Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / YAP Naqif Həmzəyevin Rəsulzadəni təhqir etməsinə reaksiya verdi

YAP Naqif Həmzəyevin Rəsulzadəni təhqir etməsinə reaksiya verdi

Gəncənin deputatı dediklərini danıb; Siyavuş Novruzov: “Bildirir ki, mən belə bir pis fikir söyləməmişəm”
YAP Gəncə təşkilatının sədri, parlamentə Gəncədən deputat seçilən Naqif Həmzəyevin Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadəni aşağılaması çox sərt reaksiya doğurub.

 

Azərbaycan tarixinin şərəfli səhifələrində özünə yer almış M.Ə.Rəsulzadəyə qarşı belə həqarətli davranış ölkənin milli dəyərlərinə, keçmişinə, indisinə və gələcəyinə təhqir kimi qarşılanıb. Hakim partiyanın mandat sahibi olan üzvünün dediklərini necə qarşıladığını öyrənmək üçün YAP icra katibinin müavini, deputat Siyavuş Novruzova müraciət etdik.
S.Novruzov “Yeni Müsavat”a bildirdi ki, bu məsələ ilə bağlı N.Həmzəyevin özü ilə danışıb: “Mən onunla söhbət eləmişəm, dedi ki, belə fikir söyləməmişəm”.

YAP funksionerinə deputatın Rəsulzadəyə qarşı həqarətini təsdiqləyən audioyazının olduğunu xatırlatdıqda bunları bildirdi: “İndi mən onu deyə bilmərəm. Hər halda, onun mənə dediyi fikir bundan ibarətdir. Dəfələrlə soruşmuşam. Deyir ki, mən belə bir pis fikir söyləməmişəm. Yəqin ki, jurnalistlə arasında olan anlaşılmazlıqdan irəli gəlib”.

S.Novruzov dövlətin M.Ə.Rəsulzadə və silahdaşlarına münasibətdən də danışdı: “Nəinki Rəsulzadəyə, bütün Demokratik Cümhuriyyətin qurucuları ilə bağlı dövlətin mövqeyi bəllidir. Dövlət onları yüksək qiymətləndirir və hər biri ilə də bağlı tədbirlər, yubileylər keçirilir. Demokratik Cümhuriyyətlə bağlı abidə kompleksinin qoyulması da nəzərdə tutulur. Bir abidə var və yenisinin qoyulması ilə bağlı layihə elan olunub, işlər gedir. Yəni bununla bağlı dövlətin mövqeyi açıqdır, bəllidir”.

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə də modern.az saytına N.Həmzəyevin bu fikirləri səsləndirmədiyini deyib: “Mən onun açıqlamasını oxudum və Naqif Həmzəyevə inanıram. Gənc deputatımız özünün də dediyi kimi, bu fikirləri işlətməyib və onun fikirləri təhrif olunub, tamam başqa fikirlər verilib”.

A.Mirzəzadə deyib ki, N.Həmzəyev Yeni Azərbaycan Partiyasının fəal üzvlərindəndir: “O, özünü siyasi fəaliyyətdə, partiya işində həmişə müsbət tərəfdən göstərib, yetkin fikirləri ilə yaşadığı Gəncə şəhərində nüfuz qazanıb. Çox təəssüf edirəm ki, ilk gündən bizim YAP-dan olan gənc üzvümüz haqqında bilərəkdən, yaxud da bilməyərəkdən ajiotaj yaradıblar”.

A.Mirzəzadə bildirib ki, N.Həmzəyev demədiyi fikirlərə görə məsuliyyət daşımır: “Yeni Azərbaycan Partiyasının üzvləri həmişə tariximizə hörmətlə yanaşıb, tarixi şəxsiyyətlərin hörmətinin qorunmasının tərəfdarı olub. Bu məsələdə hər zaman digərlərinə nümunə göstəriblər. Mən hesab edirəm ki, bu, sadəcə, sensasiya xatirinə yaranmış insident idi və ona da cavab verildi”.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın