deyə bilərik ki, qanunsuz orqan transplantasiyası, səhv diaqnozlar, firma dərmanların təyinatı, bahalı qiymətlər və sair bütün bu sadalananlar hazırda Azərbaycanda fəaliyyət göstərən əksər özəl klinikaların iş prinsiplərindəndir. Əslində özəl klinikalarda belə halların mövcudluğu əhalinin geniş kütləsinə də məlumdur. Lakin həmin klinikalarda qurulan iş mexanizmi pasiyentlərin bundan qaçmasına imkan vermir. Çünki həmin klinikalarda çalışan həkimlərin əksəriyyəti elə dövlət xəstəxanalarının işçiləridir. Məsələ orasındadır ki, həkimlər xəstələri dövlət xəstəxanalarında deyil, özəl klinikalarda müayinə və müalicə etməyə üstünlük verirlər. Həm də xəstələrə guya özəl klinikalarda texniki avadanlığın və həkim personalının yüksək səviyyədə olmasına inandıra bilirlər. Üstəlik özəl klinikalar telekanallarda xarici ölkələrdən gətirilmiş son tibbi avadanlıqları və əcnəbi həkimləri yaxşıca reklam etdirə bilirlər. Bundan başqa, özəl tibb müəssisələrində qiymətlər gündən-günə artır. Məsələn, əksər özəl klinikalarda adi həkim müayinəsi də pasiyentlərə baha başa gəlir. Belə ki, hazırda bu klinikalarda sadə həkim müayinəsinin orta qiyməti 40-50 manat civarındadır. Gündəlik-Bakı.com-a daxil olan şikayətdə də, bu məqam qeyd edilib.

Belə ki, paytaxtın Y.Yasamal, Ş.M.Xiyabani 15c ünvanında yerləşən “Yeni Yasamal” Tibb Mərkəzində qiymətlərin həddindən artıq baha olması qeyd olunur. İlk olaraq qeyd edək ki, sözügedən tibb ocağında ümumi cərrahiyyə, qulaq-burun-boğaz, plastik cərrahiyyə, urologiya, kardiologiya, tibbi laboratoriya, ortopediya, travmatologiya, rentgenologiya, allerqologiya, dermatologiya, hematologiya, tibbi onkologiya, pulmonologiya və terapiya, ginekologiya, mamaçılıq, ultrasonoqrafiya, reanimasiya və intensiv terapiya, eyni zamanda təcili tibbi yardım və evdə tibbi xidmət, neonatologiya, uşaq xəstəlikləri və uşaq cərrahiyyəsi şöbələrinin fəaliyyət göstərdiyi deyilir. Daxil olan məlumatlarda vurğulanır ki, sözügedən səhiyyə ocağında insanlar tibbi xidmət müqabilində yüksək məbləğdə pul ödəsələr də, bunun qarşılığında həkimlər tərəfindən yaxşı xidmət göstərilmir. Vətəndaşlar müayinə və həkim məsləhətləri üçün tələb olunan məbləğin həddən artıq yüksək olmasından şikayətlənirlər. Bundan başqa, həkimlərin firmalarla əlbir olub, faydası və zərəri haqqında məlumatı olub-olmadan, xəstələrə yazıb, pul qazanırlar. Yəni firmalarla əlbir olub, müqavilə bağlayırlar. Həkimlərin xəstələrdən təyin etdikləri dərmanların qablarını tələb etməsi isə, deyilənləri sübuta yetirmiş olur. Bir sözlə, bu gün bir sıra özəl klinikalar kimi, “Yeni Yasamal” Tibb Mərkəzinin də ciddi araşdırılmaya ehtiyacı var.

Yazı ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var.

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …

Bir cavab yazın