Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Yeni deputatları necə görmək istərdiniz? – PARLAMENT JURNALİSTLƏRİNDƏN CAVAB

Yeni deputatları necə görmək istərdiniz? – PARLAMENT JURNALİSTLƏRİNDƏN CAVAB

Noyabr ayında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək.

Hər zaman deputatlarla təmasda olan parlament jurnalistləri yeni deputatların necə olmasını istəyir?

Modern.az saytı bu sualla parlament jurnalistlərinə müraciət edib.

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu:

“Növbəti seçimlərdə istərdim ki, millət vəkilləri daha aktiv olsunlar. İstər qanunların qəbulunda, istərsə də seçicilərinin hüquqlarının müdafiəsində, seçicilərinin problemlərinin mütəmadi olaraq aidiyyatı orqanlar qarşısında qaldırılmasında fəallıq nümayiş etdirsinlər.

Media nümayəndələrinə açıq olsunlar. Jurnalistlər üçün millət vəkilləri əlçatan olsunlar. Gənc insanların parlamentdə daha çox təmsil olunmasının tərəfdarıyam”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı:

“Bu hər kəsin özündən asılı olan bir məsələdir. Amma çox istərdim ki, deputatlar ən azından mətbuatla normal ünsiyyət qura bilsinlər. Mətbuatdan qaçan deputat seçicidən də qaçır, basqalarından da. Deputat məmur deyil axı. Bəziləri özünü məmur kimi aparır. Jurnalist görəndə çəp-çəp baxanlar da var.

Belə deputatlarla işləmək çox çətindir. Eyni adamları danışdırmaqdan, eyni adamlardan yazmaqdan biz də yoruluruq. O biriləri də fəal olsa mövzu rəngarəngliyi, fikir müxtəlifliyi yarana bilər. Elə deputat var ki, 5 ildə bir dəfə çıxışını eşitməmişik. Amma gedib danışdırsan deyəcək seçicilərlə işləyirəm”.

Modern.az saytının əməkdaşı Aqşin Kərimov:

“Ümumiyyətlə deputat statusu daşıyan şəxs soyuqqanlı, ağıllı mühakimə yürüdən və rasional təfəkkürə malik olmalıdır. Eyni zamanda Milli Məclisin yeni tərkibi biz jurnalistlərin təyinatı üzrə verilən suallarla bağlı informasiyaya çıxışını təmin etməli, media nümayəndələrinə hörmətlə yanaşmalıdır.

Yeni seçiləcək deputatlar xalqla hakimiyyət arasında informasiya mübadiləsi sistemində körpü rolunu oynamağın vacibliyini bilməlidirlər.

İrəli sürəcəkləri təkliflər birmənalı yükə malik olmasın, yəni həm cəmiyyətin, həm də dövlətin maraqlarına xidmət etsin. Bununla yanaşı yeni deputatlar parlamentdəki çıxışlarını konkret təklif və fikirlər üzərində kökləsinlər. Belə olarsa, biz jurnalistlərin də işi asanlaşar.

Deputatların praktikada heç bir işə yaramayan mühakimələri, mənasız tərifləri, hətta yerinə düşməyən iradları da çox lazımsız görünür. Bu, həm də parlamentin iclasının səmərəliliyinə xələl gətirir.

Hər bir deputatda debat, polemika aparmaq, faktlarla çıxış etmək qabiliyyəti ədalətlilik prinsipi ilə uzlaşmalı və bu o dərəcədə mükəmməl olmalıdır ki, cəmiyyət müsbət mənada maariflənsin, beynəlxalq tribunalarda Azərbaycan həqiqətləri hərtərəfli şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılsın. Əks təqdirdə isə hər şey quru, monoton təsir bağışlayır.

Ən əsası isə heç olmasa, seçicilərə verdiyi vədlərə əməl edilməsi istiqamətində canla-başla çalışsınlar”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı İlkin Bağırov:

“Azərbaycanın ali qanunverici orqanına seçilən hər bir şəxs qanun yaradıcılığı ilə yanaşı, ilk növbədə qanunlara əməl edən və bunu öz nümunəsində təbliğ və təşviq edən şəxs olmalıdır.

Özünü konkret ərazi üzrə orada yaşayan insanların seçiminə layiq bilib millət vəkili adını daşımaq istəyən şəxs ayrılıqda həm onların, həm də ümumilikdə Azərbaycanın dərdlərini və problemlərini dərindən bilməli, bunun üçün tez-tez xalqın içində olmalıdır.

Deputat seçilmək istəyən şəxs fikir və sözlərində səmimi və vicdanlı olmağı bacarmalıdır. Bu meyarlardan başqa deputat savadlı, bilikli, daim üzərində işləyən, çalışqan olmalıdır.

Eyni zamanda seçildikdən sonra da ətrafda baş verən prosesləri yaxından izləməli, seçicilərinə hörmət bəsləməli, onların problemlərinin aradan qaldırılması üçün əlindən gələni etməli, eyni zamanda əldə etdikləri uğurlarını təqdir etməlidir. Azərbaycan parlamentinin üzvü öz bütün şəxsi maraqlarını arxa plana keçirib xalqın, millətin, dövlətin maraq və mənafelərini ön plana çıxarmağı bacaran şəxs olmalıdır.

Əlavə olaraq, bu xalqın təmsilçisi olan deputat onun dilində danışa bilməli, himnini əzbərdən deməyi bacarmalıdır. Bu meyarlara cavab verməyən parlament üzvü mənim üçün millət vəkili yox, sadəcə rəsmi deputat statusu almış bir məxluqdur”.

