Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / Xaricdə yaşayan jurnalistlərdən həmkarlarına DƏSTƏK

Xaricdə yaşayan jurnalistlərdən həmkarlarına DƏSTƏK

Parlamentin buraxılması ilə növbədənkənar seçkilərin təyin olunması media nümayəndələrini də hərəkətə keçirdi. Onlar da namizədliyini irəli sürərək, mandat qazanmaq iddiasındadırlar. İşi “xəbərçilik” olan jurnalistlər indi də Milli Məclisdə sözünü demək istəyir.

Bəs, görəsən, Vətəndən uzaq yaşayan jurnalistlər hansı həmkarlarını dəstəkləyir, seçkidə qalib gələcəyinə inanır?

Modern.az məsələ ilə bağlı qürbət ölkələrdə yaşayan 6 azərbaycanlı jurnalistin fikrini öyrənib.

ABŞ-ın Vaşinqton ştatından keçmiş ANS-çi Qənirə Ataşova

“Parlament seçkilərini böyük həyəcanla izləməyə başladıq. İlk olaraq özünün yararsızlığına imza atan keçmiş millət vəkillərinin gedişi və ali qurumda təmsil olunmaq üçün gənclərə və yeni nəfəsə yaradılan imkan sevindirdi. Lakin YAP-ın siyahısını görəndən sonra dəyişikliklərin bizi sevindirməyə biləcəyini düşündüm. Bütün bunlara baxmayaraq, həmkarlarımı da həvəsdən düşməməyə çağırıram. Mənə elə gəlir ki, parlamentdə Ləman Ələşrəfqızı, Rauf Arifoğlu, Aygün Muradxanlı kimi milli ruhlu adamlar olarsa, cəmiyyətimiz üçün daha xeyirli olar. Təsəvvür edin, Ləman o eşqi ilə xalqına başqa sahədə xidmət edəcək. Bunu düşünmək belə xoşbəxtlik hormonunu artırır”.

İsveçdən Ağa Ağayev

“Fuad Abbasov deputat seçilsə, daha faydalı olar. Çünki o uzun illər Rusiyada  azərbaycanlı jurnalist kimi fəaliyyət göstərib, Azərbaycanın milli maraqlarına xidmət edib. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsində erməni politoloqlarına, jurnalistlərinə, erməni diaspor nümayəndələrinə tutarlı cavablar verilməsində böyük xidmətləri olub. Fuad Abbasov çox vətənpərvər insan və ləyaqətli jurnalistdir.Həmçinin onun dil bilgiləri də genişdir, gələcəyi daha perspektivlidir, öz üzərində çalışan media nümayəndəsidir”.

Türkiyədən Nigar Ogeday

“Əslində heç kimi ayırmaq istəmirəm. Bizim jurnalistlər çətin şərtlər altında belə xalqa vəkillik edirdilər. Xalqın halı üçün mücadilə ediblər. Mandatsız vəkillik edənlər də var idi. Bundan sonra da mandatla vəkillik etmələrini istəyərdim. Qənirə Paşayeva jurnalistikadan gəlmişdi, nəticəni gördük. Düzdür, bəzi jurnalistlər var idi ki, onların varlığı ilə yoxluğu bəlli deyildi. Onlar sadəcə kağız üzərində jurnalist idilər. Mediada çalışdığı dönəmlərdə xalqla işləyənlər məclisdə də eynisini edəcək. Bütün məsləkdaşlarıma uğurlar arzulayıram”.

Rusiyadan “Vostok” Media Holdinqinin vitse-prezidenti Şəhriyar İmanbəyli

“Açığı həmkarlarımdan kimlər deputat olmaq üçün öz namizədliyini irəli sürüb, say etibarı ilə tam dəqiq bilmirəm. Sadəcə bu prosedur başlayandan sosial mediadan izləyə bildiyim qədəri ilə bir çoxları millət vəkili olmaq üçün çox can atdı. Məsələ burasındadır ki, namizədlər nə qədər səmimidirlər. Onların əsas istəyi bir vəzifəyə, bir posta sahib olmaqdır, yoxsa həqiqətən da xalqa haqqı ilə xidmət etmək? Əgər məsələ xalqa xidmət etməkdirsə, bunun üçün deputat olmağa ehtiyac yoxdur. Çünki bir jurnalist millət vəkili statusunda olmasa belə, ən az elə millət vəkili qədər xalqına, vətəninə faydalı ola bilər. Təbii ki, hər namizədə, başda da öz həmkarlarıma bol uğur arzulayıram. Məndə olan məlumata görə, Ləman Ələşrəfqızı, Rauf Arifoğlu, Fuad Abbasov,  Aytən Səfərova namizədlər sırasındadır. Hər birinə uğurlar arzulayıram. Ancaq konkret kimisə seçməyimi istəyirsinizsə, onda bir vaxtlar bizimlə Rusiyada jurnalist kimi çalışan, daha sonra vətənə deportasiya edilən Fuad Abbasovu dəstəkləyərəm və arzusuna çatmasını istəyərəm. Ümid edirəm ki, fevralın 9-da keçiriləcək parlament seçkilərində həqiqətən də xalqa faydalı ola biləcək insan deputat adına sahib olar”.

ABŞ-ın Kaliforniya ştatından hərbi jurnalist Gülbəniz Arifqızı

“Təbii ki, Azərbaycanda uğurlu gənclər var. Fuad Abbasov mənim ən çox hörmət etdiyim jurnalistdir. Fuad bəy indiyə qədər özü üçün yaşamayıb. Onun ali təhsili, dünyagörüşü, doğulduğu ailədə gördüyü mədəniyyət əsas verir ki, parlamentdə Azərbaycan xalqını təmsil etsin. Amma mən inanmıram ki, Fuad bəy kimi insanlar parlamentə seçilsinlər”.

Kanadadan Lalə Musaqızı

“Həmkarlarımız arasında  dəstəklədiyim konkret namizəd yoxdur. Amma çox istəyərdim ki, xanım həmkarlarımız seçilsinlər. Çünki xanımlar olan yerdə daha çox ədalət olur. Xanımlarımız haqqı nahaqqa verməyə rahatlıqla razılaşmırlar. Azərbaycan xanımları həm evdə, həm də işdə qarışqa kimi işləməyi sevirlər. Əminəm ki, ədalətli seçkilər olsa, nəinki xanım həmkarlarımız, ümumiyyətlə, jurnalist həmkarlarımızın əksəriyyəti Milli Məclisdə xalqı təmsil edəcək”.

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …