Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Xalq artisti xəcalət çəkir

Xalq artisti xəcalət çəkir

“Keçmiş davamedici zaman” layihəsində:

Axar.az “Keçmiş davamedici zaman” adlı yeni layihəyə başlayır. Bu layihədə Azərbaycan mədəniyyətinin müstəqillikdən əvvəl və müstəqillikdən sonrakı strukturu müzakirə olunacaq. Layihənin ilk qonaqları xalq artisti Səidə Quliyeva və gənc aktrisa Şəbnəm Hüseynovadır. İlk sual hər iki dövr üçün film sektoru və qonorar sistemi ilə bağlı oldu: Ən çox qonorarı hansı filmdəki rolunuza görə almısınız? Xalq artisti Səidə Quliyeva bu haqda danışmağa xəcalət çəkdiyini bildirdi: “Aldığım qonorarı desəm, çox gülünc görünər. Bu barədə heç danışmasaq yaxşıdır. O qədər cüzi qonorarlar almışıq ki, məbləği deməyə xəcalət çəkirəm. İndiyə qədər bütün filmlərdə, demək olar ki, pulsuz çəkilmişəm. Qonorar o qədər az olub ki, mən bunu pulsuz çəkilmək hesab edirəm. Düzdür, Sovet dövründə daha çox film çəkilirdi. Amma mən normal bir qonorar aldığımı xatırlamıram.Ümumiyyətlə, bizdə qonorar sistemi öz həllini tapmalıdır. Teatrda maaş alırıq, amma filmdə oynadığıma görə verilən qonorarlar o qədər az olub ki, dilə gətirməyə utanıram. Mən bu sözləri bütün sənətkarlara aid edirəm. 2-3 istisna ola bilər ki, yaxşı qonorar alsın, onları da dəqiq deyə bilmərəm. Çünki heç kimdən soruşmamışam ki, nə qədər pul alıb. Rejissorlar film çəkilişində hər şeyi həll edəndən sonra yerdə qalan pulu aktyora verirdi. Texnikaya, rejissora, operatora, tərtibata və s. pul ayrılandan sonra qalan cüzi miqdarda pul aktyorlar arasında bölüşdürülürdü. Nə qədər ki vəziyyət bu cürdür, bizdə filmlər də, seriallar da aşağı səviyyədə olacaq”. Gənc aktrisa Şəbnəm Hüseynova da aldığı qonorarın məbləğini açıqlamaq istəmədi: “Ən yaxşı qonorarı “Pərvanələrin rəqsi” serialına çəkiləndə almışam, məbləğ sirr qalsın. Serialın zəif alınmasına səbəb qonorarın az verilməsi deyil, qeyri-peşəkarların iş başında olmasıdır. Serialı çəkən əsl rejissor, çəkilən əsl aktyor olsa, əlbəttə, zəif alınmaz. Ssenarini dramaturgiyadan, yazı sənətindən başı çıxanlar yazmalıdır, həvəskarlar yox. Nə qədər ki filmlərə, seriallara həvəskarları çəkəcəklər, lap ən yüksək qonorar verilsə belə, film zəif alınacaq. Çünki bu, sənətdir. Kənardan baxanda nə qədər asan görünsə də, çox çətindir. Deyə bilmərəm, qonorarı hansı əsasla az və ya çox verirlər, amma yaxşı aktyoru gərək layiqincə dəyərləndirsinlər. Çünki uğurun 50%-i düzgün seçilmiş aktyor heyətindən asılıdır. Ssenari yaxşı yazılsa da, rejissor yaxşı çəksə də, əgər aktyor rolunu oynaya bilmirsə, o məhsula heç kim baxmayacaq”.

Həmçinin oxuyun

Abbas Əraqçi: “İran Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub”

“Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm. Hər şeydən əvvəl bu gün Bərdə …

Bir cavab yazın