Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Siyasət / “Xırda məsələlərdə bunu nəzərə almırlar” – Zərdüşt Əlizadə

“Xırda məsələlərdə bunu nəzərə almırlar” – Zərdüşt Əlizadə

ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri qeyri-adi heç nə ilə yadda qalmadı. Bunu hardasa təbii qarşılamaq olar. Çünki ABŞ və Böyük Britaniya iki dost, müttəfiq dövlətdir, yaxından əməkdaşlıq edirlər. Bu səfəri qeyri-adi edən heç nə yox idi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, bu, D.Trampın müttəfiq ölkələrə adi səfərlərindən biri idi.

Z.Əlizadə səfərin Böyük Britaniyanın Baş naziri Tereza Meyin istefaya getməsinə sayılı günlər qaldığı bir vaxtda baş tutmasının da böyük önəm kəsb etmədiyini vurğulayıb:

“Böyük Britaniyada kiminsə gəlməsi, kiminsə getməsi qeyri-adi şey deyil. Demokratik ölkədir. Onlarda mütəmadi olaraq hakimiyyət dəyişikliyi baş verir. Yəni, mühafizəkarlarla leyboristlər bir-birini əvəz edirlər”.

Səfərlə bağlı Londonda keçirilən etiraz aksiyalarına münasibət bildirən politoloq bunun Böyük Britaniyanın ABŞ-la bağlı mövqeyini dəyişməyəcəyini vurğulayıb:

“Bu cür ölkələrdə hər kəsin öz fikrini ifadə etmək azadlığı var. Ona görə də bu etirazların rəsmi danışıqların nəticəsinə heç bir təsiri olmadı. Elə-belə şeydir. Düzdür, ictimai rəyin əhəmiyyəti böyükdür. Ancaq həmin ölkələrdə də ictimai rəyi yalnız ciddi məsələlərdə nəzərə alırlar. Xırda məsələlərdə bunu nəzərə almırlar. Baxın, Fransada sarı jiletlilər neçə aylardır aksiya keçirir. Bu aksiyaların Fransa Prezidenti Emmanuel Makronun fəaliyyətinə təsiri olub? Zərrə qədər də olmayıb”.

London meri Sadiq Xanın hələ 2018-ci ilin yanvar ayında İngiltərənin Baş naziri Tereza Meyin D.Trampı dövlət səfərinə dəvət etməsinin səhv olduğunu bildirməsinə, bu qalmaqalın səfər günlərində də yaşanmasına münasibət bildirən Z.Əlizadə buna seçkiqabağı dövrün elementi kimi baxmaq lazım olduğunu vurğulayıb:

“Seçkiqabağı dövrdür. Hamı özü üçün xal qazanmağa çalışır. Trampın əleyhinə çıxmaq siyasi xal qazanmağa bərabərdir. Məsələ burasındadır ki, hazırda Böyük Britaniyada Mühafizəkarlar Partiyası hakimiyyətdədir. Sadiq Xan isə Leyboristlər Partiyasının təmsilçisidir”.

Qeyd edək ki, ABŞ Prezidenti D.Tramp və xanımı Melaniya iyunun 3-dən 5-dək Böyük Britaniyada səfərdə olub. Səfər zamanı o, ölkənin baş naziri Tereza Meylə görüş keçirib, həmçinin kraliça II Yelizaveta tərəfindən qəbul olunub.

Həmçinin oxuyun

Surət Hüseynov kimin agenti olub?

Azərbaycanın keçmiş baş prokuroru İxtiyar Şirin bu günlərdə 4 İyun Gəncə olaylarıyla bağlı  Azpolitika.info saytına …