Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Yay bitdi: qarşıda bizi nələr gözləyir – iki rəy

Yay bitdi: qarşıda bizi nələr gözləyir – iki rəy

Natiq Cavadlı: “Mövsümün yekunlaşması bir çox sahələrə təsir edəcək”

Artıq yay mövsümü bitmək üzrədir. Adətən yay fəslinin başa çatması ilə bir çox sektorlarda fəaliyyətlər zəifləyir. Artıq rayonlarda, xarici ölkələrdə istirahət edən Bakı sakinləri geri qayıdırlar. 10 gün sonra növbəti tədris ilinin başlaması ilə şəhərdə insan sıxlığı daha da artacaq. Lakin bu, heç də bütün sahələrdə aktivlik dinamikasının artması demək deyil.

Məlum olduğu kimi, yay fəslində küçə ticarəti xeyli geriləyir. Hazırda metronun bir çox stansiyalarının qarşısında piştaxtalar qurub, tərəvəz, müxtəlif növ geyim satanlara rast gəlirik. Onlarla da söhbətimiz zamanı təsdiqlədilər ki, havalar soyuduqca, fəaliyyətlərini yekunlaşdıracaqlar.

Yol kənarında tərəvəz satan Maral Həmzəyeva bildirdi ki, məhsulların hamısı öz bağındandır: “Yay aylarında istirahət etməyə pulum yoxdur. Evdə də oturmaqdan sıxılıram. Ona görə də elə məhsullarımızı yığıb, küçədə satırıq. Yay mövsümü başa çatdığı üçün bizim fəaliyyətimiz də dayanacaq. Çünki bazarlarda yer götürməyə imkan yoxdur. Ümumiyyətlə, yay ayında bazara getsən, orada yer tapmaq çətin məsələdir. Tapdığın da ya künc-bucaqda olur, ya da çox baha qiymətə verirlər. Ona görə də camaat əgər yay ayında nə isə satmağı planlaşdırırsa, artıq mövsüm başlamamış icarəyə yer götürür. Küçədə al-ver edənlərin əksəriyyəti imkansızlıqdan çörəkpulu qazananlar, ya da öz bağının məhsulunu satanlardır. Ona görə də icarə yer götürməyi düşünmürlər”.

Yay mövsümünün başa çatması ilə çimərlik mövsümü də bitir. Bu isə o deməkdir ki, çimərliklərin ətrafında yerləşən bahalı kafelərin, mağazaların da fəaliyyəti zəifləyəcək. Bunlar hər birimizin gözlə gördüyü arqumentlərdir. Yay fəslinin bitməsi ilə ölkənin ümumi iqtisadi vəziyyətində hansı dəyişikliklərin baş verməsi barəsində isə “Yeni Müsavat”a iqtisadçı ekspert Rəşad Həsənov danışıb. O bildirib ki, müxtəlif fəsillərdə iqtisadi dinamikada müəyyən dəyişikliklər hiss olunur: “Bəzi sahələr yay fəslində xüsusilə daha da aktiv olurlar. Bura turizm, aqrar, xidmət, ticarət, müəyyən qədər də tikinti sektoru daxildir. Artıq mövsümün yekunlaşması ilə əlaqədar bu sahələrin dövriyyəsində azalma baş verir. Xüsusilə hazırda tədris ilinin başlaması ilə əlaqədar olaraq, daha çox turizm sektorunda geriləmə hiss olunur. Bu sahədə fəaliyyət göstərən subyektlər demək olar ki, öz fəaliyyətlərinin son günlərini həyata keçirirlər. Bu, həmçinin dəniz turizmi, havanın, suyun temperaturu ilə də əlaqədar olaraq müşahidə olunan haldır. Artıq aqrar sektorda da bir sıra sahələrdə məhsul yığımının başa çatması və qısamüddətli dövr üçün torpağın dincə qoyulması baş verir ki, bu da müəyyən mənada aqrar sektorda aktivliyi azaldan amildir. Tikinti ilə əlaqədar da hələ ki ciddi hiss olunmasa da, növbəti aylarda azalma müşahidə ediləcək. Xüsusilə də açıq hava şəraitində tikintinin həyata keçirildiyi meydançalarda işlərin həcmində azalma olacaq. Ancaq tikinti sektorunda fərq digərləri ilə müqayisədə ondan ibarətdir ki, qapalı sahədə işlərin davam etdirilməsi qış aylarında belə müşahidə edilir”.

Yay fəslinin bitməsi ilə siyasi sahədə də baş verən durğunluq, getdikcə aradan qalxır. Buna səbəb məzuniyyətlərin başa çatması, dövlətlərarası siyasi danışıqların yenidən aktivləşməsidir. Politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a bildirib ki, yayın bitməsi ilə ölkə müxalifətinin fəaliyyətində nələrinsə dəyişəcəyini düşünmür: “Ölkənin daxilində yayda hansı proseslər gedirdisə, payızda da elə olacaq. Arzu edərdim ki, bizim müxalifətdə də aktivlik olsun. Təbii ki, söhbət normal, dövlətçiliyi sevən aktivlikdən gedir. Ancaq bu, yoxdur. Müxalifət liderləri ən vacib hadisələrə belə normal münasibət ortaya qoya bilmirlər. Arzu edirəm ki, Mehman Əliyevin həbsi kimi hadisələr elə yayda qalsın. Beynəlxalq aləmə gedən proseslərə gəlincə isə yay aylarında Azərbaycanla bağlı kifayət qədər ciddi məqamlar baş verdi. Adətən siyasətçilər üçün yay fəslində sakitlik olur. Ancaq son 3-4 ildir ki, bu, belə deyil. Yay aylarında Azərbaycan və Rusiya prezidentləri görüşdülər ki, bu görüş indi də müzakirə edilir. Hesab edirəm ki, Rusiya çalışır ki, Azərbaycanı Suriya prosesinə qoşsun. Düşünürəm bu məsələdə Azərbaycanla Rusiya arasında müəyyən mənada fikir ayrılığı var. Yay fəslində Azərbaycanın Rusiya ilə siyasətində daha bir paradoksallıq onda oldu ki, Rusiya xarici işlər naziri bütün diplomatik etiketləri tapdalayaraq, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməkdən imtina etdi. Bu, normal ağıla sığan bir şey deyildi. Rusiyanın Dağlıq Qarabağla bağlı siyasətində hesab edirəm ki, zərrə qədər ermənipərəstlik yoxdur. Yalnız onlar öz maraqlarına xidmət edirlər. Hesab edirəm ki, bir müddət sonra Suriya mövzusu Rusiyada aktuallığını itirəcək. Düşünürəm ki, yaydan sonra daha pozitiv dövr başlayacaq. Çünki proseslər Rusiyanı sıxır. Yay aylarında Amerika-Azərbaycan münasibətlərində çox intensiv dövr oldu. Yazışmalar aparıldı, təbrik mübadilələri müşahidə edildi. Bunu da bitmiş hesab etmirəm. Payız aylarında da bu, davam edəcək. Çünki Trampın həm Koreya, həm də Əfqanıstan məsələsi ilə bağlı Qazaxıstan prezidentinə müraciəti əslində Avrasiya materiki üzrə ABŞ prezidentinin siyasətinin dəyişdiyini göstərir. Bu istiqamətdə Azərbaycan üçün də addımlar görəcəyik. Yay ərzində İranla Azərbaycanın münasibətlərində elə bir ciddi dəyişiklik olmadı. Ruhaninin komandası indi formalaşır və payız aylarında İranla münasibətlərimizdə passivlik bitəcək. Türkiyə ilə münasibətlərdə isə ciddi dəyişiklik gözləmirəm. Yayda hansı proseslər gedirdisə, yayda da eyni qayda üzrə davam edəcək”.

Onu da qeyd edək ki, yay mövsümünün başa çatması ilə media sahəsində də aktivlik, oxucu sayı çoxalır.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın