Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Siyasət / Xalq Cəbhəsini yaradanlar onu partiyalara bölüblər – siyahı

Xalq Cəbhəsini yaradanlar onu partiyalara bölüblər – siyahı

Bir təşkilatın sırasından neçə partiya meydana gəldi

Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 30 il keçdi. Dağlıq Qarabağdakı erməni separatçılığı ilə ümumxalq mübarizəsinin ortaya çıxardığı bu təşkilat sonradan Azərbaycanın müstəqilliyinin bərpasını hədəf seçdi və Əbülfəz Elçibəyin başçılığı ilə məqsədinə nail oldu. Üstəlik, ordumuzun olmadığı vaxtlarda məhz Xalq Cəbhəsinin könüllüləri torpaqlarımızın və dinc insanlarımızın müdafiəsini öz üzərinə götürdü.

1989-cu ilin 16 iyulunda təsis konfransını keçirən Azərbaycan Xalq Cəbhəsi Azərbaycanda milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilat olub. Təsis konfransında Əbülfəz Elçibəy sədr seçilib, 15 nəfərdən ibarət ilk İdarə Heyəti (İsa Qəmbər Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rəhim Qazıyev, Ələkrəm Hümmətov, Əbülfəz Elçibəy) formalaşıb.

AXC Azərbaycanın müstəqilliyi bərpa edildikdən bir müddət sonra – 1992-ci ilin mayında hakimiyyətə gəlib və bu şəxslərin əksəriyyəti müxtəlif dövlət, hökumət vəzifələrində təmsil olunublar.

1989-1990, 1990-1992 və 1992-1993-cü illərdə bir neçə ziddiyyətli mərhələdən keçən (xalq hərəkatının genişlənməsi, siyasi uğurlar və parçalanmalar, 20 yanvar faciəsi və dirçəliş, siyasi hakimiyyət və devrilmə) AXC sonrakı illərdə də siyasi sistemdə aparıcı mövqelərdə olub. Lakin bütün dünyada xalq hərəkatlarına öncüllük edən təşkilatlar kimi bu təşkilatın da monolitliyini sonadək qoruyub saxlamaq mümkün olmayıb. 1992-ci ildən AXC sıralarından ayrılmalar və ayrılanların yeni siyasi təşkilatlar elan etməsi prosesi başlanıb. 

3 iyun 1992-ci ildə Azərbaycanda siyasi partiyalar haqqında qanun qəbul edildikdən sonra AXC-dən ayrılan Etibar Məmmədov AMİP-i yaradıb. Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasını, Zərdüşt Əlizadə ASDP-ni yaradıb, İsa Qəmbərin başçılığı ilə Müsavat Partiyası bərpa edilib. Bu partiyaların hər birinə AXC-dən minlərlə üzv ayrılaraq qoşulub. Beləliklə, AXC öz missiyasını başa vuraraq 1995-ci ildə özü də siyasi partiyaya-AXCP-yə çevrilib. 

Bu gün Azərbaycanda dövlət qeydiyyatında olan 56 siyasi partiyanın ən azı yarısı məhz AXC-nin şinelindən çıxmış təşkilatlardır, bu partiyaların bir çoxu AXC bazalı təşkilatlardır. Hərəkatda olan siyasətçilərin əksəriyyəti özlərinin ayrıca partiyasını yaradıblar.

AXC-nin varisi kimi isə hazırda Əli Kərimlinin sədr olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası çıxış edir. Əbülfəz Elçibəy dünyasını dəyişənədək (2000-ci il) AXCP-nin sədri olub.

Bununla belə, hazırda adında Xalq Cəbhəsi olan dövlət qeydiyyatlı daha bir neçə partiya var-Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu) və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (lideri Qüdrət Həsənquliyev). 19 avqust 2015-ci ildə Əli Kərimlidən narazı qüvvələr AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər. Xalq Cəbhəsi adına Razi Nurullayevin rəhbərlik etdiyi siyasi təşkilat da iddialıdır.

Həmçinin oxuyun

Azərbaycanın “qara siyahı”sına neçə nəfər düşüb?

Rəsmi Bakı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər edənləri “arzuolunmaz şəxslər” siyahısına salır. Azərbaycan …