“Report” İnformasiya Agentliyinin əməkdaşı Samirə Abdullayeva:

“Ən azından daha aktiv olub mətbuata daim açıq olsunlar”.

Azvision.az saytının əməkdaşı Anar Kəlbiyev:

“Gənc olduğum üçün əlbəttdəki gənclərin daha çox seçilməsini istərdim. Amma bu o demək deyil ki, sadəcə seçiləcək gənc ora deputat adı üçün gəlsin. Hazırda ölkəmizdə xaricdə təhsil almış, savadlı, bacarıqlı, müxtəlif dilləri bilən gənclərin sayı heç də az deyil. Məhz bu cür gəncləri növbəti seçkilərdə parlamentdə görmək istərdim.

Həm də seçiləcək şəxs deputat seçildiyi ərazinin coğrafiyasına bələd olmalı və həmin yerdə yaşayan əhalinin problemlərinin nədən ibarət olduğunu bilməlidir. Bu baxımdan seçiləcək millət vəkili deputatı olduğu ərazinin insanları ilə ünsiyyət saxlamalı, həmin problemləri dövlətin görə biləcəyi bir layihəyə çevirməklə onların həll olunmasında addımlar atılmalıdır.

Məhz bu cür olacaq deputatları növbəti parlament seçkilərində görmək istərdim. Hazırda parlament üzvü olan belə deputatlarımız var, amma onların sayı çox deyil”.

“APA” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov:

“İndinin özündə də millətin vəkili meyarına cavab verən deputatlar var”.

Qafqazinfo.az saytının əməkdaşı Günel Türksoy:

“Hazırkı parlamentin tərkibində çox az sayda millət vəkili var ki, onlar jurnalistlərlə ünsiyyətdə maraqlıdırlar. Demək olar ki, hansı mövzu ilə bağlı onlara müraciət etsək, sualımızı cavablandırırlar. Bir neçə deputatı jurnalistlərin dostu da adlandırmaq olar. Nəzərə alsaq ki, parlamentdə 125 millət vəkili ilə təmsil oluna bilər. Hazırda onların içərisində həm seçiciləriylə, həm də jurnalistlərlə aktiv ünsiyyətdə olan 20 faizə yaxın deputat var. Yeni tərkibdə bu faizin artmasına ümid edirəm”.

Publika.az xəbər portalının parlament yazarı Vasif Həsənli:

“Qarşıdan gələn parlament seçkilərində qələbə qazanacaq namizədlərə öncədən uğurlar arzu edirəm. İnanıram ki, bu ilin payızında Milli Məclisə seçiləcək deputatlar qəbul ediləcək qanunlarla Azərbaycan dövlətinin və xalqının uğurlu gələcəyi naminə öz fəaliyyətlərini əsirgəməyəcəklər.

Çox istərdim ki, Milli Məclisin bütün üzvləri KİV-lərlə əməkdaşlıq etməkdən çəkinməsinlər, ölkə başçısı cənab İlham Əliyev kimi jurnalistlərlə səmimi dost olmağı bacarsınlar. Bu gün Milli Məclisin deputatları arasında jurnalistlərlə çox səmimi və qarşılıqlı etimada söykənən insanlar var.

Ancaq onların sayı daha çox ola bilər. Düşünürəm ki, bunun üçün ilk növbədə millət vəkilləri özləri jurnalistlərlə ünsiyyətdən qaçmamalıdır. Mən bir daha bu il Milli Məclisə seçiləcək deputatlara sözün həqiqi mənasında millətin vəkili olmağı arzu edirəm”.

Gün.az saytının əməkdaşı Kamil Həmidov:

“Millət vəkili olmaq böyük məsuliyyətdir. Millət vəkili həm öz seçilərinin parlamentdə danışan dili olmalıdır, həm də qanun yaradıcılığı posesini çox mükəmməl səviyyədə bilməlidir. Yəni qanun layihələrinin təkcə müzakirəsində iştirakla kifayətlənməməli, özü də (özləri də) yeri gələndə qanunvericilik təşəbbüsü ilə çıxış etməli, bu və ya digər qanun layihələrini işləyib ortaya qoymağı, onu əsaslandırmağı və sonda da müzakirələrə çıxarılıb qəbul olunmasına nail olmağı bacarmalıdır.

Çünki 19 illik parlament jurnalistliyi dövründə qanunvericilik təşəbbüsü ilə çıxış edən, yəni, bu və ya digər qanun layhələrini hazırlayıb ortaya qoyan və onları əsaslandırıb qəbuluna nail olan millət vəkillərinə az rast gəlməmişəm. Belələri az olmayıb. Sonuncu fakt kimi millət vəkilləri Əli Məsimli ilə Vahid Əhmədovun birgə hazırladıqları və qəbuluna nail olduqları “Reklam haqqında” yeni qanunu göstərmək olar.

Bu məsələdə xüsusilə, parlamentin Sosial siyasət komitəsini və onun üzvlərini qeyd etmək olar. Yəni, bunu deməkdə məqsədim odur ki, növbəti çağırış parlamentin üzvlərinin də məhz qanunvericilik təşəbbüsü ilə çıxış etmələrini, daha fəal və daha işgüzar, o cümlədən, həm seçicilərə, həm də mediaya daha açıq olmalarını istəyirəm və arzu edirəm. İnanıram ki, bu, belə də olacaq”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın