Bazar ertəsi , Sentyabr 28 2020
Ana səhifə / Siyasət / “YAP-da qurultay da hökmən çağırılmalıdır” – AÇIQLAMA

“YAP-da qurultay da hökmən çağırılmalıdır” – AÇIQLAMA

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) islahatlara gedəcəyi barədə xəbərlər yayılıb. Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin qalmaqallı toy məclisindən sonra artıq YAP-ın ciddi dəyişikliyə gedəcəyi istisna edilmir. Tezliklə qurultayın çağırıla biləcəyi də ehtimal olunur. Partiya hakim komanda olaraq, gəncləşdirilə, yeni qüvvələrlə vitrini dəyişdirilə bilərmi sualının cavabı hər kəsi maraqlandırır.

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə təmsilçisi olduğu partiyanın hər zaman yeniliyə açıq olduğunu söylədi: “Yeni Azərbaycan Partiyası yaranan gündən həmişə yenilənmə, müasir tələblərə cavab vermə istiqamətində addımlar atıb. Onun əsas fəlsəfəsi və fəaliyyəti bu olub. Şüarımızda yeni müstəqil Azərbaycan şüarı, adımızda yeni sözü zaman-zaman yenilənmənin nümunəsini cəmiyyətə göstərib. Yeni baxışlarımızda, fəaliyyətimizdə rəhbər strukturlarına vaxtaşırı gənclərimizin irəli çəkilməsini əsas görürük.  Bu gün Milli Məclisdə yeni seçilən Yeni Azərbaycan Partiyasının üzvlərinin əksəriyyəti məhz gənclərdir. Bu onu göstərir ki, gənclərə, yeni simaların axtarıb tapılmasına əhəmiyyət veririk. Təsadüfi deyil ki, parlamentdə YAP xətti ilə seçilən gənclərin hamısı fəaldır, seçiciləri ilə işləyir, cəmiyyətdə, beynəlxalq birlikdə baş verən məsələlərə münasibət bildirirlər. Şübhəsiz ki, partiyamız nizamnaməyə uyğun olaraq, nə vaxtsa keçiriləcək qurultayında rəhbər orqanlarda yeni simaları, gəncləri görəcəyik.

O ki qaldı YAP-ın üzvü olan bəzi region rəhbərlərinin qanunazidd fəaliyyətinə görə həbs edilməsinə, adətən hakim partiyaya karyeristlər, partiya pərdəsi altında çirkin iş görmək istəyən insanlar meyil edirlər. Çox təəssüflər olsun ki, vaxtında bunları görmək, ifşa etmək mümkün olmur. Ancaq müəyyən bir məqamda onlar özlərini ifşa edirlər. Partiyamız belə şəxslərə qarşı çox sərt bir mövqe tutur. Onların ifşa edilməsinin, partiyadan uzaqlaşdırılmalarının təşəbbüskarı məhz YAP özü olub. Bu gün bizim simamız cəmiyyətdə nüfuz qazanmış ziyalılarımızdır. Hazırda partiyamız adından müstəqillik dövründə doğulmuş gənclərimiz danışır. Onlar cəmiyyət məsələlərinə öz münasibətlərini bildirirlər, təkliflər verirlər. Bu təkliflər bəzi hallarda özünün kəskinliyi və eyni zamanda, qətiliyi ilə seçilir. Hesab edirəm ki, cəmiyyətin YAP-dan gözləntilərinin olması partiyaya inamın göstəricisidir. Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Bütün təbəqələrin maraqlarını özündə kəsb edən bir qurumdur. Partiyamız həmişə yenilənib, bundan sonra da yenilənəcək. Yenilənmə nümunəsini vaxtaşırı cəmiyyətə göstərəcəyik”.

