Şənbə , Noyabr 28 2020
Ana səhifə / Siyasət / Xoşbəxt Yusifzadə: “Ümidləri yalnız neftə, qaza bağlamaq olmaz”

Xoşbəxt Yusifzadə: “Ümidləri yalnız neftə, qaza bağlamaq olmaz”

“2017-ci il yanvar ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 231,8 milyon ton “mənfəət nefti” satılıb. Mənfəət neftinin həcmi ilbəil artır. 2016-ci ildə dünya bazarlarında satılan 32,7 milyon ton neftin 19,3 milyon tonu, yəni 59 faizi Azərbaycanın payına düşən mənfəət nefti olub”.

Bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə “Respublika” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2017-ci il yanvar ayının 1-dək dünya bazarlarına 435,4 milyon ton Azərbaycan nefti çıxarılıb ki, bunun da 321,7 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilib: “2017-ci il yanvarın 1-dək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 5,9 milyard kubmetr, Türkiyəyə isə 43,8 milyard kubmetr qaz verilib. Hazırda həmin kəmərlə hər gün orta hesabla Gürcüstana 4 milyon kubmetr və Türkiyəyə 18,5 milyon kubmetr qaz nəql edilir. Nəhayət, bunu da deyim ki, 2016-cı ildə Azərbaycanda 41 milyon tondan artıq neft və 29,4 milyard kubmetr qaz hasil edilib. Neftin 7,5 milyon tonunu və qazın 6,3 milyard kubmetrini SOCAR hasil edib. ABƏŞ və “Şahdəniz” konsorsiumları isə ötən il 33,5 milyon ton neft və 23,1 milyard kubmetr qaz çıxarıblar”.

Xoşbəxt Yusifzadə bildirib ki, müasir dövrdə ölkənin inkişafına bəslənilən bütün ümidləri yalnız neftə, qaza bağlamaq düzgün olmaz: “Buna görə, respublika rəhbərliyinin çalışdığı odur ki, sənayenin qeyri-neft sektoru da, kənd təsərrüfatı, turizm, xidmət sahələri də daha yüksək surətlə inkişaf etsin, bunların hamısı bir-birini tamamlasın və nəticə etibarı ilə gələcəyimiz yalnız bir sahədən asılı olmasın. Əgər prezident deyirsə ki, biz bütün hədəflərə çatacağıq, deməli, belə də olacaq və mənim buna zərrəcə şübhəm yoxdur. Çünki İlham Əliyevin zəkasına, iradəsinə və qətiyyətinə hələ ötən əsrin 90-cı illərinin əvvəllərindən bələdəm. Neftin qiymətləri məsələsinə gəlincə, deyə bilərəm ki, bu qiymətlər dalğavarı olaraq, zaman-zaman qalxıb da, düşüb də.

“Əsrin müqaviləsi” imzalananda neftin bir bareli 13 dollar idi. Sonra qiymət 100 dolları keçdi. Bu bir eyforiya yaratdı. Sonra yenə enmə – 1 barel üçün 40-50 dollar. Hesab edirəm ki, belə enmələr bizə problem yarada bilməz. Keçən il neft gəlirlərinin hətta azalması da respublikanı inkişafdan saxlaya bilmədi. Çünki iqtisadiyyatımız möhkəm təməl üzərindədir.

O ki, qaldı “neft kapitalının insan kapitalına çevrilməsinə” – bu, zəruri, lakin olduqca mürəkkəb məsələdir. Neft kapitalı belədir ki, nefti satırsan və böyük məbləğdə kapital əldə edirsən, milyardlar qazanırsan. İnsan kapitalı isə məbləğlə, manatla, dollarla ölçülmür. İnsan kapitalı başqa ölçülərlə müəyyən edilir. Neft kapitalının insan kapitalına çevrilməsi millətin zəka potensialının zənginləşməsi, müasir dövrdə mürəkkəb məsələləri uğurla həll etməyə qadir olan ağıllı, bilikli, elmli insanların – əsl intellektualların yetişdirilməsi deməkdir”.

Həmçinin oxuyun

Moldovalı ombudsman: “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” – Video

“İşğal altında saxladıqları Azərbaycan ərazilərini tərk edən erməni separatçıları evləri yandırır, əmlakı məhv edir, ev …

Bir cavab yazın