Ana səhifə / Siyasət / Yanan bina hakimiyyətdaxili narazılığı artırdımı?

Yanan bina hakimiyyətdaxili narazılığı artırdımı?

Mehman Əliyev: “2005-ci il hadisələri kimi xəyanət olarsa…”
 
Zahid Oruc: “Məsuliyyəti götürməyən məmur hakimiyyətə gərək deyil”
Binəqədidə baş verən məlum yanğın hadisəsi bütün sahələrə ciddi təsir etdiyi kimi, hakimiyyətdaxili münasibətlərdən də yan keçmədi. Dəhşətli faciə əvvəllər işartıları görünən daxili narazılıqların dərinləşməsinə səbəb oldu. Məsuliyyətdən yayınmaq üçün yüksək rütbəli dövlət məmurları bir-birini tənqid etmək yolunu seçdilər.
Baş verən yanğın hadisəsindən daha çox binaların poliuretan üzlükləri əsas müzakirə mövzusuna çevrildi. Heç şübhəsiz ki, bu cür materiallların hazırlanması, yaxud ölkəmizdə gətirilməsinin arxasında iri ranqlı məmurların dayandığı heç kəsə sirr deyil. Dövlət məmurlarının yanğınla bağlı verdikləri müsahibələrdə əsas yayındıqları sual məhz poliuretan üzlüklərin kimə məxsus olması oldu. Baş nazirin müavini, Dövlət Komissiyasının sədri Abid Şərifov, eləcə də, BŞİH başçısı Hacıbala Abutalıbov jurnalistlərə müsahibələrində açıq şəkildə bu sualdan yayındılar.
Dövlət başçısının rəhbərliyi ilə yanğınla bağlı keçirilən iclasda onun dilindən səslənənlər, eləcə də, dövlət rəsmilərinin çıxışları çox şeyin sübutu idi.
Xatırladaq ki, hakimiyyətdaxili narazılığın ortaya çıxması sonuncu dəfə 10 il öncə Hacı Məmmədovla bağlı olmuşdu. İqtidar çətinliklə də olsa, o narazılığın qarşısını ala bilmişdi.
Maraqlıdır, görəsən, hakimiyyət hazırda yaşanan narazılığın qarşısını ala biləcəkmi?
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, hazırda yaşanan hakimiyyətdaxili narazılıq ciddi kadr dəyişiklikləri ilə nəticələnməyəcək: “İri dövlət məmurlarının vəzifəsini itirəcəyini gözləmək məncə doğru olmaz. Çünki bu problem elədir ki, burada üzdə olan məmurların maraqları var. Təkcə bu məsələ ilə bağlı deyil. Başqa səbəblər də var. Zəncirvari bir vəziyyətdir. Komandanın ümumi vəziyyətidir. Bundan qabaq da bizdə bu tipli hadisələr olub. Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyətlərin verilməsi, prezidentin açıq dəstəyini göstərir. Burada birinci məsuliyyət bu qurumun üzərinə düşür”.
“Turan”ın rəhbəri həbslərin yüksək dairələrə gedəcəyini düşünmür: “Bu həbslər daha çox yüksək rütbəli məmurların bizneslərini fırladan şəxslərə şamil olunacaq. Bu insanları ortaya atıblar, istifadə ediblər. Dövlət maraqlarından söhbət getmir. Hakimiyyət bütövlükdə dövlətə atır. Burada söhbət hakimiyyətin başında duranların pullarının oğurlanmasından gedir. İş adamları tərəfindən… Ona görə də, onlar məsuliyyətə cəlb olunurlar. Sizə imkan vermişik, bundan istifadə etmisiniz, gəlin, cavab verin. Söhbət bundan gedir. Hansısa nazirin vəzifəsini itirəcəyini də düşünmürəm. Belə bir vəziyyət yaransa, Nazirlər Kabineti bütövlükdə getməlidir. Kimsə ciddi şəkildə xəstələnsə, yaxud başqa hadisə baş verərsə, ola bilər. Bu komandanın tarixi göstərir ki, ciddi xəyanət olmayıbsa, cəzalandırma olmur. Amma 2005-ci il hadisələri kimi xəyanət olarsa, sona qədər cəzalandırma olur. Başqa bir amil görmək olmur”.
İqtidaryönlü deputat Zahid Oruc baş verən pozuntuların maraqlara və qeyri-peşəkarlığı söykəndiyini bildirdi: “İstənilən hakimiyyət müxtəlif baxışlar sisteminə malik insanlardan ibarətdir. Siyasi xətti dövlət başçısının müəyyənləşdirməsinə baxmayaraq, hər kəs buna qeyd etdiyimiz parametrlərə uyğun şəkildə yanaşmağa çalışır. Müəyyən vaxtlarda baş verən pozuntular müəyyən maraqlara və qeyri-peşəkarlığa söykənirdi. Hazırda dövlət inkişafının elə bir mərhələsindəyik ki, məsuliyyətləri bir-birinin üzərinə atmaq daha çox xilas olmaq cəhdidir. Son hadisə fonunda müəyyən ümumxalq qınaqları var. Heç kəs istəmir ki, tarixə bu hadisə fonunda qara adla düşsün. Bu həqiqətənmi hakimiyyət içi savaş deməkdir? Qətiyyən belə deyil. Məsuliyyətin üzərindən atılması cəhdləri belə təəssürat yaradır. Komandanın monotipliyi haqqında dediyimiz sözlər sanki müəyyən zərbə alır. Dövlət başçısı bu ağrını çiyinlərinə götürməklə, xalqa yön verməklə, sanki məmurları xilas yoluna çevirdi. Dünənə qədər səlahiyyət uğrunda dava gedirdi, amma bu gün məsuliyyəti üzərlərindən atmaq üçün savaş gedir. Əgər kimsə bundan narahatdırsa, vəzifəsindən getsin. Ola bilsin ki, onların keçmişdə müsbət xidmətləri olsun. Bunu heç kəs şübhə altına almır. İndiki situasiyada vəzifəsindən getmək dövlətə və millətə xidmət olar. Doğrudanda vəzifədən getmək bu qədər dəhşətlidir? Bununla onlar var-dövlətlərini, həyatlarını itirmirlər. Məsuliyyət götürməyən məmur dövlətə, hakimiyyətə və millətə gərək deyil. Zamanında parlamentdə Vahid Tikinti Nazirliyinin yaradılması ilə bağlı təklif vermişdim. Cəmiyyətdə bu işlərə ehtimadın yüksək olması üçün… İnsanlar bəzən quruculuğu qınaqla qarşılayırlar. Çünki kiminsə bunların fonunda külli-miqdarda pul mənimsədiyini düşünürlər. Yanğın hadisəsi hökumət strukturları arasındakı rabitəsizliyi, mənəm-mənəmliyi, qanunu tapdamalarını sübuta yetirdi. Çıxış yolunu ölkə rəhbəri göstərdi. Əgər kimsə vəzifəsindən getməyi qərarlaşdırmırsa, bu, onların reallıq hissini itirmələrinin göstəricidir”.

Həmçinin oxuyun

“Bu məsələni Əliyevlə müzakirə etmişəm” – Zurabişvili sərhəddən danışdı

Prezident Salome Zurabişvili feysbuk səhifəsində son zamanlar Azərbaycanla Gürcüstan arasında sərhədlə bağlı yaranmış gərginliyə münasibət …

Bir cavab yazın