Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Yanan binanın qarşısında etiraz aksiyası: Sakinlər kompensasiya tələb edir VİDEO, FOTOLAR

Yanan binanın qarşısında etiraz aksiyası: Sakinlər kompensasiya tələb edir VİDEO, FOTOLAR

Bakıda yanan binanın sakinləri günorta saatlarından etibarən yenidən binanın həyətinə toplaşaraq dəymiş ziyanın  ödənilməsini tələb edirlər. Musavat.com-un hadiusə yerində olan əməkdaşının verdiyi məlumata görə, ərazidə olan Xətai rayon icra hakiminin birinci müavini Rafiq Quliyev sakinlərlə görüşərək, onların kirayə evlərdə yerləşməsi üçün lazım olan vəsaitin ödəniləcəyini və ən qısa zamanda yanan mənzillərin təmir olunaraq təhvil veriləcəyini bildirib.
İcra nümayəndəsi qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət komissiya binaya baxış keçirir, dəymiş ziyanı qiymətləndirir. Daha sonra sakinlərə veriləcək kompensasiyanın həcmi müəyyənləşdiriləcək.
Onu da qeyd edək ki, ötən gecə təxliyyə olunan sakinlərin yerləşdirilməsi üçün icra hakimiyyəti tərəfindən heç bir yer ayrılmayıb. Yaxınlıqda qohumu olmayan sakinlər küçədə gecələməli olublar.
Sakinlərdən bəziləri yanmış evlərdə qaldıqlarını bildiriblər. İcra nümayəndəsi bu fikirlərin əsassız olduğunu deyərək, sakinlərin bir-bir qeydiyyata alındığını və hər birinə 400- 500 manat məbləğində kirayə haqqının ödəniləcəyini vurğulayıb. Sakinlərə müvəqqəti qalmaq üçün kirayə ev tapmalarını tapşırıb.
Hazırda ərazidə aidiyyatı qurumlar nəzarəti davam etdirir. Sakinlər isə yanğından sağ çıxmış əşyalarını daşımağa çalışırlar. Binanın elektrik enerjisi kəsildiyindən, lift işləmədiyindən yuxarı mərtəbələrdə yaşayanlar çətinliklə əşyaları çıxarmağa nail olurlar.
Bəzi sakinlər isə evlərindən oğurluq olduğunu deyirlər. Musavat.com-un kamerası önündə göz yaşlarıyla danışan Solmaz Eyvazova gəlininin qızıl əşyalarının və böyük məbləğdə pul vəsaitinin oğurlandığını deyir.
Digər tərəfdən sürücülərin yanan binaya olan marağı, sürəti azaldaraq tamaşa etmələri yolda nəqliyyatın hərəkətini çətinləşdirib. Bu səbəbdən polis gün ərzində yolda hərəkəti tənzimləyib.
Zərərçəkənlərin  bir qismi televiziyaların xəbər siyasətini də tənqid edərək hadisənin obyektiv qiymətləndirilmədiyini deyirlər: “Dünən xəbər verirlər ki, iki mənzil yanıb. Bu qədər yalan olar. 60 mənzil külə dönüb, insanlar küçələrdə qalıb. Televiziyalar isə dünəndən yanğın görüntüsü verir. Bəs bu insanların problemini kim  verməlidir?”
Qonşu binaların sakinləri də əraziyə gələrək, yaşadıqları binanın tez alışan “penoplas” örtüklər üzləndiyini və bu təhlükənin onları da gözlədiyindən narahat olduqlarını bildiriblər.
 
Məğrur Salmanov
Fotolar müəllifindir






















Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …

Bir cavab yazın