Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Yeddi rayon müzakirə olunur – Bəs 7 kənd?

Yeddi rayon müzakirə olunur – Bəs 7 kənd?

Son günlər həm Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, həm də diplomatik cəbhədə taktiki hərəkətlilik müşahidə olunur. Sözsüz ki, hər iki tərəfin strateji məqsədləri üçün reallaşdırmaq istədiyi bütün bu taktiki gedişlər ilk olaraq atəşkəs xəttinə yaxın ərazilərdə yaşayan insanların gündəlik həyatında əks olunur. Elə buna görə də üz tutduq Qazax rayonuna.

Hədəf

Qazax rayonunun təmas xəttinə yaxın bir-neçə kəndi var. Kəmərli, Cəfərli, Bala Cəfərli, Fərəhli, Məzəm, Quşçu Ayrım. Bu dəfə yolumuzu Quşçu Ayrım kəndindən saldıq.

Kənd sözün birbaşa mənasında hədəfdədir. Üç tərəfdən Ermənistan Respublikasının əraziləri ilə əhatə olan kəndi “yarımanklav” da adlandırmaq olar.

Qazax İcra Hakimiyyəti Başçısının Quşçu Ayrım kənd üzrə icra nümayəndəsi bu kənddə yaşamır. Burada insanlar sözün həqiqi mənasında hər an hədəfdədirlər. Atəşkəs pozulan zaman mütləq daldalanacağa sığınmaq lazım gəlir.

Amma buna baxmayaraq kənddə tam orta məktəb, uşaq bağçası, klub, kitabxana, feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Quşçu Ayrımın işıq və qaz problemi yoxdur. Kəndin girəcəyində artezian quyuları qazılıb. Bu yaxınlarda kəndin ən yüksək yerində mini-anbar tikintisi və suyun ora çəkilməsi planlaşdırılır (Bu barədə ətraflı bir qədər sonra).

Kəndə gedən yeganə yol təmir olunub və asfaltlanıb. Amma yolun bir hissəsində uçqun təhlükəsi yaranıb. Belə həssas bir yerdə yeganə yolun təmiri vacibdir. Kənd camaatının sözlərinə görə, yolun təmiri üçün Prezident pul ayırıb. Ancaq yolun təmiri hələ ki, ləngiyir.

Yarım-köçkün statusu…

Kənd sakinlərinin sözlərinə görə, onlara məcburi köçkün statusu verilib. Bu statusu təsdiq edən vəsiqələri də var. Müəyyən vaxta qədər Quşçu Ayrım kəndinin sakinləri bu statusda olan insanların istifadə etdiyi güzəştlərdən istifadə edib. Ancaq 2004-cü ildən bu statusdan məhrum olunublar. Hansı əsasla və niyəsini isə bilmirlər. Əslində bu status ləğv edilməyib.

İndi Quşçu Ayrım kənd sakinləri məcburi köçkünlər kimi qaz və elektrik enerjisindən güzəştli istifadə edir. Adambaşına təyin olunmuş limitdən pulsuz istifadə olunur. Kənd sakinləri bu statusu təsdiq edən arayış ala bilir. Amma bu arayış digər heç bir güzəşt vermir.

Quşçu Ayrım sakinləri nə çörək pulu ala bilir, nə də…

156-lar

Müharibənin aktiv fazası zamanı kəndin 156 sakini könüllü özünümüdafiə batalyonuna üzv olub. Lakin həmin şəxslərin sənədləri müvafiq hərbi hissədə qeydə salınmadığından indi bu 156 nəfərin heç birinin döyüşçü olduğu barədə sənədi yoxdur.

Təhsil haqqı

Yuxarıda dediyimiz kimi, fəaliyyət göstərən dövlət müəssisələrindən biri də məktəbdir. 97 şagirdi olan məktəbdə 20 müəllim fəaliyyət göstərir. Bu il 12 uşaq birinci sinfə gedib. Sakinlərin sözlərinə görə, bu say 2 dəfə çox da ola bilərdi. Ancaq sakinlərin bir hissəsi kənddə yaşamadığına görə, say azalıb. Ağır şəraitə baxmayaraq, bu kəndin məktəbini bitirən uşaqlardan da ali məktəb tələbəsi adını qazananlar var. Ancaq…

Sözsüz ki, güllə altında yaşamaq və oxumaq asan deyil.

Quşçu Ayrımdan təhsil ardınca gedənlərdən biri də Namiq Cəfərovun qızıdır.  Onun sözlərinə görə, qızı Müəllimlər İnstitutunun Qazax filialında oxuyur. Pullu təhsil alır. Namiq Cəfərov bildirir ki, məcburi köçkün statusu olanlar təhsil haqqından azad olunsa da, bu qayda Quşçu Ayrım sakinlərinə şamil olunmur.

Sakinlər kənddə belə şəxslərin çox olduğunu bildirir və bunun ədalətsiz olduğu qənaətindədir.
Çünki kənd sakinlərinin yuxarıda adlarını çəkdiyimiz dövlət müəssisələrindən başqa bir yerdə işləmək imkanı yoxdur. Bu kənddə hələ də torpaq bölgüsü aparılmayıb. Kağız üzərində də olsa, M.Ə.Sabir adına sovxoz hələ varlığını saxlayır.

