Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / Xalq yenidən İlham Əliyevi prezident seçdi

Xalq yenidən İlham Əliyevi prezident seçdi

Azərbaycan yeni – 7 illik dönəmə başladı; YAP-ın namizədi 83 faiz səslə qalib gəldi; beynəlxalq təşkilatlar seçki prosesindən məmnun qaldılar; səsvermə günü heç bir insident qeydə alınmadı; müxalifət isə…

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Səhər saatlarından Mərkəzi Seçki Komissiyasında təşkil olunmuş İnformasiya Mərkəzinin məlumatlarını izləyən əməkdaşımızın verdiyi məlumata görə, saat 7:00-da  məntəqələr açılıb və səsvermə başlayıb. Gün ərzində Mərkəzi Seçki Komissiyası prezident seçkilərində seçici fəallığı, səsvermənin gedişi barədə sayca 5 dəfə hesabat təqdim edib.

Prezident və ailə üzvləri bu məntəqədə səs verdi

Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri səhər saatlarında səs verib.

Prezident və ailə üzvləri 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə ediblər.

Digər prezidentliyə namizədlər də qeydiyyatda olduqları ünvan üzrə məntəqələrdə səs veriblər. Həmçinin ölkənin baş naziri Artur Rasizadə, PA rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə sədrləri də günün birinci yarısında səs veriblər.

 

***

Seçkiləri 894 beynəlxalq (onların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının da müşahidə missiyaları var), 58 175 yerli müşahidəçi izləyib. Səsvermə prosesini 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar vasitəsilə də izləmək mümkün olub.

ATƏT DTİHB-nin Azərbaycanda prezident seçkiləri ilə bağlı müşahidə missiyası səsvermə prosesini daha böyük heyətlə izləyib.

APA-nın məlumatına görə, missiyanın rəhbəri Koryen Yonker özü 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində, daha sonra digər məntəqələrdə səsvermə prosesini müşahidə edib. DTİHB-nin seçkinin nəticələrinə dair ilkin hesabatı 12 apreldə açıqlanacaq.

AVCİYA: “Heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb”

AVCİA da Azərbaycanda 11 apreldə keçirilən prezident seçkilərində apardığı monitorinqin nəticələrini açıqlayıb.

AVCİA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, təşkilat tərəfindən 4 min müşahidəçi ilə seçki prosesinin monitorinqi təşkil edilib.

Müşahidə 3 mərhələdə aparılıb və heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb.

M.Zülfüqarlı bildirib: “Bəzi seçki məntəqələrində cüzi texniki çatışmazlıq olub ki, bu, seçkinin nəticələrinə təsir etməyib. AVCİA seçkilərin demokratik, şəffaf, ədalətli keçdiyini, ölkədə ictimai-siyasi vəziyyətin daha sabit və təhlükəsiz olduğunu bildirir”.

M.Zülfüqarlı qeyd edib ki, seçici fəallığı təxminən 65-66 faiz arasında olub.

Asiya PA-nın üzvü: “Azərbaycanda keçirilmiş seçkilər nümunəvidir”

“Bir neçə seçki məntəqəsində müşahidələr apardıq. Seçki məntəqələrində prezidentliyə namizədliyi qeydə alınan şəxslərin nümayəndələri rahat şəkildə fəaliyyət göstərirdi”.

Bunu Asiya Parlament Assambleyası sədrinin xüsusi nümayəndəsi, Türkiyə Böyük Millət Məclisinin deputatı Burhan Kayatürk prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

Prezident seçkilərinin Azərbaycana, regiona sülh və sabitlik gətirəcəyinə əminliyini ifadə edən B. Kayatürk səsvermənin standartlara cavab verdiyini söyləyib.

Banqladeş parlamentinin üzvü Nazrul İslam Chovdhury ile ilgili görsel sonucu

Banqladeş parlamentinin üzvü Nazrul İslam Chovdhury bildirib ki, Bakı və Bakı ətrafında yerləşən seçki məntəqələrində müşahidə aparıblar: “Məntəqələrdə təşkilatçılıq yüksək səviyyədə idi. Azərbaycanda keçirilmiş seçkilər nümunəvidir. Qardaş Azərbaycan xalqına uğurlar arzulayıram”.

Seçkiləri müşahidə edən Türkiyə MSK-nın sədri Sədi Güven açıqlama verərək qeyd edib ki, Azərbaycanda seçkilər çox şəffaf keçirilib.

Türkiyə MSK-nın sədri qeyd edib ki, seçkilər zamanı bütün demokratik prinsiplərə əməl edilib. Onun sözlərinə görə, Türkiyədə Azərbaycan xalqı üçün seçkilərin müsbət nəticələr verəcəyinə inanırlar: “Bütün seçki məntəqələrində seçkilərin sülh şəraitində aparmasından çox təsirləndim”.

QDİƏT vitse-prezidenti: “Bugünkü nəticə Azərbaycanın inkişafının təminatıdır”

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının müşahidə missiyası seçkilərin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, çıxış edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Asəf Hacıyev bildirib ki, Azərbaycanda seçkilər son dərəcə demokratik, şəffaf şəraitdə həyata keçirilib. O, “exit-poll”un nəticələrinə əsasən Azərbaycan prezidenti İlham Əliyevin 83 faiz səs topladığını və prezident seçildiyini diqqətə çatdırıb: “Bu, gələcəyimizə və inkişafa verilən səsdir”.

Təşkilatın vitse-prezidenti Otar Daneliya seçki məntəqələrindəki fəallığın yüksək olduğunu deyib. O, prosesdə heç bir pozuntu ilə qarşılaşmadığını xüsusi vurğulayıb: “Nəzərinizə çatdırım ki, bugünkü nəticə Azərbaycanın inkişafının təminatıdır”.

Çıxış edən digərləri də məntəqələrdə pozuntuya şahid olmadıqlarını qeyd ediblər.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) müşahidə missiyası da seçkilərin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpek Azərbaycanda keçirilən seçkilərin ile ilgili görsel sonucu

Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpek Azərbaycanda keçirilən seçkilərin yüksək səviyyədə təşkil olunduğunu deyib: “Bakı, Sumqayıt və Xırdalanda müşahidələr apardıq. Eyni zamanda seçicilər və müşahidəçilərlə söhbətlər apardıq. Sevindirici hal odur ki, Azərbaycanda keçirilən bu seçkilərdə fəallıq çox yüksək idi, kameralar yüksək səviyyədə işləyirdi, şəffaflıq təmin olunmuşdu, hər kəs azad şəkildə öz namizədinə səs verirdi”.

O əlavə edib ki, seçim prosesində hər hansı qanun pozuntusu qeydə alınmayıb: “Xüsusən qeyd edim ki, əlillərin səs verməsi üçün yüksək şərait yaradılmışdı. Türk PA missiyası Azərbaycanda təşkil olunan prezident seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyini müşahidə edib”.

Avropalı müşahidəçi: “Seçicilərin yoxlanış prosedurlarından çox təsirləndim”

“Səsvermə ədalətli və səmərəli keçdi. Prosedurlar düzgün şəkildə yerinə yetirilirdi”.

Bu açıqlamanı səsvermə prosesini izləyən Avropa Parlamentinin üzvü Deyvid Kembl deyib.

Avropa Parlamentinin üzvü Deyvid Kembl ile ilgili görsel sonucu

D.Kemblın indiyə qədər bir neçə seçki məntəqəsində müşahidə apardığını vurğulayıb: “Seçicilərin yoxlanış prosedurlarından çox təsirləndim. Bu cür təhlükəsizliyə xidmət edən prosedurlar iki dəfə səs verməyin qarşısını alır. Birləşmiş Krallıqda keçirilən bəzi seçkilərdə seçicilər şəxsiyyət vəsiqələrini göstərmirlər. Təhlükəsizlik baxımından burada vəziyyət daha yaxşıdır. Düşünürəm ki, təhlükəsizlik məsələlərinə Azərbaycanda daha ciddi əhəmiyyət verilir. Seçki məntəqəsində seçicilər uzun sıralar yaratmışdılar ki, bu da çox təsirlidir”.

Müşahidəçi, Almaniya Bundestaqının üzvü Stefan Koiter Azərbaycanda iqtisadi inkişafın şahidi olduğunu deyib, seçkilərin azad, demokratiyaya uyğun şəkildə keçirildiyini bildirib.

GUAM-ın Parlament Assambleyasının müşahidə missiyası isə 11 apreldə axşam saatlarında mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən təşkilatın Gürcüstan parlamenti heyətinin rəhbəri Georgi Mosidze Bakı, Sumqayıt və Xızıda müşahidə apardıqlarını deyib.

Onun sözlərinə görə, seçki sağlam rəqabət şəraitində, demokratik şəkildə keçib: “Müşahidə zamanı ciddi qanun pozuntusu qeydə almadıq. Olduğumuz məntəqələrdə seçici fəallığı var idi. Seçki sağlam rəqabət şəraitində keçdi. Mərkəzi Seçki Komissiyasının bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm”.

