Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Xədicə İsmayılın həbsinə xarici təşkilatlar sərt reaksiya verdilər

Xədicə İsmayılın həbsinə xarici təşkilatlar sərt reaksiya verdilər

Natiq Miri: “Ölkədə heç nə dəyişmədikcə, Xədicələrin sayı getdikcə artacaq”

 
 
Məlum olduğu kimi, araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsi sentyabrın 1-də başa çatdı. Məhkəmənin qərarına əsasən, o, 7 il yarım müddətində azadlıqdan məhrum edildi. Jurnalistə oxunan  hökmün ardından Avropanın nüfuzlu təşkilatları bəyanatlarında buna öz kəskin reaksiyalarını verdilər.
ABŞ Dövlət Departamentinin bəyanatında deyilir: “Biz istintaq və məhkəmə zamanı pozuntularla bağlı məlumatlardan narahatıq. 
Bu, Azərbaycanda insan hüquqlarının, o cümlədən mətbuat azadlığının  məhdudlaşdırılması ilə bağlı geniş tendensiyaya daha bir nümunədir. Biz Azərbaycan hakimiyyətini X.İsmayılovanı və əsas azadlıqların həyata keçirilməsinə görə, həbs olunan digər şəxsləri azad etməyə çağırırıq. Həmçinin Azərbaycan hökumətini əsas insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi üzrə beynəlxalq öhdəliklərə sadiq olmağa çağırırıq”.
ATƏT Parlament Assambleyası İnsan Hüquqları və Demokratiya Komitəsinin rəhbəri İsabel Santos jurnalist Xədicə İsmayılovaya oxunan hökmə münasibət bildirib: “Məlumdur ki, bu, siyasi motivli qərardır, öz ölkə rəhbərliyindən hesabat tələb etmək cəhdinə cavabdır. Hər dəfə belə hadisə baş verəndə, jurnalist və ya vətəndaş fəalı təqib və ya həbs ediləndə, Azərbaycan ATƏT-in demokratik dəyərlərindən və öz öhdəliklərindən uzaqlaşmış olur. Hakimiyyəti bu avtoritar praktikanı ləğv etməyə və X.İsmayılova ilə yanaşı, digər hüquq müdafiəçilərini, jurnalistləri və vətəndaş fəallarını azad etməyə çağırıram”.
Digər Avropa təşkilatlarının da bəyanatları var. Demək olar ki, nüfuzlu hüquq təşkilatlarının əksəriyyəti X.İsmayıla verilmiş hökmü pislədilər.
Hazırda Azərbaycan həbsxanalarında kifayət qədər adlarını çəkə biləcəyimiz siyasi məhbus olan jurnalistlər var. Tofiq Yaqublu, Seymur Həzi, Hilal Məmmədov, Pərviz Həşimli və son olaraq da, Xədicə İsmayıl bu silsilədəndir.
X.İsmayıla verilən ağır cəza ilə onun jurnalistik fəaliyyətindən çox qadın olması önə çəkildi. Bir ay ərzində Leyla Yunusun ardınca ikinci qadındır, Azərbaycan məhkəmələri tərəfindən sərt cəza alan…
 
Politoloq Natiq Miri cinsiyyət məsələsinin Qərb dünyası üçün önəmli olmadığını hesab edir: “ Müsəlman dünyası üçün də bu məsələ xüsusi önəm daşımamalıdır. Hesab edirəm ki, bütün məsələlər şəxsiyyətlər üzərindən qurulmalıdır. Bu baxımdan hüquq qarşısında kişi və qadın eyni məsuliyyət daşıyır. Ona görə də, Xədicə İsmayılın qadın olduğu üçün hakimiyyətin ciddi təzyiqlərə məruz qalacağını düşünmürəm. Amma jurnalistik fəaliyyətinə görə, müəyyən bəyanatlar səsləndirilir. Bundan irəli heç nə görmürük. Xarici təşkilatların bəyanatları hakimiyyət üçün heç bir əhəmiyyət daşımır. Sadəcə olaraq, qulaqardına verilir.
Bu bəyanatların sayı sadəcə artmaqla müşahidə olunur. Təzyiqlərə qarşı da hakimiyyət susqun görünür. Bu gün Amerika ilə danışıqlarda da Xədicə İsmayılın fonunda siyasi məhbusların azadlığa buraxılmaları müzakirə obyekti deyil. Qərb strukturları boyunlarına düşən missiyanı yerinə yetirirlər. Ciddi mənada hakimiyyətlə məhbus probleminin həll olunması üçün danışıqlar aparılmır. Əgər belə danışıqlar olsaydı, müəyyən informasiyalar ortada olardı. Bu olmadığı üçün demək danışıqlar getmir. Hakimiyyətin təzyiqlərə reaksiya verməməsi ilə bağlı deyil. Bu insanlar unudulub, taleyin hökmünə buraxılıblar. Qərbdən hələ də ”Ağ atlı oğlan”nın gəlməsini gözləmək cəmiyyət və demokratik düşərgə üçün ən yanlış seçimdir. Çünki, toplumun özü dəyişikliyə rəvac verməlidir. Toplum dəyişmədikcə, mənə elə gəlir ki, ölkədə bu yöndə heç bir dəyişiklik olmayacaq. İndiki situasiya hakimiyyətin tam nəzarəti altındadır. Vəziyyətlə hakimiyyət də tamamilə razıdır. Müəyyən problemlər ola bilər. Hüququ mənada əhalinin bu şəkildə idarə olunması hakimiyyət üçün tam sərfəlidir. Əziyyət çəkən sadəcə cəmiyyətdir. Ölkədə heç nə dəyişmədikcə, Xədicələrin sayı getdikcə artacaq”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın