Ana səhifə / Siyasət / YAP Əli Əhmədovun nəzarətindən çıxdı – “Regional təəssübkeşlik etməsi onu…”

YAP Əli Əhmədovun nəzarətindən çıxdı – “Regional təəssübkeşlik etməsi onu…”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı 2-3 saat ərzində başa çatsa da, bu ali toplantı barədə müzakirələr dörd gündür səngimək bilmir. Qurultayda verilən qərarlar, xüsusilə “köhnə qvardiya”nın qapı arxasında qalması ən müxtəlif aspektlərdən təhlil olunur. Hazırda ən çox bu suallar ətrafında müzakirələr aparılır: YAP-ın növbədənkənar qurultayı kimlərə mesaj idi? Hakim partiyada bu dəfə kim uddu, kim uduzdu?

Yenisabah.az xatırladır ki, sonuncu qurultay ciddi struktur islahatları ilə yadda qaldı. Belə ki, YAP yaranan gündən mövcud olan Siyasi Şura ləğv olundu. Bununla da bir qrup köhnə-yeni YAP-çının özlərini Siyasi Şura üzvü kimi təqdim edərək qürrələndiyi dövr arxada qaldı. Hazırda hakimiyyətdə təmsil olunan xeyli sayda məmur, xüsusilə bir neçə icra başçısı bu imtiyazdan məhrum olub.

Qurultayda qəbul edilən ən önəmli qərarlardan biri də İdarə Heyəti üzvlərinin sayının 20-dən 40-a çatdırılması oldu. Maraqlıdır ki, say artsa da, bu qurumda Əli Həsənov, Abel Məhərrəmov, Arif Rəhimzadə, Nizami Xudiyev kimi qocaman YAP-çılara yer tapılmadı. İdarə Heytinin üzvləri arasında gənclərin, xüsusilə gənc deputatların olması yenilik kimi qəbul edilə bilər. YAP-ın “naftalin iyi verən” qocaman funksionerlərdən xilas olduğunu, partiyanın tarixində yeni dövrün başıandığını söyləmək olar.

Sözsüz ki, YAP-ın qurultayında baş vermiş ən mühüm dəyişiklik İcra Katibliyinin ləğv olunması, bunun əvəzində Mərkəzi Aparat adlanan yeni strukturun yaradılmasıdır. Çox adam bunu texniki dəyişiklik kimi izah eləməyə çalışsa da, əslində, məsələnin mahiyyəti bu qədər bəsit deyil. Bu qərar YAP-ın bir neçə iri çaplı fiqurunu, bir vaxtlar özlərini əvəzedilməz sayan şəxslərin “oyundankənar vəziyyətdə” saxlanılmasına hesablanıb. Əvvəlki dövrdən fərqli olaraq, indi nə Siyavuş Novruzov, nə Mübariz Qurbanlı, nə də Bahar Muradova YAP-da əsas söz sahibi deyil. Əli Əhmədovun YAP-dakı mövcudluğunun isə görüntü xarakteri daşıdığını söyləmək olar.

Bu dəyişiklikləri zəruri edən səbəblər hansılardır? YAP niyə “köhnə qvardiya”nın xidmətlərindən imtina etdi?

Partiyadakı mənbənin dediyinə görə, sonuncu qurultayın qarşısında dayanan əsas vəzifə hər fürsətdə çoxillik xidmətlərini önə sürərək partiyadakı dialoq mühitini monoloq mühitinə çevirən qocaman YAP-çılarla vidalaşmaq olub. Qurultayın qarşısına qoyduğu vəzifəyə tam olaraq çatdığını söyləyə bilərik. İndi nəinki Ramiz Mehdiyev, Əli Həəsnov, Siyavuş Novruzov, hətta Mübariz Qurbanlı və Bahar Muradova da YAP-da əsas söz sahibi deyillər. Əli Əhmədovun isə “portfelsiz nazir”ə çevrildiyini iddia etmək olar. Çünki o, Tahir Budaqovu bu gün YAP-ın Mərkəzi Aparatının əməkdaşlarına təqdim etməklə həm də portfelini ona təhvil vermiş oldu.

Mənbə Əli Əhmədovun “vurulmasının” səbəbinə də aydınlıq gətirib. Bildirib ki, sabiq icra katibi partiya daxilində mühafizəkar siyasət aparıb, dialoq mühitini tamamilə aradan qaldırıb, gənc və bacarıqlı kadrların önə çıxmasına imkan verməyib, kadr seçimində şəxsi sədaqət prinsipini əsas götürüb. Bu mənfi tendensiya ötən ilin fevralında baş tutan parlament seçkilərində özünü daha qabarıq şəkildə göstərdi. Əhmədovun namizədliyini irəli sürdüyü şəxslərin əksəriyyətinin “köhnə qvardiya” üzvləri olması, üstəlik, namizəd seçimində regional təəssübkeşlik etməsi onu hədəfə çıxarmışdı. YAP-ın yeni dövrün çağırışlarına cavab vermədiyini hakimiyyətin ən yuxarı eşelonunda da qəbul edəndən sonra partiyadakı dəyişikliklər qaçılmaz oldu.

Müşahidəçilər hesab edirlər ki, Tahir Budaqov partiyadakı mövqeyini möhkəmləndirəndən sonra Əli Əhmədovun YAP üzərindəki təsiri tamamilə aradan qalxacaq.

Həmçinin oxuyun

“Le Monde” nəşri: Fransa Azərbaycanla münasibətləri qaydasına salmağı arzulayır

Fransanın məşhur “Le Monde” nəşri azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa işləri və Qarabağda müharibə …