Assambleyanın müşahidə missiyasının üzvü Oleq Medonidsa da seçkilərin şəffaf şəkildə keçirildiyini deyib, prosesin uğurla başa çatdığını əlavə edib.

“Azərbaycanda keçirilmiş prezident seçkiləri qaydalara uyğun şəkildə təşkil olunub”.

Bunu isə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqınin baş katibi Mahmud Erol Kiliç prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

Baş katib qeyd edib ki, seçici fəallığı yüksək olub: “Düşünürəm ki, prezident seçkiləri Azərbaycanda sabitliyi möhkəmləndirəcək”. (APA)

***

Musavat.com-un müxbirləri də seçki prosesini izləmək üçün məntəqələrdə olublar.

Əməkdaşımız 25 saylı Nizami rayonu II seçki dairəsinin 30 və 31 saylı seçki məntəqəsində olan zaman seçki prosesinin qaydalara uyğun şəkildə davam etdiyini müşahidə edib.

Seçkinin ilk saatlarından seçici aktivliyi müşahidə olunub. 31 saylı məntəqənin müşahidəçilərinin sözlərinə görə, hər hansı qanun pozuntusu baş verməyib.

Musavat.com-a açıqlama verən məntəqə sədri Zemfira Şıxəliyeva bu saatlara qədər 300-ə yaxın seçicinin səs verdiyini bildirib: “31 saylı seçki məntəqəsində səhər saatlarında səsverməyə gələnlər az olsa da, irəliləyən saatlarda seçici aktivliyinin artdığını müşahidə etdik. Xüsusən də bir məqamı qeyd etmək istəyirəm ki, yaşlı nəslin nümayəndələri daha çox seçkidə iştirak edirlər. Müşahidələrimiz göstərir ki, seçkilərdə əhali fəal iştirak edir. Heç bir qanun pozuntusu ilə rastlaşmamışıq. Onu da qeyd edim ki, 30 və 31 saylı seçki məntəqələri kameralar vasitəsilə müşahidə olunur”.

25 saylı Nizami II seçki dairəsinin 17 saylı seçki məntəqəsində isə seçici aktivliyi daha çox olub. Məntəqə sədri Akif Rəsulov saat 12-dək 500-ə yaxın seçicinin səs verdiyini bildirdi.

Apardığımız müşahidə zamanı hər hansı bir qayda pozuntusuna rast gəlmədik. Seçki prosesini izləyən müşahidəçilərlə də həmsöhbət olduq. İştirakçılar seçki prosesində hər hansı bir qayda pozuntusuna rast gəlmədiklərini bildirdilər.

Qeyd edək ki, müvafiq məntəqələrdə müşahidə kameraları quraşdırılıb və seçki prosesini MSK-nın internet saytına daxil olaraq onlayn olaraq izləmək mümkündür.

Xətai rayonundakı 26, 28, 29 saylı məntəqələrində müşahidələr aparan əməkdaşımız da seçici aktivliyinin şahidi olub.

Musavat.com-un müxbiri Nizami rayonu ərazisində məntəqələrin birində seçki prosesini izləyərkən maraqlı mənzərə ilə qarşılaşıb.

Belə ki, 24 saylı Nizami II seçki dairəsinin 11 saylı məntəqəsinə gələn bəy və gəlin prezident seçkilərində iştirak ediblər.

Bəy və gəlinin toydan öncə səsvermədə iştirak etmələri digər seçicilərin marağına səbəb olub. Onların bu addımı seçicilər və məntəqə işçiləri tərəfindən alqışlanıb.

Analoji hadisə Qax rayonunda da baş verib. 112 saylı Qax Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində qeydiyyatda olan seçicilər, rayon sakinləri Elgün Aydınov və Səadət Mövludzadə toy günündə mərasimdən əvvəl seçki məntəqəsinə gedərək səs veriblər.

Cütlüyün sözlərinə görə, toy günlərini daha da yaddaqalan etmək üçün bu günü seçiblər.

 “Sosial şəbəkələrdə bəzi maraqlı qüvvələr saxta məlumatlar yayır”

MSK Katibliyinin Media və İctimai Əlaqələr Şöbəsindən bildirilib ki, ümumilikdə seçkilər dövrü və səsvermə günü hazırkı vaxta qədər hər hansı qanun pozuntusunun olmasına dair Mərkəzi Seçki Komissiyasına heç bir rəsmi məlumat daxil olmayıb, lakin sosial şəbəkələrdə seçkilərin demokratikliyinə və şəffaflığına kölgə salmaq istəyən bəzi maraqlı qüvvələr (Meydan TV və onun yaydığı məlumatları tirajlayan 2-3 maraqlı subyekt) tərəfindən həqiqətə uyğun olmayan və heç bir fakta söykənməyən uydurma məlumatlar yayılır:

“Belə saxta məlumatlara misal olaraq demək olar ki, guya 17 saylı Yasamal üçüncü seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrində seçki qutularının standartlara cavab verməməsi, komissiya üzvlərinin yuxarıdan tapşırıqla işlədiklərini etiraf etmələri, seçki qutusuna topa bülleten atılması kimi ciddi qanun pozuntularının baş verdiyini müşahidəçi Əli Zeynalova istinadən iddia edilir, halbuki həmin şəxs qeyd edilən dairənin ərazisində və məntəqələrdə, ümumiyyətlə, müşahidə aparmamışdır. 52 saylı məktəb 15 saylı seçki dairəsinin ərazisində olduğu halda, həmin məktəbdə 17 saylı seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrinin yerləşməsi, 57 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi mövcud olmadığı halda, həmin dairədə qanun pozuntularının baş verməsinin iddia edilməsi, anonim müşahidəçilər adından onlara maneələrin yaradılması da bu qəbildəndir”.

Mətbuat Şurası: “Jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb”

“Saat 08.00-dan 19.00-dək olan müddətdə prezident seçkisində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb”.

Bu barədə musavat.com-a Mətbuat Şurasından məlumat daxil olub.

Məlumatda bildirilir ki, ötən zaman kəsiyində  Mətbuat Şurasının “qaynar xətt”inə cəmi 1 müraciət daxil olub. “İnter.az” telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb.

Səsvermə müddətində seçki məntəqələrində monitorinq aparan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri də jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar.

***

Qeyd edək ki, “Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə seçki günü “exit-poll” keçirib.

“ELS” 11 aprel 19:30 radələrində prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

Mərkəzin rəhbəri İradə Yaqubova diqqətə çatdırıb ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə “exit-poll” keçirilib. O deyib ki, 80 min anket əsasında nəticə çıxarıblar. ELS bəyan edib ki, səsvermə günü seçici fəallığı gün ərzində 68,7 faiz olub. “Exit-poll” uğurla başa çatdı.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin apardığı “exit-poll”un nəticələri aşağıdakı kimidir:

İlham Əliyev – 82,71 faiz

Zahid Oruc – 3,37 faiz

Araz Əlizadə – 1,87 faiz

Qüdrət Həsənquliyev – 4,23 faiz

Fərəc Quliyev – 1,33 faiz

Hafiz Hacıyev – 2,1 faiz

Razı Nurullayev – 0,92 faiz

Sərdar Cəlaloğlu – 3,56 faiz.

Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində keçirdiyi “exit-poll”un ilkin nəticələri isə aşağıdakı kimidir:

İlham Əliyev – 86,53%;

Qüdrət Həsənquliyev – 3,10%;

Zahid Oruc  – 2,92%;

Sərdar Cəlaloğlu – 2,81%;

Hafiz Hacıyev –  1, 73%;

Araz Əlizadə – 1,21 %;

Fərəc Quliyev – 1, 03%;

Razi Nurullayev – 0, 67%;

“Rəy” Monitorinq Mərkəzinin keçirdiyi “exit-poll”un nəticələri isə aşağıdakı kimidir:

İlham Əliyev 84.49 faiz, Qüdrət Həsənquliyev 3.72 faiz, Zahid Oruc  3.21 faiz, Sərdar Cəlaloğlu 3.04 faiz, Araz Əlizadə 1.65 faiz, Hafiz Hacıyev 1.57 faiz, Fərəc Quliyev 1.46 faiz, Razi Nurullayev 0.86 faiz səs qazanıb.

Mərkəzin direktoru Rizvan Abbasov deyib ki, seçici fəallığı 72,3 faiz olub.

ABŞ-ın “Artur J.Finkelstein and Associates” (AJF) təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə keçirdiyi “exit-poll”un nəticələrinə görə  İlham Əliyev 85,57 faiz, Qüdrət Həsənquliyev 2.96 faiz, Zahid Oruc 2.92 faiz, Sərdar Cəlaloğlu 2.48 faiz, Hafiz Hacıyev 1.76 faiz, Araz Əlizadə 1.42 faiz, Fərəc Quliyev 1.52 faiz, Razi Nurullayev 1.37 səs qazanıb.

“Exit poll” 40 seçki dairəsində 200 seçki məntəqəsində keçirilib.

Sorğuda əvvəlcədən təlimatlandırılmış 20 supervayzer, 400 intervyuçu, 30 operator iştirak edib.

Müxalifət seyrçi mövqedə oldu

Seçkiləri boykot edən müxalifət partiyaları isə seçki günüdə bir qərargah təşkil edib hansısa bir açıqlamalar yaymadılar. Onlar seçki günü fəallıq nümayiş etdirmədilər. Müsavat Partiyasının başqanı Arif Hacılı 10 apreldə facebook səhifəsində seçkiləri “alternativsiz, seçimsiz, xalqın iradəsindən kənar” adlandırıb və insanları 14 apreldə mitinqə səsləyib.

Arif Hacılı ile ilgili görsel sonucu

Arif Hacılı dünən gecə saatlarında azadlıq.org-a açıqlamasında “bu seçkilərin xalqa aidiyyəti yox idi, bu, məmurların, dövlət büdcəsindən asılı olanların keçirdiyi bir proses idi” deyib. O “Musavat Partiyası seçkilərlə bağlı nə etmək niyyətindədir” sualına cavabında deyib ki, partiya seçki ilə bağlı rəyini açıqlayacaq və bu günədək gördüyü işləri bundan sonra da davam etdirəcək:  “11 aprel proseslərin sonu demək deyil, yeni mərhələ başlayır. Bu seçkilər bir mərhələnin yekunudursa, başqa bir mərhələnin başlanğıcıdır. Demokratiya uğrunda mübarizə uzun bir mübarizədir, bu proses bundan sonra da davam edəcək”.

Müsavat Partiyasından verilən məlumata görə, onlar seçkilərlə bağlı 12 apreldə mətbuat konfransı keçirəcəklər.

Milli Şura rəhbərliyi də 11 apreldə gün ərzində susqunluq göstərdi, yalnız axşam saatlarında AXCP sədri Əli Kərimli iştirak etmədikləri seçkinin nəticələrini tanımadıqlarını bəyan edib, tərəfdarlarını 14 aprel mitinqinə çağırıb.

***

YAP isə seçki günü axşam saatlarında prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib.

APA-nın xəbərinə görə, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, seçkilər baş tutmuş hesab edilir: “MSK-dan verilən məlumata görə, səsvermədə 3,9 milyondan çox seçici iştirak edib. ”Exit-poll”ların keçirdiyi sorğular nəticəsində İlham Əliyev 80 faizdən yuxarı səs qazanıb. Bu ondan xəbər verir ki, YAP sədri prezident seçkilərində inamlı qələbə qazanıb. Hesab edirik ki, Mərkəzi Seçki Komissiyası da yaxın vaxtlarda nəticələri elan edəcək. Azərbaycan xalqı doğru seçib edərək İlham Əliyevi prezident seçib”.

***

Günün sonunda MSK səsvermə ilə bağlı ilkin nəticələri açıqladı:

Məlumatda deyilir ki, ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 3959553 nəfəri səs verib. Bu isə seçici aktivliyinin 74,51% olması deməkdir.

Seçkilərin ilkin rəsmi nəticələri isə aşağıdakı kimidir:

İlham Əliyev – 86,09 faiz

Qüdrət Həsənquliyev – 3,4  faiz

Sərdar Cəlaloğlu – 2,97  faiz

Zahid Oruc  – 3, 07 faiz

Hafiz Hacıyev – 1,51  faiz

Araz Əlizadə – 1,4  faiz

Fərəc Quliyev – 1,18  faiz

Razi Nurullayev 0, 74 faiz

***

Beləliklə, Azərbaycan 11 apreldə seçki kampaniyası dövründə daha da aktivləşən təzyiqlərə, təxribat cəhdlərinə rəğmən çox sakit şəkildə qansız-qadasız  bir seçki keçirərək, yeni bir mərhələyə, 7 illik prezidentlik dönəminə qədəm qoydu. Seçkilərdə YAP-ın namizədi İlham Əliyev qalib gəldi, xalq növbəti dəfə onu seçdi.

Xalqımız, dövlətimiz üçün uğurlu olsun!

Həmçinin oxuyun

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” – Şevçenko

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi. Bunu …