YAP-ın qurucularından sayılan, Xızının keçmiş icra başçısı, sabiq deputat Maksim Musayev isə, partiyası barədə kifayət qədər sərt danışdı: “YAP-da partiyadaxili dəyişikliklər fərdlərlə bağlı olmalıdır. 20-25 ildən çoxdur ki, Ramiz Mehdiyev, Əli Əhmədov, Siyavuş Novruzov və digər adlarını çəkmədiyim şəxslər partiyada olublar, rəhbər strukturlarda təmsil olunublar. Aydın məsələdir ki, su da bir yerdə çox qalanda iy verir. Bunlar partiyadan pul kartı kimi istifadə etdilər. Partiyanın daxilində baş verənlərin, gedən proseslərin hər birini yoldaşlarla, partiyanı yaradanlarla müzakirə edirik. Biz boşuna oturmuruq. Baxmayaraq ki, bizi uzaqlaşdırıb kənara qoyublar. O partiyanı zülmlə yaratmışıq, olduqca çox əziyyətlərə qurşanmışıq, təhlükələrlə üzləşmişik. Deyirlər ki, guya 800 min partiya üzvümüz var. Onun da 80 nəfəri Siyasi Şuranın üzvüdür. O vaxt Naxçıvanda partiyanı yaradanda 50 nəfər Siyasi Şuranın üzvünün olması qərara alınmışdı. Yerdən təkliflər oldu ki, məni də salsınlar. Heydər Əliyevin xətti ilə 51-ci adam mən oldum. Bunu onun üçün deyirəm ki, indi partiyanı şişirdiblər. Kimlərin ora gəldiyini yaxşı bilirik. Məsələn, Siyasi Şuranın tərkibində qohumlar, qudalar var. Hər kəs diqqət etsə, görəcək. Digər tərəfdən, o vaxtlar partiyamızın əleyhinə olan şəxslərdən hazırda Siyasi Şurada olanlar var. Əli Əhmədov başqa partiyada olub, sonradan YAP-a keçib. O, partiyadan daha çox bəhrələnmək istəyər. Mətbuatın da günahını deyəcəm. Partiyaya qiymət verəndə köhnələrlə təzələri müqayisə edirlər. Artıq müqayisə dövrü keçib. İnternet dünyanı ağuşuna alandan burada nə təzə, nə də köhnə qalıb. YAP-ın adını dəyişib, ”Yeni Azərbaycan Partiyası XXI əsrdə” qoyardım. Heydər Əliyev o vaxt parlamentin sədri kimi prezident səlahiyyətlərini də icra edirdi. Hər gün olmasa da, vaxtaşırı Siyasi Şuranı yığırdı, müzakirə aparırdı. Bakıda nəqliyyatın ağır vəziyyətdə olması barədə bir-bir fikirləri dinləyirdi. Bütün məsələlərlə bağlı bizləri yığırdı, hərə bir ideya verirdi. Hazırda YAP tərkibində olanların çoxu kiflənmiş variantda düşünürlər. Düzdür, partiyaya yeni gələnlər var. Amma səslərini çıxara bilmirlər. Talantlı insanlara imkan verilmir ki, öz mövqelərindən çıxış etsinlər. Məsələn, 20 ildir ki, məni heç bir tədbirə dəvət etmirlər. Hamısında da zəng vururam ki, məni dəvət edin. Bəzi hallarda məni aldadırlar. Bunun da səbəbi var. Özlərinə demişəm ki, məni dəvət etsəniz, rəsmi olaraq gəlsəm, tribunadan məni dartıb çıxara bilməyəcəksiniz. Partiyanı nə günə saldıqları barədə sözlərimi deyəcəyimi yaxşı bilirlər. YAP reanimasiyadadır. Partiyada gənc qüvvələr olsa, nəyi pisdir? Bunların özləri istəmirlər. YAP-ı formalaşdıran Ramiz Mehdiyev, Əli Əhmədov və istefa verən Siyavuş Novruzov idi. Bu üç nəfərdən ikisi ifşa olunub, üçüncü isə səsini çıxara bilmir. YAP-da çoxdan reforma olmalı idi, müasir dövrdə adaptasiya mərhələsini keçmədilər. İstedadlı, gələcəyi görən, təmiz, rüşvətə əli yapışmayan, bu barədə anlayışı olmayan şəxslər önə çəkilməlidir”.

Yeni Azərbaycan Partiyasının qurucularından sayılan daha bir sabiq deputat, iqtisadçı professor Əli Əlirzayev: “İclaslarda iştirak etmirəm. İdarə Heyətinin üzvü deyiləm, Siyasi Şuradan da çıxarılmışam. Amma Səbayel təşkilatında Siyasi Şura üzvüyəm. Onun iclaslarına da çağırmırlar. Amma hər zaman demişəm ki, partiya dəyişikliyə getməlidir. Orada elə adamlar var ki, ictimaiyyət yaxşı tanıyır. Onların hamısı getməlidir. Partiyanın əziyyətini çəkməyənlər ora dolmalı deyillər. Yuxarıdan tapşırıqla insanlar partiyada vəzifələrə təyin olunmamalıdır. Gəncləşmə yaxşı haldır, bunun heç zaman əleyhinə deyiləm. Amma ilk növbədə, gənclər peşəkar, təmiz olmalıdır, heç bir xüsusi marağa can atmamalıdır. YAP-da hazırda İdarə Heyəti və Siyasi Şurada olanların çoxu müxtəlif vaxtlarda vəzifələrdə olublar, sonradan çıxarılıblar. Onların hamısı dəyişilməlidir. Partiyanın vəzifəsi, strukturu, qoyulan məsələlər dəyişməlidir. Qurultay da hökmən çağırılmalıdır”.”Yeni Müsavat”

Həmçinin oxuyun

“Azərbaycan tarixi bir fürsət əldə edib”

İrəvan Türk Cümhuriyyəti cəbhədə baş verən gərginliklə bağlı  bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistanın Azərbaycanın dinc …