Sabir sovxozu

M.Ə.Sabir adına sovxoz beş kəndi əhatə edir. Aşağı Əskipara, Məzəm, Quşçu Ayrım, Xeyrimli, Bağanıs Ayrım. Aşağı Əskipara, Xeyrimli və Bağanıs Ayrım işğal altındadır. Quşçu Ayrım kəndinin əkin sahələrinin böyük bir hissəsi də Ermənistan silahlı birləşmələrinin nəzarətindədir. Məhz buna görə də sovxozda torpaq islahatlarının aparılması mümkün olmayıb, kəndin bələdiyyəsi yoxdur. Bunun nəticəsidir ki, kənd sakinləri üçün yuxarıda adını çəkdiyimiz dövlət müəssisələrindən başqa iş yeri yoxdur. Pay torpağı olmayan kənd sakinləri xırda ailə təsərrüfatı ilə məşğul olur. Bu isə imkanların məhdud olması deməkdir. Sakinlər hesab edir ki, istər məcburi köçkün statusu, istərsə də əkin sahələrinin ayrılması ilə bağlı bu problemləri hansısa formada ancaq Prezident İlham Əliyev həll edə bilər.

Humanitar qalmaqal

Biz Quşçu Ayrımda olan zaman Beynəlxalq Qızıl Xaç Komitəsinin elanına rast gəldik. Kənddə ailə təsərrüfatına yardım məqsədi ilə maddi vəsait paylanacağı bildirilirdi.

Lakin kənd sakinləri arasında bu vəsaitin ədalətli paylanmayacağı ehtimalı var idi. Humanitar yardım kimi nəzərdə tutulan bu vəsaitin hansı əsaslarla paylandığı barədə məsələni də araşdırmaq qərarına gəldik.

Evi dağılan tək qadın

İradə İsgəndərovanın evi müharibənin aktiv fazasında top mərmisindən ciddi ziyan çəkib. Onun sözlərinə görə, evin müəyyən hissəsi dövlət tərəfindən ayrılmış vəsait hesabına təmir olunub. Lakin təmiri tam başa çatdırmaq üçün o bankdan kredit götürməli olub. Tək yaşayan və ikinci qrup əlil olan bu qadın indi təsərrüfatını inkişaf etdirmək istəyir. Amma nədənsə ona bu vəsaitin verilməyəcəyi bildirilib.

Şərtləri Qızıl Xaç müəyyənləşdirir

Məsələyə aydınlıq gətirmək üçün BQXK-nin regionda tərəfdaşı kimi fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara cəmiyyətinin Qazax şöbəsinin rəhbəri Qurban Qurbanlı ilə əlaqə saxladıq.
Qurban Qurbanlı göstəriləcək yardımın tək maddi vəsait olmayacağını bildirdi. Kənd üçün bütün avadanlıqları ilə birlikdə xeyir-şər çadırının alınması, kəndin girişindəki artezian quyusundan suyun 2.5 kilometr məsafədə ən yüksək məntəqədə qoyulacaq çənlərə qaldırılması və oradan da 7 müxtəlif yerə su çəkilməsi də nəzərdə tutulur.

“O ki, qaldı ailə təsərrüfatının inkişafı üçün 1100 manat dəyərində maddi yardıma, biz burada sakinlərin anket məlumatlarını toplayırıq. Yardımın kimə verilməsi isə BQXK-nin ekspertləri tərəfindən müəyyənləşdiriləcək. Vəsaiti isə sakinlərə BQXK Azərbaycan nümayəndəliyinin Bərdə ofisində komitə üzvləri özü təqdim edəcək. İlkin qiymətləndirməyə görə, Quşçu Ayrım kəndində faktiki yaşayan ailələrin təxminən 90 faizi bu maddi yardımdan bəhrələnə biləcək”.

7 rayon. Bəs 7 kənd?

Yuxarıda qeyd etdik ki, Sabir adına sovxozun tərkibində olan 5 kənddən 3-ü Ermənistan silahlı birləşmələrinin nəzarəti altındadır. Ümumiyyətlə, hazırda Qazax rayonunun 7 kəndi işğal altındadır. Bağanıs Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Soflu, Xeyrimli, Qızıl Hacılı. Bu kəndlərin sakinləri hamısı Qazax rayon mərkəzində məskunlaşıb.

Bizimlə həmsöhbət olan Bağanıs Ayrım sakini, 45 il müəllim kimi fəaliyyət göstərmiş Allahverən Poladov 26 il əvvəl və bu gün baş verənlər barədə fikirlərini bizimlə bölüşdü.

“Bizim kənddə Əsliyev Dadaş vardı. Heç cür inanmırdı ki, ermənilər kəndə hücum edər, kimisə öldürər. Və çoxları kəndi tək etsə də, o, kənddən çıxmadı. Deyirdi “ola bilməz”. Kəndə hücum zamanı onu yandırdılar”.
Allahverən Poladov bu gün doğma kəndinin sanki yaddan çıxdığından narahatdır. O, dövlət başçıları səviyyəsində danışıqlarda Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonla yanaşı, Qazağın 7 kəndinin də məsələsinin gündəmə gətirilməsini istəyir.

Allahverən Poladov hesab edir ki, Azərbaycan-Ermənistan münaqişəsinin predmeti olan Dağlıq Qarabağdan kənardakı bu 7 kəndin taleyinə aparılan danışıqlarda aydınlıq gətirilməsi vacibdir…

*Bu məqalə “Beynəlxalq Həyəcan” təşkilatının “Eşidilməyən səslər” layihəsi çərçivəsində hazırlanıb. Layihə Böyük Britaniyanın Münaqişələrin qarşısının alınması, stabillik və təhlükəsizliyə yardım fondu tərəfindən maliyyələşir. Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi “Beynəlxalq həyəcan” və donorların mövqeyi ilə üst üstə düşməyə bilər.

moderator.az

Yeddi rayon müzakirə olunur -  Bəs 7 kənd?

Yeddi rayon müzakirə olunur -  Bəs 7 kənd?
Yeddi rayon müzakirə olunur -  Bəs 7 kənd?

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın