Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / Siyasət / YAP-dan kimlər kənarlaşdırılacaq?

YAP-dan kimlər kənarlaşdırılacaq?

Yeni Azərbaycan Partiyası (YAP) özünün qurultayını keçirəcək. Bu barədə gununsesi.info hakim partiyadakı mənbələrə istinadən xəbər yayıb. Məlumata görə, budəfəki qurultay əvvəlkilərdən xeyli fərqli olacaq.

Belə ki, hakim partiyanın İdarə Heyəti və Siyasi Şurasında olan bir sıra tanınmış şəxslər öz postlarından kənarlaşdırılacaq və gənc kadrlar onların yerinə gətiriləcək.

Mənbə YAP rəhbərliyindən kənarlaşdırılacaq bəzi şəxslərin kimliyini də açıqlayıb. Qeyd edilir ki, qurultayda YAP sədrinin 4 müavinindən 2-si öz postu ilə vidalaşacaq. Həmin şəxslərin adları da məlumatda çəkilir: Əli Həsənov (baş nazirin sabiq müavini), Akif Əlizadə (AMEA-nın sabiq prezidenti).

Hakim partiyanın İdarə Heyətindən kənarlaşdırılacaq şəxslər də bir zamanlar hakim partiyanın əsas simalarıdır. Hacıbala Abutalıbov – baş nazirin sabiq müavini, Vaqif Əliyev – mədəniyyət və turizm nazirinin müavini, Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri, Nizami Xudiyev – Pedaqoji Universitetin kafedra müdiri, Abel Məhərrəmov-(BDU-nun sabiq rektoru), Arif Rəhimzadə və sair fiqurlar var.

Məlumata görə, YAP Siyasi Şurasının üzvlüyündən xaric ediləcək bəzi şəxslərin də kimliyi bəllidir. Məlumata görə, Siyasi Şuranın da tərkibi yenilənəcək. Siyasi Şuradan kənarlaşdırılacaq şəxslər arasında PA-nın sabiq şöbə müdirləri Fatma Abdullazadə və Elnur Aslanov da var.

Qeyd etmək lazımdır ki, qurultayın keçirilib-keçirilməməsindən asılı olmayaraq, YAP-da bəzi rəhbər şəxslərin həqiqətən də heç bir fəaliyyəti, fəallığı yoxdur. Mümkündür ki, onları gənc kadrlar əvəzləsin. YAP-da bir metal yorğunluğu olması barədə cəmiyyətdə rəy var. Son zamanlar hökumətdə həyata keçirilən dəyişikliklər, islahatlar da hakim partiyada ciddi yenilənmələrə aparır. Odur ki, YAP-ın qurultaya getməsi barədə qərarın qəfil verilməsi istisna edilmir.

Yayılan xəbərin doğru olub-olmadığı ilə bağlı YAP-ın təşkilat şöbəsinin müdiri Aydın Hüseynova sual ünvanladıq. Aydın Hüseynovun “Yeni Müsavat”a cavabı qısa oldu: “Bu barədə rəsmi bir məlumat, qərar yoxdur”.

Sabiq maliyyə naziri Fikrət Yusifov isə bildirdi ki, YAP-ın cəmiyyətdə nüfuzunun ciddi artırılmasına ehtiyac var. Bunun üçün ilk növbədə korrupsiyaya bulaşmış və hələ də partiyada müxtəlif vəzifələrdə, partiyanın rəhbər strukturlarında təmsil olunan adamlar kənarlaşdırılmalıdır. Qurultay keçiriləcəyi barədə deyilənlər doğrudursa, bu addımların atılması lazımdır: “Tamahını idarə edə bilməyən birisinin hansı partiyanın üzvü olmasının elə də fərqi yoxdur. Çox təəssüf ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günə qədər onun sıralarına daxil olub, sonradan məmur kürsüsünə layiq bilinənlərin bir çoxu bir neçə ildən sonra rüşvət və korrupsiya əməllərinə bulaşdılar. Sonra isə bir çoxları vəzifəsindən kənarlaşdırılıblar və həbs ediliblər. Rüşvət və korrupsiya əməllərinə görə vəzifəsindən kənarlaşdırılaraq həbs edilən YAP üzvləri əslində hakim partiyanın cəmiyyətdəki nüfuzunu baltalayaraq, onun aşağı salınmasına xidmət göstəriblər. Ona görə bu nüfuzu bərpa etmək üçün cəmiyyətin gözü  qarşısında belələrinin dövlətdən oğurladıqları vəsaitləri son qəpiyinə qədər əlindən alıb, ölkənin xəzinəsinə mədaxil etmək lazımdır. Bu YAP sıralarına yeni gələrək sonradan dövlətdə vəzifə tutmağa çalışanlar üçün çox yaxşı bir nümunə olar. O ki qaldı YAP üzvü olaraq bu gün də vəzifə kürsüsündə oturub, dövlət vəsaitlərinin talan edilməsi ilə məşğul olan məmurlara, onları da gecikmədən, eyni qaydada vəzifədən götürüb, oğurladıqları pulları dövlətin büdcəsinə qaytarmaq lazımdır. Hakimiyyət öz partiyasının nüfuzunu bu yolla yüksəldə bilər. Bunun qurultay keçirmədən də etmək mümkündür”.

Sabiq nazir eyni zamanda qeyd etdi ki, hakim partiyadakı bütün yaşlıları yola salıb, yerlərinə ancaq gəncləri gətirmək məsələnin həlli ola bilməz. Bu sıraya yaşından asılı olmayaraq xalqını, dövlətini sevən və tamahını ayağının altında saxlamağı bacaran insanların gəlməsi lazımdır.

Həmçinin oxuyun

AMİP “Qarabağ Konfransı”nın çağırılması ilə bağlı təkliflə çıxış etdi

AMİP Mərkəzi Şurasının növbəti iclası keçirilib.Rayon (şəhər) Təşkilat sədrlərinin iştirakı ilə keçirilən iclasda ölkədə və …