Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Yanan binaya görə həbs olunanlardan biri öldü- proses necə davam edəcək?

Yanan binaya görə həbs olunanlardan biri öldü- proses necə davam edəcək?

Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun (iyulun 13-də həbsxanada dünyasını dəyişib) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Eldar İsmayılov çıxışında bildirib ki, təqsirləndirilənlərdən Nüsrət Muxtarov təcridxanada ürək tutmasından dünyasını dəyişdiyindən onun hüquqi varisi müəyyən edilməlidir.
Hakim bildirib ki, N.Muxtarovun ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. E.İsmayılov təqsirləndirilən şəxslərdən birinin öldüyü halda prosedurun necə olmalı olduğunu izah edib: “Məhkəmə Tibbi Ekspertizası təyin edilməlidir. Bundan sonra Nüsrət Muxtarovun hüquqi varisi təyin olunmalıdır. Onun cinayət işinin davam etdirilib-etdirilməməsi ilə bağlı rəyi öyrənilməlidir”.
N.Muxtarovun vəkili hüquqi varis kimi oğlunun tanınmaq istədiyini, lakin onun bir neçə günə əsgərliyə gedəcəyini söyləyib.
 
Prosesdə N.Muxtarovun qardaşı Elşən Muxtarov da iştirak edib. O, hüquqi varis kimi tanınmasını istəyib.
Hakim məhkəmə prosesinin iyulun 26-na təxirə salınmasını və bu müddət ərzində hüquqi varislik məsələsinin və ölüm faktı ilə bağlı tibbi sənədlərin hazırlanmasının təmin edilməsini istəyib.
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə və s. istintaq hərəkətləri ilə TNH şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.
Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq, Xətai rayonu ərazisində yerləşən – qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.
Məlumat üçün bildirək ki, əvvəlki məhkəmə proseslərində çıxış edən təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər. F.Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, özünün “Astoriya” MMC adlı tikinti şirkətinin olduğunu və Bakıda bina tikintisi ilə məşğul olduğunu deyib. O, şirkətin rəhbəri olan Məmməd Vəliyevin Azərbaycanı tərk etdiyini söyləyib.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın